Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 22:02

Azərbaycanlı alim İrandakı həbsi haqda danışır


Rəşid Əliyev
İki ilə yaxınİranda həbsdə qalan alim Rəşid Əliyev avqustun 12-də səhər saat 11-də Azərbaycana gəlib. Jurnalistlər Beynəlxalq Hava Limanı qarşısında dayanıb onu gözləsələr də, Rəşid Əliyevi onun ailə üzvlərinə belə göstərmədən aeroportdan uzaqlaşdırdılar.

Alimin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Soltan Həmid Məlikov gözləmə salonunda jurnalistlərə bildirdi ki, onu təyyarədən düşən kimi götürüb aparıblar. Hüquq müdafiəçisi bu məlumatı ona hava limanının təhlükəsizlik xidmətinin çatdırdığını dedi.

Rəşid Əliyevlə Azərbaycana gəlməsindən təxminən iki saat sonra telefonla söhbət edə bildik. Məlum oldu ki, təyyarədən düşən kimi onu bəzi sənədləşmə işlərinin aparılması üçün Ədliyyə Nazirliyinə aparıblar.

- Rəşid müəllim, həmişə azadlıqda.

- Sağ olun, mənim sizə böyük minnətdarlığım var. Mətbuat bu məsələni qaldırdı.

- Rəşid müəllim, səhhətiniz necədir?

- Yaxşıdır, təbii ki, zindandan sonra bir az yorğunam, həm səhhətimdə bəzi xırda-para problemlər var. İnşallah mən istəyirəm bir azdan geniş mətbuat konfransı keçirim, onda mən sizi maraqlandıran suallara cavab verərəm.

- Belə məlumatlar var idi ki, guya siz İranda viza rejimini pozmusuz, daha sonra deyilirdi ki, guya Azərbaycana nələrisə, hansısa sirləri ötürmüsüz. Bu ittihamlarla bağlı nə deyə bilərsiniz?

- Məsələ aydınlaşdırıldı. Məni əsasız yerə saxlamışdılar. Mətbuatın rəsmi qurumların və müdafiə komitəsinin məsələni qaldırmasından sonra haqq-ədalət öz yerini tapdı. Mən mətbuata çox-çox minnətdaram.

- Rəşid müəllim, həbsxanada işgəncələrə məruz qalmamısınız ki?

- (Gülür) Bilirsiz mən saxlandığım həbsxana İran ETTELLAT-ın (İran Kəşfiyyat İdarəsi) həbsxanası idi. Orda məhbusların hamısı siyasilər və casuslar idi. Bu baxımdan təbii ki, oranın ab-havası çox ağır idi. Mənim kifayət qədər təcrübəm olduğu üçün o psixoloji təzyiqlərə dözdüm və sağ-salamat qayıtdım. Həddindən artıq şərait ağır idi. İki kvadratmetr yerdə adamı tək saxlayırlar, təsəvvür edin iki ay mən elə bir kamerada qalmışam.

- Bəs sizi İranda harda həbs elədilər?

- Məni iş yerimdə həbs elədilər və dedilər ki, siz casusluqda ittiham olunursuz və bundan sonra məni apardılar ETTELAT-ın zindanına.

- Rəşid müəllim, sizi saxlayandan sonra nə təklif edirdilər, qal İranda işlə, yoxsa nə?

Rəşid Əliyevin yaxınları aeroportda onun gəlişini gözləyirlər, 12 avqust 2010
- Yox, məni ittiham edirdilər ki, sən Azərbaycana casusluq edirsən, mən də etiraz edirdim, deyirdim ki, sizin heç bir sübutunuz, sənədiniz yoxdur mənə qarşı. Qoyun məhkəmə olsun, vəkil tutum, səfirliyin nümayəndəsi gəlsin və onda başa düşərsiniz ki, məni nahaqdan tutmusunuz, mən ancaq sizə xeyir vermişəm. Sonradan hər şey aydınlaşdı və mənim həbsxanada şəraitimi düzəltdilər.

- Məhkəmədə üzünüzə duran oldumu?

- Yox, elə bir adam olmadı. Əksinə işlədiyim şirkətdən məni müdafiə edirdilər. Hətta işlədiyim İran şirkəti hazırlaşırdı ki, 100 min dollarlıq girov müqabilində mənim azadlığa buraxılmağıma nail olsun. Amma məhkəmə bunu qəbul eləmədi.

- İranda həbsdə olduğunuz müddətdə Azərbaycanın İrandakı səfirliyindən sizə baş çəkən, sizinlə görüşən oldumu?

- Əlbəttə. Çox sağ olsunlar. Xüsusilə də orda konsulluğun bir əməkdaşı mənim qayğımı çəkirdi. İki-üç aydan bir gəlirdi, çalışırdılar, ora bura gedirdilər. Çox iş görülüb, xüsusilə də konsulluq.

- Rəşid müəllim sizi İrana niyə, hansı işlə bağlı dəvət eləmişdilər?

- Məni orda lazer texnologiyası ilə məşğul idim.

- Bəs, birdən-birə orda işlədiyiniz müddətdə sizi niyə həbs elədilər, səbəb nə ola bilərdi. Sizi orda saxlamaq istəyirdilər, yoxsa başqa bir məsələ var idi?

- Bu barədə nə isə demək fərziyyə ola bilərdi, yəqin ki nəyin necə olduğu araşdırılacaq. Mən iki gecədir yatmamışam və həm də yenicə evə çatmışam, inşallah, sonra görüşüb söhbət edərik.

- Rəşid müəllim, sonuncu bir sualımı verim. İran fizik üçün, ümumiyyətlə elm adamı üçün işləməli ölkədirmi?

- Mən onu deyim ki, İranda vəziyyət kifayət qədər mürəkkəbdir.

Elə bu sualdan sonra Rəşid Əliyev danışmaq istəmədi.

Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun «Bioloji sistemlər fizikası» laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İranda həbs edilib.

Rəşid Əliyev İranın «Sazan Electronics İndustry Company» şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2 il adıçəkilən şirkətlə əməkdaşlıq edib.

Alim lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham olunurdu.

İran məhkəməsinin qərarı ilə Rəşid Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG