Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:59

Kimlərsə Obamanın Rusiya ilə münasibətini pozmaq istəyir?


Sergey Lavrov
Moskva ABŞ-ın 11 nəfəri Rusiyaya işləməkdə ittiham edib həbs eləməsini çox sərt, hətta kinayəylə qarşılayıb. Xarici İşlər naziri Sergey Lavrov həbslərlə bağlı verdiyi ilk açıqlamada bu xəbərin élan edilməsi vaxtının xüsusi incəliklə seçildiyini demişdi.

Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda casusluqla bağlı iddiaları əsassız və yersiz adlandırıb, Vaşinqtonu «Soyuq müharibə» dövrünün oyunlarına əl atmaqda ittiham eləmişdi. Üstəlik, bəyanatda deyilirdi ki, bu həbslərin Rusiya prezidenti Dmitri Medvedevin ABŞ-a səfəri, Barak Obamayla müsbət atmosferdə keçən görüşündən sonra baş verməsi təsadüfi deyil.

«SİZDƏ POLİS DEYƏSƏN ƏL-QOL AÇIB»

Rusiyanın eks-prezidenti, indiki Baş naziri Vladimir Putin isə Moskvada olan ABŞ-ın eks-prezidenti Bill Klintonla görüşdə Amerika polisinə sataşıb:

«Sizdə polis deyəsən əl-qol açıb, insanları tuturlar, işləri budur da. Amma ümid edirəm ki, bizim ikitərəfli münasibətlərimizdəki son vaxtlar gördüyümüz inkişaf bu olaylar
Anna Çapman
üzündən zərər görməyəcək».

Rusiyanın Xarici Kəşfiyyat Xidməti hələ ki, amerikalıların iddialarını şərh eləməyib. Amma Qərb mediası, xüusən də həbs eidlənlərdən birinin - Anna Çapmanın 28 yaşlı qız olması və çəkinmədən şəkillərini bütün sosial şəbəkələrdə yerləşdirməsi üzündən olayı geniş işıqlandırır.

ABŞ-ın Federal Təhlükəsizklik Agentliyi iddia edir ki, Anna Çapman və digərləri Rusiya üçün casusluq eləyib, çox uğurla qarşıya qoyulan tapşırıqları yerinə yetirirmişlər. Amma Amerika xəfiyyələri öncə Çapmanın izinə düşüb, sonra öz adamlarını dəstəyə yeridib və onları tora salıblar. Bundan duyuq düşən bəzi dəstə üzvləri ölkəni tərk eləməyə çalışanda, iyunun 27-də həbsləri gerçəkləşdiriblər. 10 nəfəri ABŞ-da həbs ediblər, biri isə Kiprdə…

Britaniya və İrlandiya polisi də bildirib ki, indi casusların onların ölkələriinn pasportlarından istifadə edib-etmədiyini araşdırırlar.

BƏZİ QÜVVƏLƏR PREZİDENT OBAMAYA XƏBƏRDARLIQ ELƏMƏK İSTƏYİB Kİ, RUSİYAYLA EHTİYATLI OLSUN


Aleksandr Goltz
Amma Rusiyada çox fərqli düşünürlər. Moskvadan ekspert Aleksandr Goltz deyir ki, bu, Amerikada kimlərinsə Obama-Medvedev yaxınlaşmasından narahat olduğunu göstərir:

«Təbii ki, Federal Təhlükəsizlik Xidməti - FBİ bu qrupu əlverişli məqama saxlayıbmış, çünki onlar qrupu 2003-cü ildən izləyib. Amerikada bəzi qüvvələr prezident Obamaya xəbərdarlıq eləmək istəyib ki, Rusiyayla ehtiyatlı olsun. Baş verənlərin səbəbi əslində budur».

Rusiyanın yüksək rütbəli rəsmiləri kimi, parlamentarları da ABŞ-dakı həbsləri qurama sayırlar və ittihamları gülməli adlandırıblar. Ağ Evin rəsmisi Robert Gibbs deyib ki, prezident Barak Obamaya bu həbslərlə bağlı məlumat verilmişdi, amma Obama Medvedevlə məsələni müzakirə etməyib. Çünki iki ölkənin kəşfiyyat idarələri arasında bu cür hallar siyasətə təsir eləmir.

Əvvəllər KQB agenti olan, indisə Britaniyada təhlükəslizlik eksperti olan Oleq Qordiyevski deyir ki, əslində amerikalılara inanmaq olar. Və əksinə, 7 ildir izlənən şübhəlilərin qaçmaq ehtimalı olmasaydı, yəqin amerikalılar siyasət xətrinə onları indi həbs etməzdilər də.

Qordiyevski indi ABŞ-da təxminən 460 Rusiya casusunun olduğunu və bunlardan 60-nın məhz tutulanlar kimi, gizli, qanunsuz casuslar olduğunu da əlavə edir.
XS
SM
MD
LG