Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

"Ayı kababı Kremli təşvişə salıb"


AYI KABABI KREMLİ TƏŞVİŞƏ SALIB

«Azərbaycanlı oliqarx oğlunun bir işarəsi Moskvanı Ermənistanın qucağına atdı». Azqoskomediya belə yazır və öz ironiyasından qalmır:

«Avqustun 20-də Yerevanda Ermənistan və Rusiya arasında iki ölkənin prezidentlərinin imzaladığı hərbi müdafiə paktının pərdəarxası məqamları yavaş-yavaş aşkara çıxır.

AzQosKomediyanın adının çəkilməsini istəməyən Kremlə yaxın mənbədən aldığı məlumata görə, rəsmi Moskvanı Ermənistanın qucağına atan bu müqavilənin arxasında məşhur «ayı kababının» Rusiyanın hakim dairələrində yaratdığı rezonans dayanır.

Xatırladaq ki, hələ iyulun 2-də «Azadlıq» qəzetinin yaydığı məlumata görə, azərbaycanlı bir oliqarx oğlu digər bir oliqarxa məxsus ayını kabab etdirərək yemişdi. İlk baxışdan dəliqanlı hərəkəti kimi görünən bu hadisə bir çox politoloqların fikrincə öncədən planlaşdırılmış və Rusiyaya ünvanlanmış incə bir jest idi...».

MSK YALNIZ MƏZAHİR PƏNAHOVDAN İBARƏTDİR?

Anar Məmmədli bir neçə gün əvvəl ATƏT-in Bakıda seçkilərlə bağlı keçirdiyi tədbirindən öz qeydlərini bölüşüb:

«Azərbaycanı tanımayanlara elə gələ bilərdi ki, İTV, AzTV və Teleradio Yayım Şurası nümayəndələri Azərbaycandan deyil, Estoniya ya da Slovakiyadan bəhs edirlər; MSK sədri çıxışından sonra cəmi 1 suala cavab verib salonu tərk etdi və xeyli sualların yaranmasına rəvac verdi;

görəsən MSK yalnız Məzahir Pənahovdan ibarətdir? Doğrudanmı bu qurumun dünənki tədbirində Pənahovu təmsil edəcək başqa vəzifəli şəxsi yoxdur?

Prezident Aparatının şöbə müdiri, cənab Əli Həsənova görə, Azərbaycan dövlətini hansısa beynəlxalq təşkilatın hesabatı narahat etmir; əcəba o zaman ATƏT və Avropa Şurası nədən 7 noyabrda keçiriləcək seçkiləri müşahidə etməyə hazırlaşır?

Axı, onların hesabatları Azərbaycan «dövlətçiliyinə» gərək deyil...Nədən bizim hakimiyyət nümayəndələri bütün tədbir boyu qaldırılan problemlərin mövcudluğunu inkar etməklə məşğul idilər? Bəs onda bu tədbir nədən ötrü keçirilirdi».

«ADNAN HACIZADƏ JURNALİSTDİR»


Rövşən Əliyev
öz bloqunda belə yazır. O hesab edir ki, əgər jurnalistin işi ətrafdakı hadisələri, problem və ictimai maraq doğuran məlumatları çatdırmaqdırsa, onda həbsdəki gənc Adnan Hacızadə də jurnalist adlandırılmalıdır:

«Azərbaycandakı hadisələr, problemlər haqqında sənədli kadrlar çəkib yayırdı (Eşşək idxalı haqqında videonu demirəm). İndustrial medianın imkanları onda olmadığı üçün reportyor, redaktor, prodüser, operator və sair kimi bir xeyli jurnalist funksiyasını öz üstünə götürmüşdü.

Dünyada belə bir qayda yoxdur ki, tutalım industrial mediada çalışan jurnalist sayılsın, amma sosial mediada işləyən, yaxud ştatdankənar (freelancer), fərdi çalışan (self-employed) jurnalist sayılmasın.

Adnan Hacızadə
Bir də ki, Azərbaycanda industrial media ilə həvəskar media arasında peşəkarlıq, hətta bəzən resurslar baxımından elə də böyük bir fərq olmur. Buna görə Adnanı jurnalist yox, blogger adlandıranları başa düşə bilmirəm».

PREZİDENTİN ÇAĞIRIŞINA QOŞULURAM!

«Cənab prezident, əgər sizin də vətənpərvərlik anlayışınız budursa, mən sizin çağırışınızı tam dəstəkləyirəm!». Natiq Cəfərli bu günlərdə təqdimatı keçirilən «İ.Əliyev: «Mən jurnalistləri vətənpərvərliyə çağırıram» kitabına öz münasibətini bildirib:

«Çox gözəl sözlərdir, mən də bu çağırışa qoşuluram və bütün jurnalist dostlarımı, həmkarlarımı prezidentin bu sözlərinə əməl etməyə çağırıram. Gəlin vətənpərvərlik naminə, iqtidarın fiaskoya uğramış xarici siyasətindən yazaq! Gəlin vətənpərvərlik naminə, iqtidarın içinə yuvarlandığı rüşvətxorluq, korrupsiya, yolsuzluq problemlərini hər gün gündəmə daşıyaq!

Gəlin vətənpərvərlik naminə saxtalaşdırılmış seçkilərdən, oğurlanmış səslərdən, bərabər olmayan seçki rəqabətindən yazaq! Gəlin vətənpərvərlik naminə, bu hökumətin etdiyi səhvləri, yanlışlıqları yazılarımızda onların üzlərinə-gözlərinə bulaşdıraq! Gəlin vətənpərvərlik naminə, Qarabağın unudulmasından, təhsilin və səhiyyənin səviyyəsinin bilərəkdən aşağı salınmasından danışaq! Gəlin vətənpərvərlik naminə, azad sözü müdafiə edək! Cənab prezident, əgər sizin də vətənpərvərlik anlayışınız budursa, mən sizin çağırışınızı tam dəstəkləyirəm!».

Firudin Allahverdi sual edir ki, türk olmaqla fəxr etməkdən mənasız iş varmı, bloqçu öz sualını belə əsaslandırır:

«Axı milli mənsubiyyətimizi biz özümüz seçmirik. Bu, bir təsadüf nəticəsi baş verir. Özünü azərbaycanlı hesab edən ata-ananın yeni doğulmuş uşağını bir italyan ailəyə versək, o uşaq da ömrünün axırınadək İtaliyada yaşasa, o dildə danışıb, mədəniyyətini mənimsəsə, heç bir zaman da ata-anasının kim olmasını bilməsə... onu azərbaycanlı saya bilərikmi?

O zaman özümüz seçmədiyimiz xüsusiyyətə görə fəxr etmək nə qədər doğrudur?...Görəsən təsadüfən türk, ərəb, alman kimin doğulduğumuza görə fəxr etmək daha doğrudur, yoxsa cəmiyyətdə başqalarına qarşı etdiyimiz hərəkətlərə, ya da savadımıza, biliyimizə və bacarıqlarımıza görə qazandığımız müsbət imiclə?».

GMAIL-DƏN TELEFONA ZƏNG IMKANI

İnformasiya texnologiyaları sahəsində yenilikləri qaçırmayan Veboxu bu dəfə də Gmail–in təklif etdiyi «zəng et» funksiyasından yazır:

«Azercell üçün zəng edib yoxladım. İşləyir. Telefona Call başlığı altında gəlir. Götürdükdə isə 1 saniyə içində kəsilir. Danışa bilmək üçün gərək hesabda pul olsun. Beləlikdə Google Voice rəsmi olaraq Gmailə inteqrasiya oldu. Əgər bu zənglər normal istifadə edilən GSM tariflərindən ucuz olsa çox şey dəyişə bilər. Hələ ki tarifləri müqayisə edib dəqiq bir söz deyə bilmirəm.

Ancaq hesab edirəm ki, ucuz ola bilər. Belə olduğu halda qəşəng bir Android telefon və zənglər üçün Gmail — Google Voice sistemi. Çox gözəl alət olar».

ELÇİBƏYSİZ 10 İL


Elçibəysiz 10 il
Passat
öz bloquna Ramiz Rövşənin Elçibəyə həsr etdiyi şeirini yerləşdirib:

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?!

Silərsən gözündən axan yaşları,
Öpüb-əzizlərsən sən o daşları.
Deyərsən: «Sağ olun, Qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!»
XS
SM
MD
LG