Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:43

«Bizə elə doza verirlər ki, eyforiya yaratmır»


Son araşdırmalara görə, Gürcüstanda 40 min narkotik istifadəçisi «iynələnir»
Son araşdırmalara görə, Gürcüstanda 40 min narkotik istifadəçisi «iynələnir»
26 iyunu bütün dünya «Ümumdünya narkomaniyaya qarşı mübarizə günü» kimi qeyd edib. Bir gün əvvəl isə BMT narkotiklərlə bağlı növbəti hesabatını açıqlayıb.

Hesabata görə, Gürcüstanda tiryəkdən istifadə faizi təxminən 0,6 (0,58%), marixuanadan isə 1,1%-dir. Gürcü həkim-narkoloqlar ölkədə narkotiklərlə mübarizə proqramlarının sayının artdığını bildirirlər. Dövlət və QHT arasında münasibətlər də dərinləşib. Artıq iki ildir ki, Gürcüstanda «Metadona» proqramı həyata keçirilir.

Xəstəliklərə nəzarət mərkəzinin direktor müavini Akaki Qamkrelidze deyir ki, «Metadona» proqramının maliyyə dəstəyi Dünya Bankı və Qlobal Fonddan gəlir. Daha bir yeni dövlət proqramı da var - narkomaniyanın profilaktikasına həsr olunmuş 6 aylıq proqram. Bu layihə çərçivəsində 100 xəstə cəlb olunacaq.

BİZDƏ AÇIQ QAPI SİSTEMİDİR

Qlobal Fondun maliyyə dəstəyi ilə həyata keçirilən «Metadona» proqramı pulsuzdur. Dövlətin «Metadona» proqramı da var, müalicənin 40 faizi xəstə tərəfindən ödənilir, bu da təxminən ayda 150 lari təşkil edir.

Akaki Qamkrelidze: «Bizdə açıq qapı sistemidir, meyarlara uyğun gələn xəstələr gəlir, həkim müayinəsindən keçir və proqrama uyğun gəlirsə, bizə qoşulur».

Akaki Qamkrelidzenin sözlərinə görə, «Metadona» proqramına bu gün 1700 xəstə qoşulub. «Metadona» 24 saat ərzində fəaliyyət göstərir, xəstə hər gün klinikaya gedir, dərman götürür və normal həyatına dönür:

«Artıq iki ildir bu proqrama qoşulan xəstələrimiz var. Elələri də var ki, proqramı tərk edib və indiyə qədər geri qayıtmayıblar. Bu və ya digər xəstənin sağaldığını, digər preparatlar qəbul etdiyini iddia edə bilmərəm, ancaq 10 dəfə artıq ödəmək nəyə lazım? Xəstə qayıda və onu yenidən proqrama daxil edə bilərik».

Müalicə kursu reabilitasiya mərkəzindən keçir. Təəssüf ki, belə bir mərkəz Gürcüstanda hələ ki, yoxdur. Səhiyyə Nazirliyi yeni büdcə ilinin başlanmasını gözləyir.

DİGƏR NARKOTİKLƏR EYFORİYA YARADIR, METADON İSƏ YOX

Zurab Sixarulidze
«Urant» klinikasının rəhbəri, həkim-narkoloq Zurab Sixarulidze bildirir ki, proqram dövlətə daha ucuz başa gəlir. Reabilitasiya və xəstəliyin profilaktikası, qanunverici bazanın təkmilləşdirilməsi – böyük xərc tutur. Zurab Sixarulidze hazırda fəaliyyət göstərən «Metadona» proqramını belə xarakterizə edir:

«Bu proqram digər müalicə üsullarından onunla fərqlənir ki, xəstələr həyatlarını dəyişməyə çalışırlar. Və bu əsasən narkotiklərin təsiri altında baş verir. Yeganə fərqli cəhət odur ki, digər narkotiklər eyforiya yaradır, Metadon isə yox. Bu insanlar həyatlarını yaşayır, müəyyən dava-dərman qəbul edirlər. Məqsəd insanların reinteqrasiyasına nail olmaq, narkotikdən istifadə edən şəxslərin yenidən cəmiyyətə qaytarılmasıdır».

Adının açıqlanmasını istəməyən, şərti adı Lado olan narkoman 17 yaşından narkotik qəbul edib. İndi 43 yaşındadır və qismən ödənilən «Metadona» proqramına qoşulub. Lado əvvəllər narkotik almaq üçün ayda 3 min dollarını sərf edirdisə, bu gün müalicəsinə ayda 150 lari ödəyir. Lado proqrama qoşulma səbəbini belə izah edir:

BİZƏ ELƏ DOZA VERİRLƏR Kİ…

«Vəziyyət elə gətirdi ki, mən bu proqrama qoşuldum. Şəhərdə narkotik yoxdur və buna görə cəzalandırırlar. Əvvəllər bizi tutanda pul verirdik, buraxırdılar. İndi isə bu mümkün deyil. Amerikada insanlar narkotikin təsiri altında iki yüzüncü mərtəbədə inşaatla məşğul olur. Bizə elə doza verirlər ki, eyforiya yaratmır və özümüzü sağlam insan kimi hiss edirik. Bəziləri narkotik çəkməyi atıb, ailəsini bərpa edib, bəziləri ippodroma gedirlər...».

Dövlətin iştirakı barədə bu qədər.

Bəs görəsən QHT-lər bu sahədə hansı işlər görür və narkotiklərə qarşı hansı proqramlar həyata keçirir? «Alternativ Gürcüstan» təşkilatının rəhbəri David Otiaşvili deyir ki, əgər bir neçə il əvvəl cəmi 200 xəstənin müalicə imkanı var idisə, bu gün müxtəlif proqramlar sayəsində 1200-ə yaxın xəstə cəlb olunub. Bu sahəyə dövlət xərcinin artımı da qeyri-hökumət təşkilatlarının xidmətidir.

Otiaşvili Gercüstanda 20-ə yaxın təşkilatın narkotiklərə qarşı proqram həyata keçirdiyini bildirir:

«Bir sıra təşkilat var ki, narkotik istifadəçilərinə müxtəlif cür xidmət göstərir, məsələn, təhsil, məsləhət, şprislərin mübadiləsi proqramı».

DÖVLƏT TƏŞƏBBÜSÜ ÖZ ƏLİNƏ GÖTÜRMƏLİDİR

David Otiaşvili
Otiaşvili QHT-nın bir neçə məktəbdə narkotikin ziyanı barədə epizodik proqramların da kifayət etmədiyini, dövlətin təşəbbüsü öz əlinə almalı olduğunu deyir:

«Dövlət təşəbbüsü öz əlinə götürməli və müdafiə sistemini formalaşdırmalıdır. Bu, bütün məktəblərdə həyata keçirilməlidir. Kadrlar hazırlanmalı və bu proses daimi olmalıdır. Uşaq böyüyür, məktəbi bitirir, növbəti nəsil gəlir, onlara da bu təhsil lazımdır. Məktəbdə peşəkar kadrlar olmalıdır ki, lazımi məlumatı versin. Əgər 3 ay işləyib getsəm, bu heç bir nəticə verməyəcək».

Son araşdırmalara görə, Gürcüstanda 40 min narkotik istifadəçisi «iynələnir». Onların «Metadona» proqramının köməyi ilə narkotik aludəçiliyini atacağı ehtimalı böyük deyil, bunun üçün iradə tələb olunur. Narkotikdən asılı olan insanlar isə deyir ki, bu terapiya onları normal həyata daha çox qaytarıb. Xüsusilə qeyd etmək lazımdır ki, «Metadona» proqramı dünyada daha yaxşı əvəzləyicisi yaranana qədər davam edəcək.
XS
SM
MD
LG