Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:25

Məmmədyarov: «Hələlik danışa və hansısa razılığa gələ bilmədik»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
«Biz təşəkkür edirik ki, Rusiya tərəfi çox intensiv şəkildə görüşlər təşkil edir ki, hansısa bir irəliləyişə nail olsun. Amma ümumiyyətlə, biz gərək üçlüklə danışaq. ABŞ, Rusiya və Fransa. Əgər biz Rusiyanın vasitəsilə hansısa bir razılığa gələ bilsəydik, əlbəttə ki, bu, bizə böyük kömək olardı. Amma hələlik danışa və hansısa razılığa gələ bilmədik».

Bu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyulun 19-da jurnalistlərə açıqlamasından idi.

İyulun 16-17-də Almatıda ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan həmkarlarının iştirakı ilə görüşüblər.

«ERMƏNİSTAN BU DANIŞIQLARA HAZIR DEYİL»

Son açıqlamasına görə, Azərbaycan xarici işlər naziri Almatıdan sonra belə başa düşür ki, Ermənistan tərəfi artıq bu danışıqlara hazır deyil:

«Onlar gülməli şeylər danışırlar. Deyirlər ki, siz Sankt-Peterburqu qəbul etməlisiniz. Halbuki danışıqlar 3 həmsədr dövlət – ABŞ, Rusiya və Fransa tərəfindən Afinada qəbul edilən yenilənmiş Madrid prinsipləri əsasında davam etdirilməlidir».

Elmar Məmmədyarov açıqlamalarının birində demişdi ki, onlar Sankt–Peterburqda Laçın və Kəlbəcərin boşaldılmasından danışıblar. Ancaq Ermənistan tərəfi bu məsələnin yenidən müzakirə edilməsini istəyir. Hansı şərtlərlə, hansı təklif əsasında, bu barədə Məmmədyarov bir söz demir.

Mübariz Əhmədoğlu
Siyasi ekspertlərin bəziləri isə istisna edirlər ki, Sankt-Peterburqda Ermənistan tərəfi Azərbaycandan bir vaxtlar Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmuş, ancaq münaqişədən sonra cəbhə xəttinin bu üzündə qalmış kəndləri qaytarmasını istəyir. Ən azı Laçın və Kəlbəcəri boşaltmazdan əvvəl.

Ermənistan tərəfinin ortada olan sənədə yox, məhz Sankt-Peterburq söhbətinə güvənməsi də danışıqları uzatmaqdır.

RUSİYANIN İNTENSİV GÖRÜŞ TƏŞKİL ETMƏKDƏ MƏQSƏDİ NƏDİR?

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun fikrincə, Rusiya intensiv görüşlər təşkil etməklə Ermənistana inadından əl çəkməsini anlatmaq istəyir. Amma Almatı danışıqlarında da daha çox Sankt-Peterburqun adının çəkilməsi başqa mətləbi ortaya qoyur:

«Rusiya öz mövqeyini Ermənistana çatdırmağın görüşləri intensivləşdirmək yolunu seçib. Yəqin Rusiya güman edir ki, Ermənistan bu yolla ağıllanacaq. Amma tək Rusiya yox, digər dövlətlər də bilməli idilər ki, kimə kömək edirlər. Mən tam əminəm ki, Amerikada, Fransada, Rusiya da Ermənistana dönə-dönə deyirlər ki, boşalt Azərbaycan torpaqlarını. Sadəcə Ermənistan öz anlamazlığını geosiyasi faktora çevirmək istəyir».

Mübariz Əhmədoğlu düşünür ki, Rusiya, o cümlədən də ABŞ və Fransa Ermənistana Azərbaycan torpaqlarını boşaltması barədə tələblərini qəti ortaya qoymadıqca, vəziyyət belə də qalacaq.

RUSİYA HƏMİŞƏKİ OYUNLARINI DAVAM ETDİRİR

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Rusiyanın hərəkətləri oyundan başqa bir şey deyil. Moskva bu danışıqları təşkil etməklə elə bilir ki, heç kimin onun niyyətindən xəbəri yoxdur. Ancaq belə deyil. Hamı bilir ki, Rusiya həmişəki oyunlarını davam etdirir.

Elxan Şahinoğlu
«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə isə Ermənistan tərəfi əvvəllər də bir vaxtlar Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmuş, ancaq hazırda Azərbaycanın öz nəzarətində qalan bir sıra məntəqələri istəmişdi. Ona görə də Sankt-Peterburqda bu fikrin səslənməsi təəccüblü olmamalıdır. Ancaq Elmar Məmmədyarovun son iki görüşdən sonrakı açıqlamaları belə düşünməyə əsas verir ki, Sankt-Peterburq danışıqları əslində Azərbaycana Rusiyaya ümid etməkdə yanıldığını anladıb.

«Rusiyanın vasitəçiliyi Azərbaycana xeyir gətirməyəcək. Bu il yarımda Azərbaycan Rusiya ilə qaz anlaşmaları imzaladı, müəyyən iqtisadi addımlar atdı. Və hakimiyyətdəkilə belə güman edirdilər ki, Rusiya Azərbaycanın onlar üçün daha dəyərli tərəfdaş olduğunu görəcək. Ancaq hadisələrin inkişafı göstərdi ki, iqtisadi amil Rusiya üçün önəmli deyil. Onun Qafqazda forpostu Ermənistandır və Rusiya onu itirmək istəmir. Deyəsən Azərbaycan hakimiyyəti Sankt-Peterburq görüşündən sonra bunu anlayıb. Ona görə də nazir Məmmədyarov tək Rusiyanın deyil 3 həmsədrin hamısının fəal olmasını istəyir».

Elxan Şahinoğlu əlavə edir ki, danışıqlar prosesində razılaşdırıla bilməyən iki əsas prinsipial məsələ var. Dağlıq Qarabağın statusunun müəyyənləşmə vaxtı və Laçınla Kəlbəcər rayonlarının boşaldılması. Bu iki məsələdə fikirlər üst-üstə düşməyincə Sankt-Peterburq kimi əvvəlki razılaşmaları, ümumi anlaşmanı pozmaq üçün bəhanəyə çevrilə biləcək şəhər adları hələ çox ortaya çıxacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG