Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

«Rəy sorğusu keçirmək üçün Azərbaycan gərək konstitusiyasını dəyişdirsin»


Fərhad Mehdiyev
Fərhad Mehdiyev
«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yerli rəy sorğusu keçirmək üçün Azərbaycan gərək konstitusiyasını dəyişdirsin».

Xarici İşlər naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağda keçiriləcək rəy sorğusu ilə bağlı dediklərini şərh edərkən politoloq Fərhad Mehdiyev «İşdən sonra»da belə deyib. Onun sözlərinə görə, konstitusiyada yerli rəy sorğusu yoxdur:

«Bu, beynəlxalq sazişlə təminat altına alınacaq. Bizim konstitusiyaya görə, konstitusion normalar beynəlxalq sazişdən daha yuxarı qüvvəyə malikdir. Amma beynəlxalq hüquqa görə daxili qanunvericilik beynəlxalq hüquqdan daha üstün qüvvəyə malik deyildir. Orada belə bir müddəa var. Heç bir dövlət öz daxili qanunvericiliyini irəli sürərək beynəlxalq öhdəliklərindən üz çevirə bilməz. Əgər beynəlxalq sazişlə yerli rəy sorğusu keçiriləcək və bu da tərəflər üçün məcburi gücə sahib olacaq yazılırsa, Azərbaycan dövləti buna riayət etmək məcburiyyətində qalacaq. Bunun üçün lazım olsa öz konstitusiyasını dəyişdirməlidir».

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov da deyib ki, mövcud konstitusiyada ərazi bütövlüyü barədə məsələlər hətta referendumla belə həll oluna bilməz:

«Bunun üçün yeni konstitusiya qəbul olunmalıdır. Və ora çox ciddi dəyişikliklər edilməlidir. Rəy sorğusu Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərin həlli üçün qeyri-məqbul məsələdir. Bunu bu şəkildə sırımaq sadəcə olaraq konstitusiyanı kobud şəkildə pozmaq deməkdir.
Rüstəm Seyidov
O həyata keçırıləcəksə bu sadəcə olaraq konstitusion cinayətdir. Həmin şeyi həyata keçirənlər məhkəmə qarşısında cavab verməlidirlər».

Politoloq Rüstəm Seyidov isə deyib ki, əsas məsələ Qarabağı qaytarmaq istəyi ilə bağlıdır:

«Əsas məsələ odur ki, Azərbaycan hakimiyyəti Qarabağı qaytarmaq istəyir, yoxsa yox? Mən fikirləşirəm ki, istəmir. Heydər Əliyevin qurduğu siyasət ona əsaslanır ki, Qarabağ ermənilərdə qalmalıdır. Onun davamçısı İlham Əliyev həmin siyasəti davam etdirir. Elmar Məmmədyarovu ağılsız saymaq tamamilə səhvdir. O çox bacarıqlı və məharətli diplomatdır. Və onun sözlərində heç bir məna yoxdur. O özü çox gözəl bilir ki, heç bir məna yoxdur. Çoxlu sözlər, çoxlu terminlər, amma məna etibari ilə heç nə yoxdur. Və bu məsələdə heç bir konstitusion cinayət olmayacaq, heç kəs məhkəmə qarşısında cavab verməyəcək».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG