Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:30

Bakı avtovağzalında avtobuslar yoxa çıxıb, qiymətlər qalxıb


Sərnişinlər savaşırdılar ki, niyə 6 manatlıq bilet 10 manata qalxıb
Sərnişinlər savaşırdılar ki, niyə 6 manatlıq bilet 10 manata qalxıb
İsti bir yandan, avtobus yoxluğu da o biri yandan sərnişinləri əldən salıb. Kimisi Bakı Beynəlxalq Avtovağzalında gözünü platformaya dikib, kimisi sərin su axtarır, bir başqası isə yükünün yanında qarovul çəkir… Elələri də var, platformada saatlarla dayanmaqdan yorulub gözləmə zalına keçib, amma qulağını şəkləyib ki, avtobus gələsi olsa, birinci xəbər tuta bilsin.

Gəncəyə gedən avtobusun dayandığı yer boşdur, adi vaxtlarda bir avtobus çıxmamış yerini ikincisi tutar. Amma indi həm Gəncə, həm Qazax avtobuslarının dayandığı yerdə adam əlindən tərpənmək mümkün deyil. Amma marşrutun avtobusları yoxa çıxıb.
Nə baş verib ki, adam çox, avtobus yoxdur?

ANARXİYADIR. BİLETİ 10 MANATA, 20 MANATA DEYİRLƏR

- Saat 9-dan burdayıq, hələ də avtobusa minə bilməmişik.

- Niyə?

- Nə bilim, deyirlər avtobus yoxdur.

- Anarxiyadır. Bileti 10 manata, 20 manata deyirlər. Bilet almışdıq, avtobus olmadı, bileti qaytarmışıq, indi qalmışıq burda. Deyirlər avtobus yoxdur, amma əlavə o qədər «levi» avtobus gedir ki...

- Siz nə vaxtdan gözləyirsiz?

- 1 saatdan çoxdur.

- Hara gedirsiz?

- Şəmkir avtobusunu gözləyirik.

BİLET BAHALANIB

Dispetçer hamının yalan danışdığını və qiymətin bahalaşmadığını söylədi
Bakı-Gəncə marşrutunda dayanan kiçik tutumlu maşının yanında isə sürücüylə sərnişinlər arasında mübahisə gedirdi. Sərnişinlər savaşırdılar ki, niyə 6 manatlıq bilet 10 manata qalxıb. Artıq maşına minib özünə yer tutan ortayaşlı qadın şikayətləndi ki, sürücü sövdələşməyə də yaxın durmayıb:

- Dedi, bilet 10 manatdır. Dedim ki, biz 4 nəfərik, heç olmasa, 8 manatdan verək. Dedi ki, olmaz.

- Mən oturmuşdum. Məni düşürtdü ki, 10 manata aparıram.

Xəstəxanadan yeni çıxdığını söyləyən bir ağsaqqal isə qiyməti 5 manat 65 qəpik olan biletə 10 manat verməsinə haqq qazandırmağa çalışdı:

- Neyniyim ay bala? 2-3 saatdır avtobus gözləyirəm, axırda məcbur oldum bura mindim. Xəstə adamam.

Adını söyləməyən sürücü isə əvvəlcə biletin qiymətini qaldırmadığını desə də, sonradan qiymətin 10 manat olduğunu etiraf etdi:

- Gəncədən boş gəlmişəm ki, adamları doldurum aparım.

«Əgər ordan boş gəlmisizsə, ziyanınızı sərnişinlərin cibindən çıxarmalısızmı?» soruşanda üzünü çevirib getdi. Əlində biletlə özünü yetirən dispetçer hamının yalan danışdığını və qiymətin bahalaşmadığını söylədi:

- Bilet 5 manat 65 qəpikdir. Yalan deyirlər. Bu maşın dolsun, o birisi gələcək.

Sərnişinlərin onu divara qısnadığını görən dispetçer onları 6 manata arxada dayanan «Qazel»də yerləşdirəcəyinə söz verdi. Amma deyəsən, «6 manat» söhbəti arxadakı maşının sürücüsüylə alınmadı, ya nədisə, maşın marşrutdan çıxıb qıraqda dayandı.

Hər il qəbul imtahanları başlayanda və bəzi bayramlarda avtobuslar ya özləri qəhətə çıxır və ya da qiymətləri ceyran belinə qalxır
Dispetçerdən səbəbini soruşanda, həmin «Qazel»in kənar maşın olduğunu söylədi. «Bəs kənar maşın avtovağzalın platformasında nə edir?» soruşanda isə sualımızı cavabsız buraxdılar.

«GÖZÜBAĞLI» NƏZARƏTÇİLƏR


İyulun 4-də ali məktəblərə 3-cü ixtisas qrupu üzrə imtahanlar keçirilib. Sərnişinlər deyirlər ki, hər il qəbul imtahanları başlayanda və bəzi bayramlarda avtobuslar ya özləri qəhətə çıxır və ya da qiymətləri ceyran belinə qalxır. Onlar iddia edirlər ki, avtovağzal rəhbərliyi qəsdən iri tutumlu avtobusların qrafikində seyrəklik yaradır ki, sərnişinlər saatlarla maşın gözləməkdən bezib baha qiymətə razılaşsınlar.

Sərnişinlərlə sürücülər arasında qiymət davası avtovağzala rəhbərlik eləyən «Bakı XXI Əsr» Məhdud Məsuliyyətli Cəmiyyətin nəzarətçilərinin gözü qarşısında baş verirdi. Amma onlar hay-küy salan sərnişinlərin problemini araşdırmaqdansa, bizi ərazidən çıxarmağa çalışdılar. «Bakı XXI əsr»in rəhbərliyilə görüşmək istəsək də, nəzarətçilər dedilər ki, rəhbərlik bizimlə görüşmək istəmir.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Abbasov da gün ərzində dəfələrlə zəng etsək də, telefona cavab vermədi.

Bakı avtovağzalında isə hələ də sərnişinlərin çoxu Dövlət Tarif Şurasının biletlərin məbləğiylə bağlı qərarının tətbiq olunacağını gözləyirlər.
XS
SM
MD
LG