Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 21:20

Azər Rzayev: «Belə davam edə bilməz!»


Azər Rzayev
Azər Rzayev
«Peşəkarlıq hər sahədə yüksək nöqtədə durmalıdır. Amma biz ondan ayrı düşmüşük».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının qonağı tanınmış bəstəkar, xalq artisti Azər Rzayev söyləyib.

İyulun 15-də 80 yaşı tamam olan bəstəkarın fikrincə, bu ondan qaynaqlanır ki, radio-televiziyalarda yüngül verilişlər, şoular, zarafatlar üstünlük təşkil edir. Əvvəllər belə olmadığını, professionallığın ön planda olduğunu vurğulayan maestro indi bu keyfiyyəti qiymətləndirənlərin yoxluğundan gileyləndi. Azər Rzayev bu üzdən televiziyalara baxmadığını, hər şeyin başdansovdu hazırlandığını diqqətə çatdırdı.

AXIRI YAXŞI OLAR?

«Bəs Sizin fikrinizcə, belə davam etsə, musiqimizin axırı necə olacaq» sualı belə cavablandı: «Nə bilim, vallah...Gərək adam həmişə fikirləşsin ki, axırı yaxşı olar. Yəqin get-gedə düzələcək».

«Sizcə, bu vəziyyət nədən yaranıb? Bəlkə əsrin xarakterindəndir» sualına maestronun cavabı belə olub: «Yox, ondan deyil! Çünki indiki gənclər düzgün tərbiyə olunmayıblar. Mən 57 il müəllimlik etmişəm. İndiki uşaqlar işləmək istəmirlər. Maraqları azalıb. Hər halda belə davam edə bilməz. Vəziyyət düzəlməlidir. Mütləq düzəlməlidir».

Bəs vəziyyəti düzəltmək üçün nədən başlamalı? Azər Rzayev yenə ötənləri xatırladı. Hər yoldan keçənin efirə yol tapmadığı dönəmləri yada saldı. «O dövrdə iclaslar keçirilərdi, müzakirələr olardı. Bizim razılığımız olmadan heç bir əsər ifa olunmazdı. İndi kim nə istəyir yazır, efirə çıxır».

BƏSTƏKAR OLMAQ ÜÇÜN NOT BİLMƏK LAZIMDIRMI?


Maestro hətta bəzilərinin mahnının sözlərini və musiqisini yazdığı, özü də oxuduğunu bildirdi. «Sual verəndə ki, notu necə yazırsınız, deyir not nədir? Deyirəm, notu bilmirsinizsə, necə mahnı yazırsınız? Deyir, bəyəm bəstəkar olmaq üçün not bilmək lazımdır?»

İNDİ PEŞƏKAR BƏSTƏKARLARI EŞİTMƏK OLMUR

Azər Rzayev Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini efirdən eşitmək olmadığını da bildirdi. «Ağızlarına gələni yazırlar, oxuyurlar... Belə davam edə bilməz!».

Maestro bu yaxınlarda əsərlərinin Londonda çalındığını bildirdi. «Heç yerdə deyilmədi, təbliğ olunmadı. Bu işi görənlər deyir. Amma nə radioda, nə televiziyada, nə qəzetlərdə bu barədə geniş danışılır».

Xatırladaq ki, iyulun 15-də Azər Rzayevin 80 yaşı tamam oldu. Rəsmi yubiley mərasimi payıza keçirildi. Amma xəstəliyi səbəbindən evdən çıxa bilməyən tanınmış bəstəkar doğum günü çox unikal bir təbrik aldı...

-- Bu təbrikin hansı gözlənilməzliyi var idi ki, eyvana çıxan Azər müəllim əvvəl çaşıb qaldı, sonra ağladı?

-- Azər Rzayev günlərini necə keçirir? Ümumiyyətlə, 80 yaşın sevinci, kədəri necə olur?

--Operamızın əvəzsiz Leylilərindən olan anası Həqiqət Rzayevanı necə xatırlayır?

--80 yaşın arxasından boylananda, ən çox kimlər yada düşür?

«İz» proqramının «Sevgi - sayğı serenadası» radiodastanını bu səhifədən dinləyin. Verilişdə tanınmış bəstəkarın öz əsərlərindən istifadə olunub. Azər Rzayev həm də məşhur skripka ifaçısıdır. Və bu özəlliyi onun əsərlərinə xüsusi rəng qatıb.

XS
SM
MD
LG