Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Cənub bölgəsində intiharların səbəbləri


Bir igid ömrünü yaşayammadım,
Bu yurdun dərdini daşıyammadım,
Qul olub Tanrıma çıxıb gedirəm,
Bu dəli həsrəti yıxıb gedirəm,
Daha səndə gözüm yoxdu, a dünya.

Bu misraların müəllifi Şəmşir Məmmədov iyunun 27-də Astaranın Şəmətük kəndində - yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib. 42 yaşlı Ş. Məmmədov 4 uşaq atası, bir neçə kitabın müəllifi idi. Çap olunmamış çoxlu şeirləri var. Ovala kənd məktəbinin direktoru işləyirdi. Yaxınları deyirlər ki, onun intihar edəcəyini gözləmirlərmiş.

ƏYALƏTDƏ YAŞAYAN ZIYALILAR ARTIQ ADAMA ÇEVRİLİBLƏR

Azərbaycan Yazıçılar Birliyin üzvü, şair Aqil Yaqub deyir ki, mərhumun kitablarına ön sözü o yazıb:

- Belə bir adam intihar edibsə, deməli, cəmiyyət mənəvi aşılanmaya məruz qalıb. Hər ay intihar hadisəsinin şahidi oluruq. Əyalətdə yaşayan ziyalılar artıq adama çevriliblər. Hamının başı çörəyə qarışıb. Ətrafda baş verənlərdən xəbərsizik.

Azərbaycan Yazıçılar Birliyin digər üzvü, şair İlham İlhami də deyir ki, mərhum Ş. Məmmədov kimi ziyalılar əyalətdə özlərinin ən çətin günlərini yaşayırlar. Mənəviyyatla bağlı çoxlu suallar var ki, cavabı tapılmır. İqtisadi çətinliklər ziyalını alçaldır. Müəllim aldığı maaşla xeyrə-şərə gedə bilmir. Şəmşir Məmmədov da müəllim maaşı ilə yaşayırdı.

«ŞƏMŞİR MƏMMƏDOV RUHİ XƏSTƏ İDİ»


Astara Rayon Təhsil Şöbəsi
Astara Rayon Təhsil Şöbəsindən AzadlıqRadiosuna bldiriblər ki, Ş.Məmmədov ruhi xəstə idi. Ruhi xəstənin direktor vəzifəsində necə işləməsi sualına isə cavab vermədilər.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Son bir ayda cənub bölgəsində bir neçə intihar hadisəsi baş verib. İyunun 12-də Masallıda 15 yaşlı Lalə Abdinova həyətlərindəki təndirxanada özünü asıb. O, Masallı şəhər 1 saylı məktəbin 9-cu sinfini bitirmişdi.

İyunun 15-də Lənkəranda iş adamı 44 yaşlı Fərdi Rzayev özünü kəndirlə asaraq intihar edib. 3 uşaq atası olan F. Rzayevin intihar etməsinin səbəbi bilinmir. Elə həmin gün Cəlilabadın Səmədabad kənd sakini 21 yaşlı Yaşar Əliyev də özünü asaraq intihar edib. Bundan bir gün əvvəl - iyunun 14-də isə Astara rayonunun Şiyəkəran kənd sakini 43 yaşlı, 2 uşaq anası İradə Əsədova özünü öldürüb.

GƏNCLƏR SOSİAL GƏRGİNLİYƏ DÖZƏ BİLMİRLƏR

Lənkəran Məhkəmə Tibbi Ekspertizasının həkimi Natiq Qasımov intiharların müxtəlif səbəblərdən baş verdiyini deyir. Onun sözlərinə görə, gənclər sosial gərginliyə dözə bilmirlər. Onların arasında fanatizim güclüdür, düşünürlər ki, intihar etsələr cənnətə düşəcəklər. Yaşlı adamlar isə vəziyyətdən çıxış yolu tapa bilmirlər, intihara əl atırlar. Həkimin fikrincə, intiharların kökündə əsasən sosial, iqtisadi məsələlər durur.

İSLAMDA İNTİHAR QADAĞAN OLUNUB

Bakı İslam Universitetinin məzunu Ceyhun Məmmədovsa deyir ki, islamda intihar qadağan olunub:

-Allah deyir ki, canı sizlərə əmanət verdim. Bu o deməkdir ki, cana qəsd etmək olmaz. Buna görə də özünə qəsd edən cənnətə düşə bilməz. Lakin elə dini sektalar var ki, ölümü insan həyatında xoşbəxt yol hesab edir. İnsanları özünəqəsdə təhrik edirlər. İntiharların artması əsasən insanlarda mənəvi boşluqla bağlıdır.
XS
SM
MD
LG