Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

«Boğulma hadisələri icazəsiz çimərliklərdə baş verir»


«May ayının 15-dən bu yana 33 nəfər suda boğulub. Onun 13-ü ölümlə nəticələnib, boğulma hadisələri xüsusilə icazəsiz çimərliklərdə baş verir».

Bunu AzadlıqRadiosuna Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib. O bildirib ki, boğulma halları dövlət tərəfindən icazə verilən 12 çimərlikdə təsadüf etmir:

«Bunların hamısı icazəsiz çimərliklərdə müşahidə olunur, bu cür çimərliklərdə xilasetmə dəstələri olmur, təcili yardım briqadaları növbə çəkmir, insanlar da bəzən belə icazəsiz çimərliklərə gedərək həyatlarını təhlükə altında qoyurlar».

Baş həkim mövsüm başlayandan Bakıda 67 nəfərin günvurma ilə həkimə müraciət etdiyini deyib. Onların 17-si xəstəxanaya çatdırılıb, qalanları yüngül olduğundan yardım göstərilərək evə buraxılıb.

M. Həmidovun sözlərinə görə, yay ərzində 12 nəfəri ilan vurub, onların hamısına yerindəcə zəhər əleyhinə zərdab vurularaq, xəstəxanaya yerləşdirilib. İlan vurmadan ölüm halı baş verməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti isə bildirir ki, növbəti 3 gündə Azərbaycanda hava isti keçəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 36-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. İyulun 13-14-ü rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.
XS
SM
MD
LG