Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:57

Kosovo məsələsi ən çox Gürcüstana təhlükə törədir


Azadlıq Radiosunun Brüsseldəki müxbiri Ahto Lobyakas öncə - BMT-nin Haaqa Məhkəməsinin Kosovo haqda çıxardığı qərara Avropa qəzetlərinin reaksiyasını xatırladır.

Fransanın “Fiqaro” qəzeti yazır ki, məhkəmənin Kosovo ilə bağlı qərarı Avropadakı status-kvoya, sərhədlərin toxunulmazlığı statusuna problem yarada bilər.

Bir çox müşahidəçilərin yekdil rəyinə görə, yeni situasiyada Kosovo qlobal separatizm aysberqinin suyun üzündə görünən hissəsinə bənzəyir.

Məhkəmənin qərarı başqa separatçıları da ruhlandıra bilər.

Almaniyanın “Die Welt” qəzeti isə məhkəmənin qərarından sonra sualı belə qoyub:

NÖVBƏTİ KİMDİR?

Qəzet separatizm problemi olan bölgələrin xəritələrini də dərc edib: Şimali Kipr, Dnestryanı, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya...

“Financial Times Deutschland” isə bir az da irəli gedərək İspaniyanın Kataloniya bölgəsini, Qrenlandiyanı, Çeçenistan və Tibeti də bu sırada yada salır.

Göründüyü kimi adı çəkilən ərazilər arasında Avropa Birliyinin üzvü də var, BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan iki dövlət də.

Haaqa Məhkəməsinin qərarında deyilir ki, hansısa bölgənin öz müstəqilliyini elan etməsi beynəlxalq konvensiyalara zidd deyil, çünki bunu qadağan edən konvensiya yoxdur.

Serbiya parlamenti BMT-nin Haaqa Məhkəməsinin qərarını rədd etdi
Belə çıxır ki, hansısa separatçı bölgə əvvəllər daxil olduğu ölkənin icazəsi olmadan belə bir addım ata bilər.

Kosovo məsələsinin kökü Bleyr doktrinasına gedib çıxır.

Britaniyanın keçmiş baş naziri Bleyrlə bağlı olsa da, həmin doktrinanın hazırlanmasında keçmiş Amerika prezidentləri Corc Buş və Bil Klintonun da rolu olub. 1990-cu illərin sonunda meydana çıxan doktrinaya görə, beynəlxalq ictimaiyyət suveren dövlətə hərbi müdaxilə edə bilər. O dövlətlərə ki, onların əhalisinə yerli hökumətin fəaliyyəti, yaxud fəaliyyətsizliyi nəticəsində ziyan dəyib.

Amma təcrübədə bu doktrina hamıya münasibətdə yox, ayrı-ayrı seçmə hallarda tətbiq edilib. 1999-cu ildə NATO BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan Kosovoya müdaxilə etdi. Buna Serbiya qüvvələrinin minlərlə Kosovo albanını qətlə yetirməsi səbəb olmuşdu.

Bu məsələdə NATO o məntiqdən çıxış edirdi ki, Belqrad Kosovoya iddia etmək hüququnu mənəvi cəhətdən itirib.

Bundan sonra BMT-nin Təhlükəsizlik Şurası qətnamə qəbul edərək Yuqoslaviyanın ərazi bütövlüyünü təsdiqləsə də, münaqişə bölgəsində beynəlxalq qüvvələrin yerləşdirilməsinə şərait yaratmışdı.

Bu, müvəqqəti hal kimi nəzərdə tutulmuşdu, amma

10 İLDƏN SONRA BMT-NİN ELÇİSİ KOSOVOYA MÜSTƏQİLLİK İSTƏDİ

Belə çıxdı ki, mənəvi haqqın itirilməsi əraziylə bağlı hüquqların da itirilməsinə gətirib çıxardı.

Lobyakas bildirir ki, Kosovo ilə bağlı hay-küy yox olandan sonra ortada qalan bu olacaq.

Belə çıxır ki, separatçı bölgənin əvvəlki statusu, bölgənin əhali tərkibi - bütün bunlar ikinci dərəcəli şeylərdir.

Ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək haqda iki abstrakt prinsip arasında ziddiyyətin də buraya dəxli yoxdur.

Abxaziyanın silahlı qüvvələri
Kosovo presidentinin ən zəif tərəfi odur ki, burada separatçı bölgənin arxasında duran qüvvələrin istəyi nəzərə alınır. Kosovonun müstəqilliyini Amerika və Avropa Birliyinin əksər ölkələri dəstəkləyir.

Bu mənada Kosovo presidenti ən çox Abxaziya və Cənubi Osetiya ilə bağlı olaraq Gürcüstana təhlükə yaradır. Çünki həmin separatçı bölgələri Rusiya və bir neçə başqa dövlət tanıyıb.

Amma Ahto Lobyakas onu da istisna etmir ki, Kosovo məsələsi bəlkə də qlobal miqyasda mənfi nəticələri olmadan ötüşdü.

Çünki Avropa Birliyinin aparıcı ölkələri Kosovonu həm də o niyyətlə tanıyıblar ki, sonradan həm Kosovonu, həm də Serbiyanı Avropa Birliynə qəbul etsinlər.

Ola bilər ki, bu məsələ tez həllini tapsın və Kosovo presidenti başqa separatçılar üçün effektini itirmiş olsun.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG