Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Feridun Andaç: "Azərbaycanda iqtidardan faydalanıb özünə taxt-tac quran yazarların hegemonluğu davam edir"


Tanınmış Türk yazarı Firidun Andaçın Azadlıq Radiosunun “Oxu zalı”na müsahibəsi. Onunla radiomuzun İstanbul müxbiri Mais Əlizadə söhbətləşib.

M.Ə. Siz 1991-də Azərbaycana gəlmişdiniz. Bakıda hansı mənzərə ilə qarşılaşdınız?

F.A. O vaxt mən Turançılıq yox, “Asiya toplumları” məfhumuna önəm verirdim. Bu barədə düşünərkən və yazarkən Latın Amerikasındakı prosesləri yaxından öyrənirdim. Latın Amerikasındakı ziyalıların mövqeyi mənə çox təsir edirdi.

Karlos Fuentesin fikirlərini çox bəyənirəm. Bakıya gəlməzdən əvvəl bir konfransdakı çıxışımda demişdim ki, “Avrasiya ədəbiyyatı” məfhumu necə olardı?

Bakıda Lenin ordeni alan bir şairin sinəsində MHP nişanını da görəndə və ya cibində kommunist partiyasının bileti olub Türkiyədəki milliyyətçiləri tərifləyən yazar-şairləri görəndə bir çox şeyin bir-birinə qarışdığını hiss etmişdim.

O dövrdə tanıdığım yazarlardan sonra gələn nəsillər barədə biz Türkiyədə lazımi bilgiləri ala bilmirik. Azərbaycan qapalı cəmiyyət olmaqdan xilas olsa da, orda iqtidardan faydalanaraq özünə taxt-tac quran yazarların hegemonluğu davam edir.
Fuentes bir yazısında deyir ki, Latın Amerikası ədəbiyyatı məfhumu mövcud olsa da, mən bunu qəbul edə bilmərəm.

Çünki Meksika ilə Kolumbiya və Qvatemala ispan dilindən müştərək şəkildə istifadə etsələr də, bu ölkələrin tarixləri fərqlidir, iqtisadi sistemləri fərqlidir.

Ona görə də Latın Amerikası ədəbiyyatından bəhs etmək düzgün deyildir.

Mənim çıxış etdiyim o konfransda sinxron tərcümə edilməsini desəm də, bu, mümkün olmadı.

Çünki qazax, qırğız, özbək, türkmən dilləri gündəliyə gələndə biz özümüzə Azərbaycandan yaxın olanını görmürük.

O vaxt Turançı yazarlar demişdilər ki, biz onların hamısını anlamağa çalışmalıyıq.

Bu qədər radikal bir baxışla o toplumları tanıya bilmərik. Mən Bakıda sosializmdən qalma yaxşı infrastruktura görmüşdüm. Ancaq cəmiyyətdəki cılızlaşma da gözümdən qaçmamışdı.

M.Ə. Bu prosesdə ziyalıların “günahı” nə idi?

F.A. Mən orada ziyalıların öz arxalarını sistemə və ya iqtidara söykədiyini gördüm.

Kapitalist sistemlərdə də belədir: əgər jurnalist, yazıçı, şair, bəstəkar, rəssam iqtidardan faydalanmağa çalışırsa, reflekslərinin bir çoxunu itirir. Onların yazdığı şeylər cəmiyyəti maraqlandıran məsələlərdən çox uzaqda qalır.

İndi Türkiyədə bu proses yaşanır. Azərbaycan Anadolu türklərindən daha əvvəl latın əlifbasını qəbul etmişdi. Şərqdə ilk cümhuriyyət Azərbaycanda elan edilmişdi.

Ancaq rus dilinin və mədəniyyətinin təsiri altında meydana çıxan cılızlaşmanı mən hər addımda görürdüm.

Bakıda Lenin ordeni alan bir şairin sinəsində MHP nişanını da görəndə və ya cibində kommunist partiyasının bileti olub Türkiyədəki milliyyətçiləri tərifləyən yazar-şairləri görəndə bir çox şeyin bir-birinə qarışdığını hiss etmişdim.

O vaxt azərbaycanlı ziyalıların öz mövqelərini vaxt keçdikcə müəyyənləşdirəcəklərini düşünmüşdüm. Ancaq təəssüf ki, bu baş vermədi.

O dövrdə tanıdığım yazarlardan sonra gələn nəsillər barədə biz Türkiyədə lazımi bilgiləri ala bilmirik.

Azərbaycan qapalı cəmiyyət olmaqdan xilas olsa da, orda iqtidardan faydalanaraq özünə taxt-tac quran yazarların hegemonluğu davam edir. Azərbaycan da çox asanlıqla qlobal hegemonluğun ov sahəsinə girdi.

Burada neftin gücü və o gücə sahib olan beynəlxalq hegemoniyanın siyasi iqtidarı formalaşdırması var.

Bunun qabağında müxalif mövqe nümayiş etdirməsi lazım olan ziyalıların səsinin batırılması var.

Oradakı müxalif səslərin bizə çatması üçün lazım olan kanalların əvvəl-axır açılacağına inanıram. Mən bunun üçün bir antologiya hazırlamaq istəyirdim: “Müasir Azərbaycan hekayə antologiyası”.

Bunu hazırlamaq üçün Azərbaycanla məsləhətləşəndə gördüm ki, antologiyaya sadəcə bəzi yazıçıların əsərlərini daxil etmək istəyirlər.

Elə isə mən o antologiyada daha çox cavan yazıçıları görmək istəyirdim.

Mən bu işi həyata keçirə bilməyəcəyimizi görüb ondan vaz keçdim.

Mən antologiyanı geniş çərçivədə nəzərdə tutsam da, Bakıdan gələn “Mən olum və ya mənim təqdim etdiyim yazarlar olsun”- təkidini qəbul etmədim.

Mən öz ədəbiyyatımızdan da kitablar hazırlayanda ədəbiyyatın zənginliyini meydana çıxarmağa çalışıram.

Əslində Azərbaycan ilə bir əlaqəsizliyimiz var. Bu işdə dövlətə yaxın olan ziyalıların kənara çəkilməsi və bu işlə könüllü şəkildə məşğul olan qurumların əlaqələrinin gücləndirilməsi lazımdır.

Bu kanallar dövriyyəyə girərsə, toplumlarımız bir-birini daha yaxşı anlayacaqdır.

Mən buna inanıram. Bunun qapılarını açmaq lazımdır.

Türkiyədə də, Azərbaycandakı kimi statik yazar və sənətkar təşkilatları vardır. Ancaq dinamik təşkilatlarımız vasitəsi ilə əlaqələr yaratsaq, daha faydalı işlər görə bilərik.

Əgər dövlətə yaxın olan qurumlar dövriyyədə qalacaqsa, o qurumların başında duranlar həmişə özlərini qabağa verəcəklər.

Ancaq ədəbiyyat bu şəkildə tanıdılmaz ki? “Mən”- deyənlərin kölgəsini aradan qaldırmaq lazımdır.

M.Ə. Yaradıcılıq bir prosesdir. İndi Türkiyədə yaşı 25-40 arasında olan tək-tük Azərbaycan yazarının əsəri çap edilib ki, bunların da çoxu şəxsi münasibətlər əsasında olub. Sistemli bir şey yoxdur.

F.A. Yoxdur. Yeniləri tanımadan ədəbiyyatın ümumi mənzərəsi barədə təsəvvür əldə etmək mümkün deyildir.

Ədəbiyyat toplumu başa düşmək üçün ən yaxşı vasitədir.

Tarix və sosiologiya kitablarından qabaq mənim üçün ədəbiyyat kitabları gəlir. Mən çağdaş Azərbaycan ədəbiyyatında çox yaxşı yazarların olduğuna əminəm.

M.Ə. Nəşriyyatlarla danışanda onlar da Azərbaycan ədəbiyyatından çap etdikləri kitabların anbarlarda qalmasından şikayət edirlər.

F.A. Proseslər monopoliyadan çıxmadıqca belə də olacaq.

Dövlətin verdiyi adlar məsələsi 10 il qabaq Türkiyəyə də sirayət edirdi. Ancaq həqiqi ziyalıların mövqeyi bunun qabağını aldı. İqtidardan faydalanan yaradıcı adamları zaman özü ələyəcəkdir.

“Zaman”-yazıçı üçün ən önəmli məfhumdur. Zamanı düşünməyən yazar- ziyalı deyildir.

Peçorinlər hər tərəfi qurd kimi sarıb. Lermontov bunu çox gözəl ifadə edib. Yazarın hansı dövrdə yaşaması önəmli deyil; o, həmişə həqiqətləri topluma göstərməlidir.

M.Ə. Yazar öz ziyalı funksiyasını yerinə yetirməyəndə toplumlar çürüməyə üz tutmurmu?

F.A. Tarixin hər dönəmində ziyalıların xəyanəti olub.

Bu, Azərbaycanda da var, Türkiyədə də. Dünən TV-də Əli Bayramoğlu ilə Şahin Alpayın çıxışına baxdım. Ziyalı xəyanətinin bariz örnəyi.

Bu ziyalılar iqtidardan faydalandığına görə, mən onlara ziyalı deyə bilmərəm.

M.Ə. Gəlin, ziyalının dünyaya baxışı məsələsindən də danışaq...

F.A. Yazıçının vəzifəsi sadəcə yazdığı mətnə konstruksiya verməkdən ibarət deyildir.

Yazıçı bir mətn qurarkən dəvəquşu kimi yaşaya bilməz; yan-böyründə və dünyada cərəyan edən prosesləri anlamaq məcburiyyətindəyik.

Yoxsa zəmanədən kənarda qalarsan. Məni 20 il qabaq Bjezinskinin və ya Fukuyamanın kitablarına doğru aparan duyğu bu idi.

Hazırlanan reseptlər əsasında cəmiyyətin uğursuzluğa düçar edilməsi ziyalının vicdanını narahat edir.

Sovet ittifaqını çökdürmək üçün Avropadakı müttəfiqlərinə müraciət edən Qərb sosioloqları bunun yerinə islamçı layihə hazırlamışdılar. “Yaşıl qurşaq” dalğasının içində Türkiyə də var.

Sən avropalı jurnalistlərlə birgə çıxardığınız “Türkiyə mühafizəkarlaşırmı?” adlı kitabınızdan bəhs etdin.

Türkiyədəki proseslər yerin altında fəaliyyət göstərən dini icmaların yer üstünə çıxmasına səbəb oldu. Əslində yarı leqal şəkildə fəaliyyət göstərmiş o icmalar varlıqlarını Atatürk cümhuriyyətinə borcludurlar.

60 ildən bəri iqtidarda olan sağ partiyalar həmişə bu təriqətlərlə dialoqa girərək, onların dəstəyini aldılar. Mən bunlar barədə yazarkən prosesləri dərindən öyrəndim.

M.Ə. Demək istəyirsiniz ki, yazar cərəyan edən siyasi-sosioloji proseslərdən yaxasını kənara çəkməməlidir. Eləmi?

F.A. Təbii ki. Bunlar olmadan yazdıqlarınız yağsız yeməyə bənzəyər. Yazar zəmanəsinin müasiri olmalıdır.

Yazar məsələlərə bəşəri prizmadan baxmalıdır. Həm ölkəmizin keçmişini öyrənməliyik, həm də dünyada cərəyan edən prosesləri dərindən analiz edə bilməliyik. 1915-ci il hadisələrindən danışarkən heç kim o hadisələrin arxasındakı Almaniya reallığından danışmır.

Halbuki Almaniya 1915-ci il hadisələrinin arxasındakı əsas aktyordur.

İndi o dövrə işıq tutmağa çalışan alim və ziyalılar məsələlərə çox vaxt tək tərəfli baxır. Mən bu məsələlərdə ziyalıların maksimim dərəcədə obyektiv olmasının tərəfdarıyam.

Rəhmətlik dostum Serol Teber uzun illər bu məsələlər üzərində çalışdı, ancaq yazdığı kitabı çap etdirə bilmədi. Mən qəzetdəki yazılarımda həmişə deyirdim ki, Türkiyənin kürd problemi yoxdur, Şərq problemi vardır.

Kürd məsələsi bu Şərq probleminin içindədir.

Əgər biz sadəcə kürd məsələsindən bəhs etsək, onda Şərqi Anadolunun Osmanlıdan bəri gələn o biri problemlərini qulaq ardına vurarıq.

Bu məsələni qabardaraq ortaya çıxaranlar Orta Şərqdə söz sahibi olmaq istəyən qüvvələrdir. Mən Ərzurumda anadan olmuşam, yeniyetməliyim Şərqi Anadoluda keçib. Oralara indi də gedib-gəlirəm.

Bölgəyə baxanda insanların başlıca probleminin yoxsulluq olduğunu görürük. Orada təhsil və səhiyyə ilə bağlı ciddi problemlər var. Təriqətlər hər yerə hakimdirlər.

Cənubi-Şərq bölgələrində isə bu problemlərə insanların öz dilində danışa bilməmələri və kimliklərini ifadə edə bilməmələri də əlavə olur. Mən o bölgədəki insanların özlərini sərbəst şəkildə tanıtmalarının tərəfdarıyam.

Ancaq bir çizgiylə “Türkiyənin əsas məsələsi kürd problemidir”-deyilməsinə də qarşıyam. Bunlara baxmaq, bunları sosioloji baxımdan oxumaq məcburiyyətindəyik.

M.Ə. Dünyanın hər hansı ölkəsində bunları dilə gətirə bilməyən bir ziyalı özünü aydın hesab edə bilərmi?

F.A. Əlbəttə ki, hesab edə bilməz. Mən öz düşüncələrimi yazıb baş nazirə də verdim. Onun dəvətinə getmişdim-ancaq mənim baş nazirlə görüşə getməyim onun mövqeyini qəbul etməyim mənasını daşımır.

Mənim mövqeyim məlumdur. Mən baş nazirlə eyni şəkildə düşünmək məcburiyyətində deyiləm.

Həqiqətləri meydana çıxarmaq üçün ziyalı məsuliyyət daşıyır. Ziyalı tərəfdar deyil-o, sırf müxalif olduğuna görə də ziyalı adını daşımır. Ziyalı-cəmiyyətin vicdanıdır.

Ziyalının tərəfində durması yeganə şey-vicdan duyğusudur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG