Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Ərşad Məhərrəmli "Məni bu şəhərdə tapa bilməzsən"


Çarəsizlik

Qapıların arasında barmaqlarım qalanda
Ağlayardım uşaqlıqda
Səs-küyümə hamı mənim yığılardı başıma
Qucaqlayıb öpərdilər
Ovundurmaq istərdilər
Hərə bir cür, bir yol ilə
İndi isə böyümüşəm, ilahi.

Barmaqlarım qalmasa da qapıların arasında
Özüm qalmışam, yerlə göyün arasında
Ağlayanda göz yaşımı silən də yox,
Qucaqlayıb öpən də …..


Mənim Ulduzum

Bilmirəm hardasan mənim ulduzum,
Gərək nişan qoyum itirsən tez-tez.
Hamının ulduzu yanıb parlayır
Mənim ulduzumdan yox hələ bir iz.

Bəlkə də bu ulduz heç mənim deyil
Yapışıb özgənin bəxt ulduzundan
Yapışıb özgənin səhvən qızından
Özümə bir ulduz düzəltmişəm mən
Özümdə bilmirəm neyləmişəm mən
Sən demə doğurdan dəliymişəm mən
Ulduzlar göylərdə olurmuş demə
Bəs yerdə olanlar nəymiş ilahi?!

Mən elə bilirdim ulduzlar yerdə
İlahi, sən özün məni bağışla
Göydəki ulduzu ver özgəsinə
Nə olar yerdəkin mənə bağışla
Nəyimə gərəkdir göydəki ulduz
Söndür bir ocağı söndürən kimi
Mənim ulduzumdur yerdəki bu qız
İlahi, sən onu mənə bağışla
İlahi, nə olar məni bağışla...


Məni bu şəhərdə tapa bilməzsən

Çoxdan ilim-ilim itmişəm, ay qız,
Məni bu şəhərdə tapa bilməzsən.
Gözlərin nə qədər iti də görsə
Mikroskop olsa da yenə görməzsən.

Məni bu şəhərdə axtaran qadın
Məni bu şəhərdə tapa bilməzsən...
Lap sənin yanında olsam da yenə,
Lap belə bir yerdə otursaq da biz.

Lap belə kirpiktək girsəm gözünə
Qol-qola bulvarı gəzsək ikimiz.
Naharı oturub bir yerdə yesək
Biri-birimizə tərif də söyləsək
Məni bu şəhərdə axtaran qadın
Məni bu şəhərdə tapa bilməzsən...
Məni duymaq üçün səndə yox ürək
Məni görmək üçün göz nəyə gərək?!

Məni bu şəhərdə axtaran qadın
Bu əyri küçələr səni azdırar,
İtərsən adamlar çox olan yerdə.
Hamı gözlərinə bir eynək taxar
Eynəksiz qalarsan təkcə şəhərdə.

Məni bu şəhərdə axtaran qadın
Axtara - axtara özün itərsən
İtsən bəlkə məni tapa bilərsən
Mənimlə üz-üzə oturan qadın
Məni bu şəhərdə tapa bilməzsən...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG