Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:23

Saday Budaqlı "Əclaf" (Hekayə)


Əvvəlcə gileylənirdi, kömək eləmirsiniz, deyirdi, adam ha deyilsiniz, camaat dükan işlədir, mal gətirəni bir başqa, satanı bir başqa, mən ayağımı bir addım kənara qoya bilmirəm, məcburam bağlayam, onda da çöldəkini içəri daşı, sonra gəl içəridəkini çölə daşı, belədə alvermi gedər; sonra minnət qoyurdu, mənə nə var e, deyirdi, mənim dolanışığıma çatır, mən siz bədbəxtlərdən ötrü deyirəm, avara-avara gəzincə, gəlib beşdən-üçdən qazanardınız, siqaret pulunuzsa çıxardı; axırda da yanıyırdı, özünüz bilərsiniz, deyirdi, cəhənnəmə gəlin, gora gəlin, gəlməyib kimə ziyan eləyəcəksiniz, başa düşürəm, indi qışdı, pəncərənin şüşəsi yox, yer beton, ancaq belə qalmayacaq ha, yavaş-yavaş ağzı-burnu yığılacaq, indi də heç düzəlməsin, bunun yazı var, yayı var, bir dənə də qatlanan çarpayı alıb atacam bura, istəsən lap gecəni də qal, onda burdan əl çəkməyəcəksiniz, böyür-başıma keçəcəksiniz, ilan dili çıxaracaqsınız, heç darıxmayın, o vaxt mən də deməyə bir söz taparam…

«Adam olmayanların» sırasında mən də varıydım.

Boş vaxtım bircə bazar günüydü, onda da gərək ortaya başqa iş çıxmayaydı, üstəlik, hava xoş olaydı, yoxsa bu soyuqda bir yerdə durmaqdan gömgöy kəsilirdin.

Ancaq, doğrudan, qabaqdan yay gəlirdi, iki ay tətildə, Salman demiş, bir az pul qazanmaq ziyan eləməzdi, evdən bir bəhanə tapıb, hərdən burada gecələmək fikri də adamın içini indidən qıdıqlayırdı.

Ona görə Salmanın köntöy sözlərinə baş qoşmurdum. Susurdum, çox dirənəndə də mızıldayırdım ki, dərslərimi çatdıra bilmirəm.

Salmanın buna da cavabı hazırıydı. Ə, dərs oxuyan olsanız, vallah, heç özüm sizi bura yaxın qoymaram.

Qırımınızdan görürəm nə yuvanın quşusunuz. Canınıza əziyyət vermək istəmirsiniz. Sabahını düşünən adam, zəhmət çəkər bir az tez durar, bir az gec yatar.

Öyrəşibsiniz ata-ana əlinə baxmağa, qarnınızı doyuzdursunlar, qəpik-quruş versinlər, siz də gününüzü keçirəsiniz.

Bu gedişlə, deyirdi, axırınız nə olacaq, guya institut qurtaranda, birdən dönüb başqa adam olacaqsınız?!

Özünüzü aldatmayın, xeyri yoxdu, indi zibilsiniz, oxuyub qurtaranda da əclaf olacaqsınız.

Salmanın sözlərinə sonra öz aramızda gülürdük.

Öz aramızda ona ad da qoymuşduq: «köntöy Salman».

Qarabağa könüllü gedəndə, xalam vay-şüyən qoparırdı, fikrindən daşındırmaq üçün özünü xəstəliyə də vurdu.

Bizsə Salmana qəhrəman kimi baxırdıq. Beş-altı aydan sonra yaralanıb qayıtdı.

Bir az xəstəxanada yatdı. Sonra xalam kağız-kuğuz düzəltdi, döymədiyi qapı qoymayıb, axır birtəhər bu dükan yerini aldı.

Xəstəxanadan çıxanda, biz Salmanın özündən çox, onun müharibə haqqında xatirələrini gözləyirdik.

Ancaq elə bil mərminin yeli vurub başından yaddaşını da aparmışdı.

Bir kəlmə də müharibədən danışmırdı, çox üz vuranda da hirslənirdi, belə, deyirdi, ürəyiniz atlanır, çox bilmək istəyirsiniz, əl-qolunuzu tutan ha yoxdu, gedin öz gözünüzlə görün.

Bazara bitişik olsa da, dükan görünən yerdə deyildi, ona görə alver yaxşı getmirdi.

Bunun o qədər dəxli yoxdu, Salman razılaşmırdı, babat malın ola, böyür-başdakılardan da ucuz verəsən, gör nə həngamə qopar, müştəri əlindən dizini qatlayıb bir hovur otura bilməzsən. Sonra başlayırdı planlar qurmağa, bu planların da başı axırda gedib pula dirənirdi.

Bir az pul yığsa, pəncərələrə şüşə saldıracaqdı, yerə taxta döşətdirəcəkdi, mal dalınca getmək üçün alababat maşın isə bu bir az qəliz məsələydi, çox sonraların işiydi. Əsas məsələ, dükanı səliqə-səhmana salıb, bir satıcı götürməkdi.

Onda bu yırtıqxana, doğrudan, əməlli-başlı dükan olacaqdı, o da əməlli-başlı tacir.

Əli cibində axtarıb-tapıb malını gətirəcəkdi, satıcı da bir ucdan xırıd eləyəcəkdi. Onda, ən başlıcası, biz kimi düdəmələrə də möhtac olmayacaqdı.

Ancaq Salmanı öz planlarından geninə-boluna ləzzət almağa qoymurdular. Pul-para, ya nəsə qoparmaq üçün dükana edilən növbəti «basqından» sonra, bir gün əvvəlki sözləri yadından çıxırdı.

Dükanı da söyürdü, onu dükana ürcah eləyəni də, öz gün-güzəranını da.

Ə, belə şey olar, deyirdi, belə yaşayış olar, bunun biri gəlsin, ikisi gəlsin, hər yetən dürtülür bura, guya dədələrinə borcum var, guya bank üstə oturmuşam, qazansam, elə dükanı abıra salaram da, qəpik-quruşdan ötrü daha bütün günü it kimi sitilləmərəm burda.

Çox vaxt arxalarınca danışırdı, üzdə yatımına gedirdi, çalışırdı birtəhər yola salsın. Neyləyim, deyirdi, əlacım nədi, bunlardan nə desən çıxar, gecəynən yandırıb bir qəzet atsa içəri, kimə şikayət eləyəsiyəm.

Dükana bir qarın çörək üçün gələnlər də varıydı.

Onlara Salman darılmırdı, bəzilərinə pul verirdi, bəzilərinə ayın-oyun. Feyzi kişiyə isə artıq üz-gözümüz öyrəşmişdi. Balaca, arıq adamıydı, altmış-altmış beş yaşı olardı.

Əynində əsgər kürkü, başında əsgər papağı gəlib dinməz-söyləməz tok peçinin böyründə otururdu, hərdən Salmanın naharına da ortaq olurdu.

Feyzi kişi Qarabağ qaçqınıydı, müharibədə bütün ailəsini – oğlunu, gəlinini, iki nəvəsini itirmişdi.

Gününü bazarda keçirirdi, kimisinə su gətirirdi, kimisinin malını daşıyırdı, əvəzində heç nə istəmirdi, ancaq nə versəydilər də götürürdü. Salmanın Qarabağda döyüşdüyünü bilirdi, bəlkə elə ona görə dükana tez-tez gəlirdi.

Bir dəfə istədi söhbətə də çəksin, ondan hansı tərəfdə vuruşduğunu soruşdu. Salman tezcə mızıldadı ki, siz tərəfdə olmamışam. Ondan sonra daha bu mövzuya qayıtmadılar.

Feyzi kişinin bir dəfə üzünün güldüyünü görmüşdüm.

Eşidəndə, institutda oxuyuram, maraqlandı ki, qurtarıb nə olasıyam. Mənim əvəzimə Salman cavab verdi: qurtarıb, dedi, əclaf olacaq. Kişi onda xırda-xırda güldü, gülə-gülə də, elə danışma, dedi, ağıllı oğlana oxşayır.

Onun güldüyünə görə ilk dəfəydi Salmandan inciməmişdim.

Qış imtahanları vaxtı, Salmanın qılığına girmək üçün, dükana, az qala, hər gün gəlirdim.

Kitab-dəftərimi qoltuğuma vururdum, günorta evə qayıtmağın dərdindən özümlə yemək də götürürdüm. Dükanda qaraltı eləyirdim, Salman da, lazım olanda, rahatca ora-bura gedə bilirdi.

Bir gün yenə Feyzi kişi gəlib sakitcə peçin böyründə özünə yer eləmişdi.

Mən də Salmanın atmacalarını qulaqardına vurub dərsimi oxuyurdum.

Feyzi kişi getmək üçün qalxanda, Salman götürüb sellofan torbaya ayın-oyun atdı ki, onu boş yola salmasın. Ancaq əli uzanıla qaldı, Feyzi kişi pul istədi.

Salman duruxdu:

- Pulu neynirsən? – dedi.

Feyzi kişi dilini sürüdü:

- Lazımdı.

- Nəyinə lazımdı?

- Lazımdı…

Salman dönüb mənə baxdı. Üzündə qəribə ifadə varıydı. Guya Feyzi kişi heç nədən onu təhqir eləmişdi.

- Pul sənin nəyinə lazımdı?!

Feyzi kişi daha dillənmədi. Eləcə büzüşüb durmuşdu.

Salman bir yerdə dayana bilməyib vurnuxdu. Sonra gəlib yenə düz Feyzi kişinin qabağında dayandı. Torba hələ də əlindəydi.

- Sən axı niyə yaşayırsan! – Pıçıltı ilə dedi. Mən qorxdum ki, o bu saat ağlayacaq.

Onu sakitləşdirmək üçün nəsə mızıldadım. Ancaq Salman məni eşidəsi halda deyildi.

- İndən belə yaşamağının nə mənası?! Təzədən oğulmu tapacaqsan, ailəmi quracaqsan, yurdmu salacaqsan?! Sən axı niyə ölmürsən, kişi!

Feyzi kişi başını da qaldırmadı. Ayağını sürüyə-sürüyə çıxıb getdi.

Mən yenə dinc dura bilmədim:

- Heç yaxşı eləmədin, qoca kişidi…

O bayaqkı hikkəylə üstümə qışqırdı:

- Sən də mumla, - dedi, - hamısı mənim üçün yaxşı adam çıxıb, qanacaqlı çıxıb. Xoşun gəlmir, dur, sürüş burdan.

Mən də durub, kitab-dəftərimi yığışdırıb «sürüşdüm». Ancaq üç-dörd gündən sonra heç nə olmamış kimi qayıdıb gəldim.

Bir axşam sahə müvəkkili qapının ağzında peyda oldu. Salman o saat cibini eşələdi. Amma sahə müvəkkili demə başqa şeyə gəlibmiş. Feyzi kişinin şəklini göstərdi.

Məlum oldu ki, səhər-səhər bazardan meyitini tapıblar, indi ünvanını axtarır. Bizdən də bir şey öyrənə bilməyib getmək istəyəndə, gözü Salmanın əlindəki pula sataşdı.

- Deyəsən, pul vermək istəyirdin, - dedi, - utanma, ver gəlsin.

Salman mənə baxdı:

- Böyüyəndə nə olacaqsan, ə?

- Əclaf olacağam, - dedim.

Salman gülümsədi:

- Ay sağ ol. Pul bu dəfə sənə çatır.

Və mən onun verdiyi pulu götürmək üçün əlimi uzatdım.

"Mediaforum"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG