Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Dövlətin jurnalistlərə ev tikdirməsi onları ələ almaqdırmı?


Aynur Elgünəş
Aynur Elgünəş
«Dünyanın heç bir yerində dövlət evi tikib jurnalistlərə vermir. Bu, təqdirəlayiq bir haldır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Jurnalist Aynur Elgünəş bu addımı, «həqiqətən də, dünyada analoqu olmayan bir addım» adlandırıb. Amma bunu jurnalistlərin ələ alınması üçün təşkil olunduğunu deyib.

«Bu cür fərmanların imzalanması jurnalistlərin sosial həyatının yaxşılaşdırılmasına xidmət eləmir. Onların asılılığına səbəb olur. Tək mən yox, bu sahənin mütəxəssisləri bu qənaətdədir ki, jurnalistlər, ümumiyyətlə, media hakimiyyətdən və biznes strukturlarından mükafat almamalıdır. Yəni bu birbaşa onların asılılığına gətirib çıxarır. Jurnalistlər mükafatlandırılır, onlara ev verilirsə, bu o deməkdir ki, ay jurnalist, sənin artıq mənəvi haqqın yoxdur mənim əleyhimə danışmağa. Jurnalistin bu cür mükafatlandırılması qəbul edilməyən bir şeydir. Başqa dövlətlərdə hakimiyyətdə oturanlar utanarlar jurnalistə əl atsınlar».

13 ildən çoxdur ki, jurnalist fəaliyyəti ilə məşğul olduğunu deyən Aynur Elgünəş neçə illərdir kirayə evdə yaşamasına baxmayaraq, ona dövlət tərəfindən ev verilsə belə, bundan imtina edəcəyini deyib.


Bəhruz Quliyev
«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Aynur Elgünəşin fikirləri ilə qətiyyən razılaşmadığını bildirib.

«Necə olur ki, xaricdən qrant alanda bu asılılıq olmur? Prezident yanında KİV-ə dövlət dəstəyi şurasından nəsə alanda asılılıq olur? Asılılıq kiminsə qanında varsa, o, həmişə asılı olacaq. Kimsə peşəkarlıqla peşəsi ilə məşğuldursa, onda asılılıq olmur. Dövlətin ona yardımını elə yardım kimi, mətbuatın inkişafına doğru atılmış bir addım kimi dəyərləndirir. Kimsə bunu asılılıq kimi dəyərləndirirsə, deməli, o, hələ insan kimi yetişməyib. Deməli, sabah o, xaricdən də asılı ola bilər. Mən demək istəmirəm hansı qeyri hökumət təşkilatından kimlər pul alıb yeyirlər».

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Şurasının Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli isə bu addımın jurnalistlərin ələ alınması kimi qələmə verən insanları anlamadığını deyib.

«Bu barədə deyilən fikirlər, deyək ki, jurnalistlərin ələ alınması üçün atılmış addımdır. Bunu deyənlər hansı fantaziyanın, hansı əxlaqın yiyəsidir, mən təsəvvür edə bilmirəm. Çünki ictimai təşəbbüs olaraq jurnalist təşkilatlarından, sıravi jurnalistlərdən gələn bir təşəbbüsdür. Belə bir addım atılıbsa, bunu alqışlamaq lazımdır».

XS
SM
MD
LG