Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:48

«Adnan Hacızadənin cəzaçəkmə yerinə göndərilməsi qanunsuzdur»


İsaxan Aşurov
İsaxan Aşurov
«Adnan Hacızadənin iki ay müddətinə Bakı İstintaq Təcridxanasında saxlanması ilə bağlı hakimin qərarının olmasına baxmayaraq, Qaradağ rayon məhkəməsindəki prosesdən sonra o 14 saylı cəzaçəkmə yerinə göndərilib».

Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyir ki, bu, qanunsuzdur, ona görə də apelyasiya şikayəti verəcəklər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, bu, qanunsuz addım deyil:

«Məhkumun iki ay müddətinə istintaq təcridxanasına göndərilməsi barədə hakimin qərar çıxarması məhkəmədən əvvəl olan məsələdir. Bir qayda olaraq məhbus müəyyən müddətə istintaq təcridxanasına etap olunur. İşinə məhkəmədə baxılandan sonra o yenidən cəzaçəkmə müəssisəsinə qaytarılır.

Hakimin qərarı məhkumun cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilməsi üçün qanuni əsasdır. Məhkumun iki ay ərzində istintaq təcridxanasında qalması mütləq deyil. Bu işdə də məhkəmə olub və qərar qəbul olunandan sonra o yenidən cəzaçəkmə müəssisənə qaytarılıb».

İyulun 26-da Qaradağ rayon Məhkəməsində həbsdə olan bloqçu Adnan Hacızadənin ərizəsinə baxılıb. Müdafiə tərəfi onun cəzasının tən yarısını çəkməsinə əsaslanaraq şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi.

Məhkəmə ərizəni təmin etməyib.

Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb.

Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.
XS
SM
MD
LG