Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 06:04

«ZQAN» Holdinqin qarşısında növbəti aksiya


Sahibkarlar «ZQAN» Holdinqin qarşısında
Sahibkarlar «ZQAN» Holdinqin qarşısında
«Oturaq, sakit aksiya keçirirdik. Gecə saat 2-yə 10 dəqiqə işləmiş «ZQAN» Holdinqin qarşısında Bakıda daha polis qalmadı tökdülər üstümüzə. Haqqımızı tələb etməyi qadağan elədilər ki, bir də «ZQAN»ın qabağına çıxmayasınız».

Hüquqlarının pozulduğunu deyən bir qrup sahibkar avqustun 16-da «ZQAN» Holdinqin qarşısında növbəti dinc aksiya keçirib. Metronun «28 May» stansiyası qarşısında yeraltı ticarət mərkəzində köşkləri əllərindən alınan sahibkarlara səhər saatlarında bir söz deyilməsə də, gecədən bir qədər keçmiş aksiyanı davam etdirməyə imkan verilməyib. Polis aksiya iştirakçılarını Nəsimi rayonunun 21-ci polis bölməsinə aparıb.

Sahibkarlardan, 1-ci qrup əlil Vahid Əliyev deyir ki, səhər saat 11-dən başladıqları oturaq aksiyanı səhərədək davam etmək niyyətindəymişlər:

BİZƏ TƏZYİQ GÖSTƏRİLDİ


«Amma polis tərəfindən bizə təzyiq göstərildi, bizi ordan yığışdırdılar, apardılar 21-ci polis bölməsinə, qanuni sənədlərimizi göstərdik ki, bizim mağazaların sənədləri var. «ZQAN» Holdinq bizim mağazaları 50-70 min arasında satıb».

Vahid Əliyev deyir ki, polis bölməsinə aparılan sahibkarlara polis hədə-qorxu gəlib ki, guya onlar təzyiqlə «ZQAN» Holdinqdən pul almaq istəyirlər və bu aksiyalara son qoymayacaqları təqdirdə iş adamlarına qarşı cinayət işi qaldırılacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov polisin hərəkətini belə izah edib:

BURADA NƏ VAR?

Ehsan Zahidov
«İcazəsiz aksiya keçirməyə cəhd ediblər, qanunsuz aksiyanın qarşısını da polis alıb. Burada nə var? Döyməyiblər, öldürməyiblər, başqa dövlətlərdə olduğu kimi atın qabağına salıb kötəkləməyiblər. Dəvət ediblər, izahat işi aparılıb, xəbərdarlıq edib buraxıblar».

Metronun «28 May» stansiyasının yaxınlığındakı «Cəfər Cabbarlı» və Akademik Dövlət Dram Teatrının yanındakı «Beşmərtəbə» deyilən keçidlərdə ticarətlə məşğul olan sahibkarlar bundan əvvəl bir neçə dəfə Nəqliyyat Nazirliyinin qarşısında aksiya keçiriblər.

Sahibkarların dediyinə görə, Nəqliyyat Nazirliyinin balansında olan yeraltı ticarət mərkəzi təmirdən çıxandan sonra onlar 10-a yaxın mağazanı icarəyə götürərək işlədib. Amma sonradan mağazalar əlindən alınıb. Sahibkarların iddiasına görə, indi «ZQAN» Holdinqin icarəsində olan mağazaları bazar qiymətlərinə başqa adamlara satmaq istəyirlər.

AKSİYALAR DAVAM EDƏCƏK


1-ci qrup əlil Vahid Əliyev deyir ki, polisin müdaxiləsinə baxmayaraq, onlar hüquqları bərpa olunana qədər aksiyalarını davam etdirəcəklər.

«ZQAN» Holdinqə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik edir.

Bir müddət əvvəl «ZQAN» Holdinq sahibkarlara yeraltı ticarət mərkəzindəki köşklərin quraşdırılacağı və 10 nəfərlə müqavilə bağlanacağını vəd etsə də, bu vədinə əməl etməyib.

Məsələ ilə bağlı «ZQAN» Holdinqin mövqeyini öyrənmək mümkün olmayıb. Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənovun mobil telefonu isə bağlı olduğundan ondan da şərh ala bilmədik.
XS
SM
MD
LG