Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:41

Məhkəmə Kafkanın əlyazmalarını ictimaiyyətə açıqlamaq qərarı verdi


Frans Kafka
Frans Kafka
Tel-Əviv məhkəməsi 20-ci əsr dünya ədəbiyyatının ən görkəmli simalarından olan Frans Kafkaya aid olan məktub və əlyazmaların ictimaiyyətə açıqlanması haqda qərar qəbul edib.

Bu, Sürixdə (İsveçrə) və Tel-Əvivdə bank saxlanclarında olan bir neçə qutu sənədə aiddir.

İsrailin “Haaretz” qəzeti xəbər verir ki, həmin əlyazmalar arasında Kafkanın indiyəcən çap edilməyən bir qısa hekayəsi də var.

Amma yaxın günlərdə ədəbi aləm əlyazmalar arasında məşhur yazıçının indiyəcən çap edilməyən əsərlərinin olub-olmadığını dəqiq biləcək.

Çünki hakim Talia Pardo məhkəmə icraçılarına tapşırıb ki, qutulardakı əlyazmaların detallı siyahısını hazırlasınlar.

Qərara görə, Kafkanın əlyazmaları, məktubları nəşr edilməlidir.

Əlyazmaların çapına İsrail Milli Kitabxanası çalışır, arxivə sahiblik iddiası olan iki israilli qadın - Eva Hoffe və Ruti Visler isə əlyazmaların çapına icazə verilməməsi üçün məhkəmədə iddia qaldırmışdılar.

Məhkəmə iddianı rədd edib.

Eva Hoffe və Ruti Visler bir neçə il qabaq vəfat etmiş Ester Hoffenin qızlarıdır. Ester Hoffe isə Kafkanın yaxın dostu Maks Brodun katibəsi olub – sənədlər ona Brod dünyasını dəyişəndən sonra qalıb.

Bundan başqa əlyazmaların əhəmiyyəti həm də ondadır ki, illər uzunu Kafkanın əsərləri Brodun redaktəsi ilə çap olunub və bir çox əsərlərin orijinalı ictimaiyyət üçün əlçatmaz olub.

Maks Brod
Amma indi beynəlxalq mediada diskussiya yaranıb ki, məhkəmənin qərarı nə dərəcədə Kafkanın vəsiyyətinə uyğundur.

Yəhudi əsilli Frans Kafka 1924-cü ildə vəfat edib.

O dostu Maks Broda onun bütün arxivini yandırmağı vəsiyyət edib. Brod isə vəsiyyətə əməl etməyərək arxivdəki əsərləri çap etməyə başlayıb.

Kafkanın ölümündən sonra onun "Proses" (1925), "Qəsr" (1926) və "Amerika" (1927) kimi məşhur əsərləri məhz Brodun sayəsində çap edilib.

Yəhudi əsilli Brod özü də yazıçı olub. 1939-cu ildə nasistlər Çexoslovakiyanı tutanda Tel-Əvivə qaçıb. Özüylə birgə Kafkanın arxivini də oraya aparıb.

Brod 1968-ci ildə vəfat edib. O, arxivi yandırmamasını onunla əsaslandırırdı ki, Kafka ona şifahi şəkildə vəsiyyətin yerinə yetirilməsinin məcburi olmadığını deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG