Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:37

«Mən hər iki missiya üçün hazıram»


Əli Kərimli
Əli Kərimli
«Bu iki partiyanın böyük bir partiyada birləşməsi böyük bir təbəqəni hərəkətə keçirə bilər».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında AXCP sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, cəmiyyətdə tərəddüd, ümidsizlik hökm sürür. Bu iki partiyanın birləşməsi isə cəmiyyəti bir növ hərəkət gətirəcək:

1+1=?


«Riyaziyyatda birin üstünə bir gələndə iki edir. Amma siyasətdə birin üstünə bir gələndə iki də edər, üç də edər, dörd də edər, beş də. Bu başqa bir situasiyadır. Çünki Azərbaycan cəmiyyətində hazırda hakimiyyətdən narazılığın çox olduğu hamının bildiyi bir şeydir. Bunu yalnız bir müxalifət lideri iddia etmir ki, bunu hamı bilir ki, böyük bir narazılıq var. Hətta 2005-ci illə müqayisə gəlməyəcək dərəcədə böyük bir narazılıq var. Amma adamların böyük bir qismində, mən də bunu etiraf edirəm ki, hələ də ümidsizlik var.

Nəsə etmək olarmı? O cümlədən indi mövcud olan partiyalar, onların arzuladıqları alternativ ola bilirlərmi? Belə bir tərəddüd var cəmiyyətdə. Cəmiyyətin böyük bir qismi ona görə hərəkətə keçə bilmir. Biz çalışırıq cəmiyyəti hərəkətə gətirməyə. Böyük bir çoxluq hələ də qoşulmayıb bu prosesə. Hesab edirəm ki, bu iki partiyanın böyük bir partiyada birləşməsi həmin o tərəddüd edən, hakimiyyətdən narazı olan, alternativini tapa bilməmiş böyük bir təbəqəni hərəkətə keçirə bilər. O zaman birin üstünə bir gələndə iki etməyəcək».

«SIRAVİ DƏ OLA BİLƏRƏM, LİDER DƏ»

Əli Kərimli yeni yaranacaq birlikdə kimi başqan olacağı məsələsinə də toxunub:

«Əvvəla İsa bəy bu təklifi verəndə deyib ki, artıq o başqanlığa namizəd olmayacaq. O, bunu ifadə edib. İkincisi də təklifi verən adamlar nəzəri cəhətdən bundan sonra yaranacaq birləşmiş partiyanın sıra nəfəri də olmağa hazır olurlar. Həm də onun lideri olmağa hazır olurlar. Mən hesab edirəm ki, mən hər iki missiya üçün hazıram. Və ümid edirəm yəqin ki, İsa bəy də elə düşünər».

«HÖKUMƏT NARAHATDIR»


AXCP sədri YAP-ın icraçı katibi Əli Əhmədovun iki müxalifət partiyasının birləşməsini xaricdən sifariş adlandırmasına da münasibət bildirib:

«Əli Əhmədovun bu açıqlaması hökumətin narahatlığının etirafıdır. Düz edib narahat olurlar. Narahat olmağa əsasları var. Həqiqətən də bu birliyin baş tutması onlar üçün böyük problemlər yarada biləcək. Digər tərəfdən isə bu həm də onun etirafıdır ki, Əli Əhmədov etiraf edir ki, İlham Əliyevin xarici siyasəti iflasa uğrayıb. Bugünkü YAP hökuməti bütün dünyanı özlərinə rəqib, həm də potensial düşmən görürlər. Çox şübhəlidirlər. Hesab edirlər ki, bütün dünya onları yıxmaq haqqında düşünür. Ona görə də belə şübhəli yanaşırlar ki, müxalifətin hər hansı fəaliyyəti, aktivliyi guya ki, xaricdən olan hər hansı bir təşəbbüslə bağlı ola bilər».


/Hazırladı Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

ƏLİ KƏRİMLİ: «YENİ SUPERPARTİYA AXC-YƏ BƏNZƏYƏCƏK»

İSA QƏMBƏR: «BİR DƏ DEYİRƏM Kİ, NAMİZƏDLİYİMİ VERMƏYƏCƏM»

MÜSAVATLA XALQ CƏBHƏSİNİN BİRLİYİ XARİCDƏN VERİLMİŞ SİFARİŞDİR?
XS
SM
MD
LG