Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:49

Xuraman Hüseynzadə "Möhbalı ilə söhbət" (Şeirlər)


Qadın

Adın qadın...
Uşaqlıq qayğın
ata-ananın oldu,
gözəlliyin yadın.
Cəsədin... qara torpağın...

Gözəl vücudun
kişilərdən çox
qadınların yuxusunu ərşə çəkdi
şübhələrin qara rəngilə.
Onlar ərlərini qucaqlayıb yatanda
sən dizlərini qucaqlayıb ağladın.

Qadınların tənəli baxışlarından,
qarğışlarından,
kişilərin ehtiraslı öpüşlərindən keçib

tək qaldığında
göz yaşlarından içib qəhqəhə çəkdin
bu həyata...

Gülüşlərinin
acılığı
maraqlandırmadı heç kəsi.
(Budu Sartrın, Bovuarın
təsir edə bilmədiyi
qadının
həyat fəlsəfəsi!)
Gözəllik dünyanı... məhv etdi.

Dünyanın ən pis yoluna düşdün
Gözəllik üzündən.
Bu yolda
ayağının sürüşməyindən,
kişilərlə görüşməyindən
danışdılar.
Dəyişdirdin bu dünyanın dünyasını
Badələrə süzülən baxışlarında,
Badə-badə qanını içdin dünyanın.
Səni heç kim anlamadı...

Səndən kəsənlər,
səninlə bir masada çörək kəsənlər
kəsəcəklər nə vaxtsa
haqq-salamı.

Bir yolun qalacaq onda
Özünü
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən
atmaq.
Zatən
insanların gözündən
düşməklə
intihar etmisən artıq...


Heykəl kimi

Azadlıq meydanında
dəfn edin məni!
Həsrətim bitsin,
azadlığıma qovuşum.

Bu meydanda
Lenin heykələ dönən yer
olsun
məzar daşım.

Qarış-qarış satılmış torpaqlara
sümüklərimi əmanət etməyin,
nolar...
Niyə,
axı niyə Prometey kimi can verirəm,
ölmürəm?
Niyə,
axı niyə
Azad qadın heykəli kimi
başımı dik tuta bilmirəm???


Möhbalı ilə söhbət

Salam, Möhbalı...
Bu məmləkətdə sənin qədər
azad adam yoxdu, bilirsənmi?
Bax,
gecələr və küçələr illərdir
səninlədir.

Amma
Gecə mənim olanda
küçə mənim olmayıb,
Küçə mənim olanda
Gecə mənim olmayıb...

Bu ağaclar da sənindi,
bu yarpaqlar da.
Küll-ixtiyar sahibisən...
Çünki azadsan.

Hamımız azad olsaq
Ağaclar da hamımızın olar,
yarpaqlar da,
hələ neft də...
Ayaqlarına
sellofan torba geyinməyin də
ayaqlarının
ayaqqabıdan azad olması
deməkdir yəqin ki.

Biz
Azadlığa ayaqla getməyin
düsturunu bilmirik.
Başımız da ağarıb düşünməkdən...
Əynindəki cırıq paltarlardan
sonuncu dəfə
xanəndə Səbuhi İbayevin
əynində görmüşəm-
səhnədə...

Biz yalnız səhnədə
Sənə oxşaya bilirik.
Bizim azadlığımız
siyasət rejissorlarının
quruluş verdiyi
tamaşa.

Əvvəl səhnəyə qoyulur,
sonra məsxərəyə...
Azad olmaq üçün ya gərək
artistlik edək,
ya da səni kimi havalanaq...

Dur, sənə yazdığım qafiyəli bir şeir var,
onu da oxuyum, sonra isə
get, Möhbalı...
Azadsan...

***

Xoşbəxtliyin arxasınca sürünüb...
Doğulandan qara gəlib yığvalı.
Bu həyatın sərt üzünə bürünüb
Səkilərdə gecələyir Möhbalı.

Dərd tökülür, kədər yağır üzündən,
Küçələrdə taleyini yaşayır.
Nizaminin, Füzulinin gözündən
iraq olsun, lap Məcnuna oxşayır.

Təbiəti öz anası sanır o-
Layla deyir Möhbalıya küçələr.
Gündə yanır, qar altında donur o,
Keşik çəkir Möhbalıya gecələr.

O zamanın, zaman onun günündə,
Qəhrəmandı, qəhrəmanlar içində!
Polislərin gözlərinin önündə
Üsyan edir taleyinə küçədə.

www.kultaz.com

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG