Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:23

«Deputatlıq mənim üçün hədəf deyil»


Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
«Deputatlıq mənim üçün hədəf deyil» Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Partiya lideri bildirib ki, o, deputatlığı kiçik, prezidentliyi isə özü üçün böyük görür.

«Bitkin bir komanda formalaşdırmadığıma görə, cəmiyyətdə məni müdafiə edən güc mərkəzləri olmadığına görə, kifayət qədər xalqa özümü bir dövlət başçısı olacağım təqdirdə edə biləcəklərimlə tanış edə bilmədiyimə görə yəqin prezidentlik mənim üçün çox böyük bir məsuliyyət olar. Deputatlıq mənim üçün o qədər məsuliyyət deyil. Və elə bir hədəf deyil. Ona görə mən deputatlığı başlıca hədəf götürüb siyasət qurmuram. Mən o mənada demişəm ki, deputatlıq mənim üçün kiçik, prezidentlik böyükdür».

Sərdar Cəlaloğlu son vaxtlar müxalifət düşərgəsində baş verənlərə də münasibət bildirib. O AXCP-Müsavat birləşməsinə skeptik yanaşdığından həmin partiyalara mesaj da göndərib:

AXCP-MÜSAVAT BİRLİYİNƏ MESAJ...

«Bu birləşmədə funksionerlərin və liderlərin fərdi maraqları uzlaşdırılmasa, bu birliyin alınacağına mənim ümidim yoxdur. Burda isə fərdi maraqlar o qədər qabara bilər ki, ictimai- ümumi maraqları üstələyə bilər və birlik alınmaya bilər. Buna görə mən AXC rəhbərliyinə, həm də Müsavat rəhbərliyindən olan dostlarıma üz tutub deyirəm ki, öz fərdi maraqlarında çox da ambissiyalı çıxış etməsinlər. Belə olmayacağı təqdirdə mütləq bu birlik alınacaq».

Seçkilərlə bağlı planlarını açıqlayan partiya lideri yeni seçki bloku yaratmaq üçün «Ümid» partiyası ilə danışıqlar apardıqlarını və bir çox partiyalar bu bloka cəlb etmək barədə düşündüklərini deyib. Sərdar Cəlaloğlu, vaxtilə dediyi «iqtidarın elçisi süpürgəçi olsa da, onunla danışıqlara getməyə hazıram» fikrini belə izah edib:

«Mən demişəm ki, iqtidar öz elçisini bir süpürgəçi təyin etsə, mən o süpürgəçi ilə danışığa gedərəm. Sonradan bunu başqa cür dəyərləndiriblər. Bu gün elə süpürgəçi var ki, onlar dövlətin, xalqın taleyini o özünü böyük-böyük şəxsiyyət hesab edən adamlardan daha çox düşünür. Elə bir süpürgəçi ilə nəinki danışıq aparmaq, onunla bir yerdə olmaq insana şərəf gətirər».

XS
SM
MD
LG