Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə ləğv edilib


Prezident İlham Əliyev məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında fərman imzalayıb.

AzərTAc-ın məlumatına görə, məhkəmə quruluşunu təkmilləşdirmək məqsədilə imzalanan fərmanda Azərbaycan məhkəmə sisteminə daxil olan hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilib. Fərmanın digər bəndlərində bildirilir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi, Lənkəran Hərbi Məhkəməsi və Sumqayıt Hərbi Məhkəməsi ləğv edilsin və Cəlilabad şəhərində Cəlilabad Hərbi Məhkəməsi təşkil edilsin;

Bəzi məhkəmələrin adlarının dəyişdirilməsi qeyd olunur: Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsi, Dəvəçi Rayon Məhkəməsi və Füzuli-Qubadlı Hərbi Məhkəməsi müvafiq olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Şabran Rayon Məhkəməsi və Füzuli Hərbi Məhkəməsi adlandırılsınlar.

Fərmanda daha sonra deyilir ki, Nazirlər Kabineti fərmandan irəli gələn məsələlərlə bağlı xərclərin 2011-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Fərman 2011-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
XS
SM
MD
LG