Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:58

Mərkəzi Kəşfiyyat idarəsinin məxfi sənədi internetdə


Məxfi məlumatların dərci ilə bütün dünyanın diqqətini özünə cəlb edən Wikileak saytında yeni sənəd yerləşdirilib.

Bu dəfə söhbət terror haqqında ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin hazırladığı hesabatdan gedir.

3 səhifəlik sənəd Amerika vətəndaşlarının xarici ölkələrdə terror əməliyyatına cəlb olunması ilə bağlı ehtimallardan ibarətdir.

2 fevral 2010-cu il tarixli bu sənədin adı belədir: “Xarici ölkələr ABŞ-ı terror ixracatçısı kimi qiymətləndirsə, nə baş verə bilər”

MKİ artıq sənədin həqiqi olduğunu təsdiq edib. CNN-ə verdiyi müsahibədə MKİ təmsilçisi George Little (Corc Litl) bildirib:

- Belə analitik məlumatların hazırlanması müxtəlif baxışların və mülahizələrin bir yerə toplanması üçün həyata keçirilir.

Amerika rəsmiləri sənədin məzmununda qeyri-adi heç nə görməsələr də, “məxfilik” statusuna malik məlumatların sızmasından narahatlıq ifadə edirlər.

Bundan əvvəl Wikileak Əfqanıstandakı hərbi əməliyyatlarla bağlı Pentaqonun 70 min məxfi sənədini dərc etmişdi.

ABŞ müdafiə nazirliyi tələb edir ki, Wikileak bu sənədləri internetdən pozsun. Amerikanın hərbçilərinin fikrincə, məlumatların açıqlanması fərdlərin həyatını birbaşa təhlükə altına salır.

Wikileak saytının yaradıcısı, Avstraliyalı Julian Assagne (Culian Əssayn) bu iddiaları rədd edir. Deyir ki, internetə yerləşdirilməzdən əvvəl, kiminsə həyatına təhlükə yaradacaq detallar gizlədilir. Onun fikrincə məlumatların dərc olunması ictimaiyyətdə mühariənin təbiəti haqda real təsəvvür yaratmağa xidmət edir.

Ötən həftə J.Assagne gözlənilməz ittihamlarla da rastlaşdı. İsveçin istintaq orqanları onu cinsi zorakılıqda günahlandırdıqlarını elan etdilər. Bir gün sonra bu iddialarını geri götürüb, indi də mənəvi təzyiq göstərməkdə ittiham edilər.

Al-Jazeera kanalına müsahibəsində Wikileakin yaradıcısı bu ittihamların jurnalist fəaliyyəti ilə bağlı ona göstərilən təzyiqlərin bir hissəsi kimi qiymətləndirir.
XS
SM
MD
LG