Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:35

«ELDƏNİZ ELGÜN NƏ QƏDƏR GEC DEYİL ÜZR İSTƏMƏLİDİR»


Eldəniz Elgün
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Akif Heydərli deyib. Eldəniz Elgünün baş redaktoru olduğu «Unikal» qəzetində Salman Rüşdinin «Şeytan ayələri» adlı kitabının çapına münasibət bildirərkən.

Akif Heydərli deyib ki, bu kitabın adı belə «Quran»a təhqirdir, belə İslama zidd kitablar İslamdan xəbəri olmayanları çaşdıra bilər və bu, məqsədli şəkildə həyata keçirilir:

«Bəllidir ki, bunu heç bir dindar oxumayacaq. Bilmirəm Eldəniz Elgün hansı mükafat münasibəti ilə bu kitabı dərc edir. Bu kitab İslama və cəmiyyətə zərbə vurur. İslamın yayılmasının qarşısını alır. Bizə elə gəlir ki, bu, bir sifarişdir. Belə kitabı oxumaq günahdır. Siz insanları çaşdırmaq və azdırmaq niyyəti ilə bu kitabı çap edirsiniz».

«Unikal» qəzetinin baş redaktoru Eldəniz Elgün isə deyib ki, kitabda maraqlı və ziddiyyətli fikirlər olduğu üçün kitabı nəşr etməyi qərara alıblar. Bu, heç də ilk sayları çapdan çıxan qəzetin təbliğatı üçün düşünülməyib:

«Qəzeti tanıtmaq üçün bir çox təbliğat üsulları var. Konkret bu yoldan istifadə etmək isə ən azı tərbiyəsizlik olardı. Biz İslam dininə fərqli baxışları göstərmək istəyirdik. Bəlkə də o baxışlar düşmən baxışıdır».

Jurnalist deyir ki, kitabın nəşrində qəribə bir şey olmasa da, səs-küyün yaranmasına səbəbkar başqa dövlətlərin maraqlarını Azərbaycanda həyata keçirən bir qrup dindar olub:

«Bir qrup irançı tərəfindən belə bir ajiotaj yaradılıb. İranın «Səhər» kanalı da artıq bu barədə danışır. Onların dediklərində İslam Partiyası və digər təşkilatların yaydığı bəyanatlardakı ifadələr təkrarlanır».

Eldəniz Elgün deyib ki, kitabın nəşrinə etiraz edən həmin partiya bir neçə il bundan əvvəl İrana casusluq etməkdə ittiham olunub və bir neçə üzvü həbs edilib. Jurnalist deyir ki, onlar qəzetdə kitab çap olunan səhifədə «bu İslama zidd yanaşan bir nəfərin yazısıdır» qeydini verirlər.

«NİYƏ MƏHV EDİLƏN İRAN AZƏRBAYCANLILARINDAN DANIŞMIRSIZ»

İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Akif Heydərli isə deyib:

Akif Heydərli
«Yaxşı olardı ki, Eldəniz Elgün nə qədər gec deyil üzr istəsin. Biz istəmirik o rafiq tağılar kimi olsun. Düzdür, Rafiq Tağı sonradan səhvini başa düşdü, üzr istədi».

Eldəniz Elgün isə deyib ki, onlara rəsmi şəkildə müraciət olarsa, onlar kitabın nəşrini dayandırarlar:

«Bizə rəsmi orqanlardan bildirsələr ki, bu kitabın çapı Azərbaycan əxlaqına ziddir, biz də nəşri dayandırıb üzr istəyə bilərik. Hansısa bir təşkilat məndən nəsə tələb edirsə, mən bu tələbi yerinə yetirməyəcəyəm. İslam Partiyası İslamın da belə keşiyində olsaydı, mən sevinərdim. Amma mənim üçüm maraqlıdır ki, onların İslamın beşiyi hesab etdikləri İran neçə illərdir Xocalıdan danışır, Xocalı soyqırımı günü ermənilərlə şadyanalıq edir, Ermənistana neçə ildir dəstək verir… İslamdan söhbət gedirsə, bu məsələ niyə bu günə qədər qaldırılmayıb? İranda milyonlarla azərbaycanlı məhv olunur. Prezident seçkilərindən sonra neçə min adam həbsxanadadır. Neçəsini edam ediblər. Niyə bu qüvvələr İslamın keşiyində durublarsa, bir dəfə demirlər ki, bu, İslam birliyinə ziddir? Eldəniz Elgün 200 tirajlı qəzetdə yazı yazıb. Onu da beş nəfər oxuyub, ya oxumayıb. Buna görə o, üzr istəməlidir? Amma İran boyda bir dövlət İslamın və azərbaycanlıların başına bu hoqqaları açır. Onlar buna görə məsuliyyət daşımırlar, İslamın beşiyi hesab edirlər».

«AZƏRBAYCANDA JURNALİSTLƏR HƏBS OLUNUR, ELDƏNİZ ELGÜN SUSUR…»


Akif Heydərli :

«İran Azərbaycanın qonşu dövlətidir, həm də dost bir dövlətidir. İranla tarixi, mənəvi, mədəni, siyasi, iqtisadi əlaqələr var. Və yəqin ki, davam edəcək. Amma yaxşı olar ki, Eldəniz Elgün Azərbaycandan danışsın. Biz İrandan danışmırıq, o, daha çox İrandan danışır. Görünür, onun orada hansısa bir ilişkiləri var. Azərbaycanda jurnalistlər həbs olunur, Eldəniz Elgün susur. Azərbaycanda günahsız insanlar həbs olunur o, susur. Nəyə görə bəs İrandan danışır, Azərbaycandan danışmır? Azərbaycanın torpaqları işğal altındadır. Bunu yalnız İslam Partiyası deməlidir? İslam Partiyasının vətən yolunda şəhadətə hazır olmasından o, danışmır. İslam humanist dindir. Vətəni sevmək imandandır. İslamda bu var. İslam Partiyası bunu qəbul edib, bu əqidə ilə yaşayır, bu əqidə ilə də yaşayacaq. Ona görə də heç bir Azərbaycan vətəndaşının şübhəsi olmasın ki, biz Azərbaycan cəmiyyətinin müəyyən bir hissəsini təmsil edirik. Onların adından danışmağa da haqqımız var. Lazımdırsa, onların etirazını Eldəniz Elgünə təqdim edək».

RAFİQ TAĞI: «ŞEYTAN AYƏLƏRİ İSLAMI TƏHQİR ETMİR»


Rafiq Tağı
Müzakirələrdə iştirak edən yazıçı Rafiq Tağı isə deyib ki, o, dini faşizmə qarşıdır.

«Başqa dinlərdə də belə anti-kitablar var. Onlar daim çap olunmaqdadır. Alternativ fikir kimi insanları düşündürür. Belə kitablar heç də İslamı təhqir etmir. Bu baş verənlər onu göstərir ki, İslam dünyasında tolerantlıq yoxdur. Bu bir daha sübut edir ki, ictimai durum hələ xəstədir».

Yazıçıya görə, belə kitabların çapına Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi münasibət bildirməlidir.

Akif Heydərli isə Rafiq Tağını qərəzli və təxribatçı mövqedə olmaqda günahlandırıb:

«Eldəniz Elgünün kimdən məsləhət aldığı məlum oldu».

«ONLARIN HANSI HAQQI VAR MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏYƏ?»


«Qanun» nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu isə deyib ki, belə kitablar bütün dünyada çap olunur:

«Dini qurumların bu kitabın çapına belə aqressiv yanaşması pis haldır. Bu, pis presedent ola bilər. Mən bunun nəşrinə normal yanaşıram. Aqressiv münasibət göstərənlərə deyirəm ki, bu, düzgün yol deyil».

Şahbaz Xuduoğlu deyib ki, belə hallar media ilə dini qurumlar arasında süni qarşıdurmadan başqa bir şey deyil:

«Hədələrlə hüquq-mühafizə orqanları məşğul olmalıdırlar. Kimsə bu kitabın nəşrindən mənəvi iztirab çəkib? Nəyə görə, hansı əsasla Eldənizi ittiham edib məhkəməyə vermək olar ki? Onların hansı haqqı var məhkəməyə müraciət etməyə?..».
XS
SM
MD
LG