Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:43

İtkin düşən nüvə fiziki ölkəsinə qayıtdı


Alimi jurnalistlərlə yanaşı, həyat yoldaşı və 7 yaşlı oğlu qarşılayıb
Alimi jurnalistlərlə yanaşı, həyat yoldaşı və 7 yaşlı oğlu qarşılayıb
Bir il əvvəl Həccə gedib itkin düşən iranlı nüvə fiziki axır ki, ölkəsinə qayıdıb. Şahram Əmiri deyir ki, Səudiyyə Ərəbistanında - Mədinədə olarkən amerikalı casuslar tərəfindən qaçırılıb, təyyarə ilə ABŞ-a aparılıb. Amma əhvalatın başqa detalları da yavaş-yavaş məlum olur.

Əmiri iddia edir ki, Amerikada olarkən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) əvvəlcə onu İranın nüvə proqramı haqda yalançı açıqlamalar vermək üçün 50 milyon dollarla şirnikləndirib. Alınmayanda isə ona fiziki və psixi işgəncə veriblər:

«Mərkəzi Kəşfiyyat İdarəsinin müstəntiqləri iki ay mənə çox ağır psixi və ruhi təzyiqlər edirdilər. Amma Allahın köməyi ilə mən dözdüm. Məncə, yerimdə olan istənilən iranlı eyni şeyi edərdi, qürurunu sındırmazdı, ölkəsini pula satmazdı».

Amma «Vaşinqton Post» qəzeti adını açıqlamadığı bir rəsmiyə istinadən yazır ki, Əmiri İranın nüvə proqramı haqda məlumatların müqabilində ABŞ-dan 5 milyon dollar alıb. Əmirinin verdiyi məlumatlar əsasında amerikalılar İranın nüvə proqramının zəif yerləri haqda öyrəniblər. Üstəlik, məlum olub ki, İranın Qum şəhəri yaxınlığında ikinci uran zənginləşdirmə zavodu var.

Amma Tehranda yerə enəndən sonra Əmiri ümumiyyətlə, İranın nüvə proqramı haqda nəsə bildiyini təkzib edib. O deyib ki, «mən universitetdə işləyən adi tədqiqatçıyam, heç bir məxfi işim, ya da məlumatlara çıxışım yoxdur».

32 yaşlı Şahmar Əmiri İranda Malik-e Aştar Sənaye Universitetində çalışırdı. Bu ali məktəb İranın İnqilab Keşikçiləri Korpusuna yaxınlığıyla tanınır.

Əmiri ümumiyyətlə, İranın nüvə proqramı haqda nəsə bildiyini təkzib edib
Amma iş onadır ki, ABŞ rəsmiləri iranlı alimin ABŞ-a öz xoşuyla gəldiyini, burda siyasi sığınacaq almaq istədiyini və məlumatları könüllü ötürdüyünü deyirlər. ABŞ-ın Dövlət katibi Hillari Klinton da belə açıqlama verib, bildirib ki, Əmirinin ailəsi İranda hədələndiyindən o, fikrini dəyişib, ölkəsinə qayıtmalı olub.

Alimi Tehrandakı hava limanında jurnalistlərlə yanaşı, həyat yoldaşı, 7 yaşlı oğlu və Xarici İşlər nazirinin müavini Həsən Qaşqavi qarşılayıb.

Alim deyib ki, onu qaçıranların məqsədi İrana siyasi təzyiq etmək olub:

«Oradakı dindirmələrdə israillilər də iştirak edirdilər, istəyirdilər ki, mən İranın nüvə proqramı, atom bombası düzəltməyə çalışması haqda açıqlamalar verim, İranı dünyanın gözündən salım».

Həm Qərb mediası, həm də İran tərəfi bu olayı yetərincə geniş işıqlandırır. Amma hansı tərəfin versiyası doğrudur? Bütün yazılanları təhlil edən BBC-nin Tehrandakı müxbiri Con Leyn yazır ki, bəlkə də heç birinin. Bu daha çox İranla ABŞ kəşfiyyatının təbliğat oyununa oxşayır və hələ ki, iranlıların oyunu daha inandırıcı görünür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG