Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:15

Rasim Qaraca "Şair və göz həkimi" (Pritça)


Biri var idi, biri yox idi, ac pişiklər tox idi.

Ölkəyə neft pullarının axan vaxtıydı. İki dost varıydı.

Bunlardan biri göz həkimi, o birisi şair idi. Göz həkimi həm də şeir yazardı (şairliyə iddiası vardı).

Həkim varlı, şair kasıb idi. Ancaq bu hal onların dostluğuna təsir göstərməzdi.

Şair həkimə lazım idi, həkim şairə. Soruşa bilərsiz, nə üçün lazım idi? Şair həkimə lazım idi, çünki şairin mətbuat aləmində əlləri uzun idi.

Həkim onun bu imkanlarından vaxtaşırı istifadə edə bilirdi. Adlı-sanlı şairin onun haqqında bir cümlə yazması nəyə desən dəyərdi.

Bir də görürdün qəzetlərdə onun üç şeirini dərc elətdirərdi, haqqında bir-iki kəlmə söz yazardı, məclislərdə sözünü danışardı, ad günlərində bir məqalə yazıb təbrik edərdi.

Hər şeyi bir yana qalsın, həkimin təzə yazdığı şeirlərə qulaq asardı, lap axırda "əla yazmısan" deyərdi.

Ancaq burasını da deyim, şair üçün ən əzablı olanı da elə bu idi - şeirlərin "bezdarnı" olduğunu bilə-bilə, görə-görə onlara "əladır" deyirdi, bu sözü demənin nə qədər işgəncəli olduğunu özündən başqa kimsə bilmirdi.

Bax bu səbəblərə görə şair həkimə lazım idi. Buna görə də arabir şairə zəng edib kefini xəbər alar, bəzən axşam yeməyinə dəvət edər, hər vasitə ilə münasibətini isti saxlamağa çalışardı.

Bəs göz həkimi şairə nə üçün lazım idi? Maraqlı olan da elə budur.

Şairin öz həkim dostundan xəyali bir keçəcəyi vardı: bir zaman gələcək, qocalıq üz verəcək, şairin sözləri zəifləyəcəkdi və ya birdən-birə gözlərinə mirvari suyu gələcəkdi, bəlkə başqa bir göz xəstəliyinə mübtəla olacaqdı - bax o zaman, bax belə bir dar məqamda həkimin imkanlarından faydalanacaq, nəhayət bu günə qədər etmiş olduğu bütün yaxşılıqların əvəzini yavaş-yavaş çıxarmağa başlayacaqdı.

Artıq bu dostluğun yaşı 30 ili ötmüşdü, şair hələ də həkimin gözlər haqqında yazdığı mənasız şeirləri sabrlə oxuyur, müəllifin üzünə onların elə yaxşı olduğunu, belə yaxşı olduğunu tərifləyir, bu qeyri-bərabər dostluğun bütün əzablarına səbrlə dözürdü.

Lakin çox qəribə idi, artıq bütün yaşıdları gözlük taxmağa başlamışdı, cürbəcür göz ağrısına tutulmuşdu, şairin gözləri isə hələ də zəifləmək bilmirdi. Əksinə elə bil qırğı gözüydü, tükü-tükdən seçirdi.

Hər dəfə həkimlə görüşəndə özünün qarşılıqsız olaraq qullanıldığını hiss edirdi, həkimə ürəyində daha dərin nifrət bəsləməyə başlamışdı, ancaq gələcəkdə, nə vaxtsa baş verəcək o hadisənin xatirinə canını dişinə tutub dözür və dözürdü.

Günlərin bir günü səbri tükəndi, artıq yaş ötürdü, zaman daralırdı, nə olursa, olsun, həkimin qəbuluna gedib gözlərindən şikayət edəcək, dava-dərman yazdıracaqdı.

Ağlına necə gəlmişdisə, elə də etdi, gözlərinə soğan suyu sıxıb qızartdı, özünü korluğa vurub əl havasına həkimin qəbuluna girdi.

Artıq istəyinə çatmışdı, həkim canfəşanlıq edir, dostunu bu vəziyyətdən çıxarmaq üçün əlindən gələni edirdi. Şair nəhayət 30 illik dostluğunun bəhrəsini görməyə başlayırdı.

Artıq gözündə eynək vardı şairin - həkim dostunun hədiyyəsiydi, - indi daha artıq şairə bənzəyərdi. Artıq şairin şeirlərini tərifləyəndə vicdan əzabı çəkmirdi.

Doğrudur, bu gözlüyü taxandan bəri gözləri əməlli-başlı zəifləməyə başlamışdı. Ancaq eybi yox, əsas məsələ o idi ki, neçə illik zəhməti hədərə getməmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG