Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 06:44

Araz Gündüz "Keçmişimə gülməyimə nə yazıq"


Dərs otağına girib sinif jurnalını açdım, öyrəncilərin adını oxumağa başladım...

- Şeti Bayram oğlu – deyib duruxdum, bu nə bayağı addır, deyə bir anlıq düşündüm, sonra ayaq üstə dayanıb, mənim “otur” deməyimi gözləyən yeniyetməyə baxdım.

Yoxsul geyinmiş, durumdan sıxıldığı duyulan oğlan uşağı idi. “Otur” – dedim, ancaq adların ardını oxumayıb jurnalı qapadım.

Öyrəncəm (adətim) üzrə otaqda var-gəl edib düşüncələrə daldım:

”Bu nə düşük addır belə qoyublar uşağa, bizim içimizdəki bu anlamazlıqlar haçağacan sürəcək? İndi bu yazıq uşaq ömrü boyu adından utana-utana yaşayacaq!”

Birdən yadıma düşdü ki, bizim ilçədə (rayonda) Şötüylü deyilən bir kənd də var axı.

Bir də yadıma qonşumuz İspar düşdü, yazığın adını başına qaxınc eləmişdilər, az-maz rusca bilənlər ona “ispor” yəni “sözgüləşdirməsi” də deyirdilər, bir az oxumuşlar “spor” (göbələkdə olan), lap utanmazları da vardı ki, ona (üzünə yox, arxasınca) “sperma” deyirdilər...

Bax beləcə, mənim aradabir sözlərə vas-vası yanaşıb qanımı qaraltmağım da olurdu, neynim ki, bu özümdən asılı deyildi.

İlk gəncliyimdə eşidib, uzun iliər boyunca anlaya bilmədiyim bir söz də vardı:”sinə daşı”... Hamınızın özündən, içkinlərindən iraq, ölü basdırma törənində eşitmişdim bu sözü.

Ölən adamı qəbirə quylayıb üstünü torpaqlayır, qəbirin torpaqla dolmasına az qalmış: hə indi də sinə daşını qoyun deyib, qəbrin baş ucuna ya böyük bir daşı, daş tapılmayanda iri bir taxta parçasını qoyub yerini bərkidir, sonra qəbri torpaqla doldururdular.

Mən isə düşünürdüm ki, axı ölənin başı üstdən qoyulan bu daşa niyə “sinə daşı” deyirlər görəsən?! Soruşmağa utanırdım, özüm də baş çatladıb bir yana çıxara bilmirdim.

Aylar-illər ötüşdü, gün o gün oldu ki, iyrənc sovet quruluşu dağıldı, türk varlığımızı duymağa qoyulmuş yasaqlar aradan getdi, Türk tarixini açıqlayan kitablar üzə çıxdı.

Nə başınızı ağrıdım, indi oxuyub görürəm ki, az qala iki min il bundan qabaq Şeti xaqan varmış, Işbara xaqan (İspar adı ondan yaranıb) varmış, bunlar böyük Türk xaqanları imişlər!

Sən demə lağa qoyub güldüyümüz bu adların o çağkı yiyələrinin önündə Türkün yağıları tir-tir əsirmiş, baş əyib aman diləyirmişlər...

Qaldı ki “sinə daşı”, sən demə bu söz əski türklərdə “sin daşı”, yəni qəbir daşı anlamında işlənirmiş: Şeti xaqanın sin daşı, Işbara Şunişi xaqanın sin daşı h. b. k.(habelə bunun kimi, yəni və sairə).

Yediyim canıma sindi demək, yediyim gödənimə düşdü--endi demək; Sinə-sinə gəlir demək, aşağı əyilib-gizlənib gəlir deməkmiş...

Nə yazıq ki, indi öyrəncim olmuş Şetinin haralarda olduğunu bilmirəm, onu tapsam deyərdim ki, oğlum, yetər adından utandığın, öyün ki, sənin adın Azərbaycan türkünün soyunu-kökünü, yaşını öyrənməyə yarayır.

İşdir birdən Şeti qarşınıza çıxsa, mənim bu sözlərimi ona yetirin barı.

Adı anılası (yəni rəhmətlik) qonşumuz İspar isə çoxdan ölüb, oğlanları sağ olsunlar, sininin üstünə adına yaraşan bir sin daşı yondurub qoyublar...

3-4 avqust 2010-cu il.
XS
SM
MD
LG