Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:05

Nizamidən 1, Mir Cəlaldan 3 kitab qırğız dilində


Qırğızıstan paytaxtındakı “Biyiktik” nəşriyyatında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması qırğız dilində çapdan çıxıb.

“Yeni Azərbaycan” qəzetinin verdiyi xəbərə görə, kitab Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun və Bakıda fəaliyyət göstərən “Avromed” şirkətinin sifarişi ilə nəşr edilib.

Kitabın baş məsləhətçisi AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərovdur.

Qırğız dilində ilk dəfə nəşr olunan poemanın tərcüməçisi şair Eqemberdi Ermatovadır.

“Yeni Azərbaycan” qəzeti onu da yazır ki, “Bu yaxınlarda Bişkekdə daha bir Azərbaycan ədibinin - görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin üçcildlik seçilmiş əsərləri qırğız dilində işıq üzü görəcək.

Üçcildliyin tərtibçisi Novruz Məmmədov, baş məsləhətçi AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərovdur”.

Bundan əvvəl isə Bişkekdə “Azərbaycan şairləri” toplusu qırğız dilində çap olunub.

“Yeni Azərbaycan” yazır ki, “Kitabda tanınmış şairlərimiz Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin və digərlərinin şeirləri toplanıb. Kitab Həsən Şirinovun Ulu öndər Heydər Əliyevə həsr etdiyi şeir ilə açılır”.

Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması da hazırda tərcümə mərhələsindədir və ayrıca kitab şəklində çap ediləcək.

XS
SM
MD
LG