Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

Eynulla Fətullayevin apelyasiya şikayəti hakim icraatına verilib


Jurnalist Eynulla Fətullayevin Qaradağ rayon məhkəməsinin çıxardığı hökmündən apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun icraatına verilib. Bu barədə AzadlıqRadiosuna Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.

Apelyasiya şikayətində Eynulla Fətullayevə bəraət verilməsi və ona dəymiş ziyana görə kompensasiya ödənilməsi tələb olunur.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist 2010-cu il iyulun 6-da Qaradağ rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi onun dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına müraciət edib.
XS
SM
MD
LG