Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 17:34

Qadınlar güllələnmə istəyiblər


Sovet dövrünün repressiya dövründə bəzən Azərbaycan qadınları da ölüm hökmü tələblərilə çıxış ediblər. Bu tələblərdən birinin yer aldığı məqalələrdən biri 1937 –ci il 27 oktyabrda «Gənc İşçi» qəzetində yer alıb.

«Sovet qadınları vəhşi itlərə ölüm tələb edirlər»

«Dünən Əli Bayramov adına tikiş fabrikasında işçilərin və qulluqçuların, Şamaxı rayonu qontrrevolusion, üsyançı, şpion, terrorçu, diversiyaçı – ziyançı burjua, nasionalist təşkilatının mühakiməsinin başlanmasına həsr olunmuş geniş mitinqi olmuşdur. Budur çıxış edən işçi qadın Abbasova belə deyir:

«Biz, fabrikanın 1200 nəfər Stalin konstitusiyası ilə fəxr edən, Stalinin rəhbərliyi ilə artan əməkçi qadınları şən həyatımızı yaslara çevirməyə çalışan Həmid Sultanov, Xəlfə Hüseynov, İsrafil İbrahimov və başqaları kimi murdar faşist köpəklərini ifşa etməkdə bolşevik şücaəti və cəsarətini göstərmiş, Xalq Daxili işlər Qomissarlığına və onun rəhbəri Yezov yoldaşa təşəkkür edirik».

«Güllələnməyə məhkum edilsinlər»

Abbasovadan sonra çıxış edən Hüseynova, Maraxovskaya, Qaryan, Rəhimova, Bibayeva, Ananyan və başqaları Lenin – Stalin partiyasına hədsiz sədaqətlərini bir daha bildirmiş və yaxında keçiriləcək sovet seçkilərində daha sayıq olaraq mənfur alçaqları axıradək ifşa və darmadağın edəcəklərinə möhkəm söz vermişlər.

Çıxışda olan işçi qadın, qomsomolka Onkina demişdir:

«Mitinq vəhşi faşist itlərinin ali cəzaya, güllələnməyə məhkum edilməsini tələb edən qətnamə qəbul etmişdir».
XS
SM
MD
LG