Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 18:55

Tərtərdə həbslər davam edir


İyulun 6-da Tərtərdə baş vermiş qarşıdurmada zərərçəkmiş çayxana
İyulun 6-da Tərtərdə baş vermiş qarşıdurmada zərərçəkmiş çayxana
İyulun 13-də Tərtər rayonunun daha bir sakini Zülfüqar İbrahimov həbs olunub. O da bir neçə gün əvvəl həbs olunmuş üç həmyerlisi kimi iyulun 6-da Tərtərdə bir qrup yerli sakinlə Ağdamın Şotlanlı kənd sakinləri arasında baş verən qarşıdurmada günahlandırılır. Zülfüqar İbrahimovun həbsini Tərtər rayon polis şöbəsindən də təsdiqləyiblər.

Xuliqanlıqda ittiham olunan Zülfüqar İbrahimov barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, bundan əvvəl tutulmuş 3 tərtərli ilə birlikdə Gəncədəki təcridxanada saxlanılır.

Zülfüqar İbrahimovun qardaşı, iyulun 6-da baş verən qarşıdurmada bədən xəsarətləri aldığına görə hazırda Tərtər xəstəxanasında müalicə olunan İlqar İbrahimov deyir ki, bu həbs onlar üçün çox gözlənilməz olub:

«ÖZLƏRİNDƏN MADDƏ QOYUB TUTDULAR»


«Çünki Zülfüqar bu məsələyə aidiyyatı olmayan bir adamdır. Həmin hadisədə o dalaşanları sakitləşdirməyə, ayırmağa çalışırdı. Bunu 200-ə yaxın adam görüb. İstintaq qrupu onu niyə həbs elədi, hələ heç kim bilmir. Özlərindən maddə qoyub tutdular».

Tərətr rayon polis şöbəsindən Zülfüqar İbrahimovun həbsini təsdiqləyiblər
İlqar İbrahimov deyir ki, iki gün əvvəl polis onu da sorğu-suala tutub. Onu da özləri ilə aparmaq istəyiblər. Ancaq həkim müalicəsi davam edir deyə, buna icazə verilməyib.

Tərtərdəki son həbslər rayon sakinləri arasında böyük narahatlığa səbəb olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Tərtər rayon şöbəsinin sədri Etibar Ələkbərov deyir ki, camaat həbslərin davam edəcəyindən qorxur. Ona görə də rayon ictimaiyyəti baş verənlərlə bağlı prezidentə müraciət etməyə hazırlaşır:

«ÇOX HAQSIZLIQ EDİLİR»

«Yığışıb prezidentə müraciət ünvanlayacağıq ki, bu haqsız həbslərə son qoyulsun. Baş verənlərə obyektiv yanaşılsın. Çünki çox haqsızlıq edilir. Xəsarət alan da, həbs olunan da Tərtər camaatıdır. Camaat çox narahatdır, iynə üstündə oturublar. Heç kim evində oturub bir loxma çörəyini rahat yeyə bilmir» .

Həbs olunanların azadlığa buraxılması üçün imza toplama kampaniyasına da başlanılıb. Rayon sakini Şahin Əliyev deyir ki, 500-ə yaxın adam imza atıb. İndi də həmin adamları axtarırlar:

İMZA VERƏNLƏRİ AXTARIRLAR

«Tutulanların günahsız olması, azad edilmələri üçün imza yığılır. Kim qol çəkibsə, onları da axtarırlar».

Rayon sakinləri qarşıdurmaya görə, Şotlanlı kəndindən olanların deyil, Tərtər sakinlərinin həbs olunmasından da şikayətlənirlər.

YENİ AÇIQLAMA VERİLƏCƏK

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirir ki, narahatlığa əsas yoxdur. Baş verənlərlə bağlı prokurorluq yeni məlumat yayacaq:

«Həmin məsələlərə aydınlıq gətiriləcək. Tərəfimizdən təfsilatı ilə açıqlama veriləcək. Narahatçılığa əsas yoxdur. Açıqlamada bunlar hamısı öz əksini tapacaq».

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirir ki, narahatlığa əsas yoxdur
Əslən tərtərli, «İnformasiyalı Cəmiyyət Uğrunda» ictimai birliyinin sədri Mehman Muradlı isə deyir ki, indi həbs olunanlardan çoxu 7 il əvvəl Qarabağda döyüşmək məqsədilə partizan dəstəsi yaratmaqda ittiham edilərək həbs edilən könüllülərdir. Onun fikrincə, baş verənlər fikri seçkilərdən yayındırmaq üçündür:

«BAŞ VERƏNLƏR ƏSAS FİKRİ SEÇKİDƏN YAYINDIRMAQ ÜÇÜNDÜR»

«2003-cü ildə də partizanlar deyilən məsələ vardı. İndi həbs olunanların çoxu da həmin partizan dəstəsində olmuş insanlardır. Bu seçki öncəsi də camaat fikirləşir ki, 2003-cü ildə baş verənlər yenə təkrarlanır. Baş verənlər əsas fikri seçkidən yayındırmaq üçündür».

İyulun 6-da Tərtər rayonunda bir qrup yerli sakinlə Ağdamın Şotlanlı kəndindən olan bir neçə ailə arasında qarşıdurma baş verib. Rəsmi məlumatda deyilirdi ki, həmin hadisə vaxtı bir neçə ticarət obyekti dağıdılıb, xəsarət alanlar olub. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

İyulun 8-də 3 nəfər rayon sakini – Rövşən Paşayev, Kənan Musayev və Nurəddin Məmmədov, iyulun 13-də isə Zülfüqar İbrahimov həbs edilib.
XS
SM
MD
LG