Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08

«Bu «Azadlıq» bloku 2005-ci ildə mövcud olan blok deyil»


Fuad Qəhramanlı
«İqtidar-müxalifət qarşıdurmasını iqtidar-cəmiyyət qarşıdurması müstəvisinə keçirəcəyik».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı deyib.

İyulun 3-də Müsavat Partiyası və DUİ-nin aksiyası ilə eyni gündə «Azadlıq» blokunun aksiya keçirməsinə qərar verməsinin səbəblərinə toxunan AXCP rəsmisi deyib ki, eyni vaxtda aksiyaların keçirilməsi birgə mübarizə üçün ictimai zəmindir. Bu, aksiyaların ictimai rezonansını artıracaq.

Fuad Qəhrəmanlının fikrincə, müxalifət qüvvələrinin keçirdiyi aksiyalar siyasi nəticəsini verir:

«Hakimiyyət bu aksiyalardan sonra daha mürtəce dəyişikliklərə getdi. Azərbaycanda sərbəst toplaşmaq azadlığı beynəlxalq təşkilatların gündəminə oturub. Hakimiyyət əmin deyil ki, növbəti parlament onun nəzarətində formalaşacq. Ona görə parlamentdə bəzi qanunlara düzəlişlər edir».

AXCP-nin sədr müavini deyib ki, «Azadlıq» bloku seçki ərəfəsində cəmiyyətin qorxu xofunu yararaq, hakimiyyəti fakt qarşısında qoyacaq:

«Hakimiyyət güclü olmuş olsaydı, sərbəst rəqabət aparardı».

Fuad Qəhrəmanlı deyib ki, AXCP müxalifətdə olan güclərin birləşməsinə səy göstərir.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə deyib ki, eyni gündə mitinq keçirilməsinə baxmayaraq, bu aksiyalar şəhərin müxtəlif yerlərində baş tutacaq. Amma bu aksiyalar müxalifət üçün yox hakimiyyət üçün problemlər yaradacaq.

Arif Hacılı
Arif Hacılı deyib ki, «Azadlıq» bloku Müsavat Partiyasından sonra iyulun 3-də aksiya keçirmək barədə qərar qəbul edib:

«Müsavat Partiyası olaraq biz AXCP ilə birgə aksiya keçirməyə hazırıq. «Azadlıq» bloku ilə aksiya keçirməyə isə müəyyən nüanslar imkan vermir».

Arif Hacılının sözlərinə görə, AXCP «Azadlıq» bloku ilə birgə Müsavat Partiyasına aksiya keçirmək barədə təklif edib:

«Onlar tək AXCP olaraq bizə təklif versələr, bu bizim tərəfdən müsbət qarşılanar».

Arif Hacılı deyib ki, hazırda fəaliyyət göstərən «Azadlıq» bloku 2005-ci ildə mövcud olan «Azadlıq» bloku deyil:

«Biz Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, AXCP ilə birgə olmağa hazırıq. Bu «Azadlıq» blokunda 2005-ci ildə olanlardan yalnız AXCP var».

Arif Hacılı deyib ki, müxalifət keçirdiyi mitinqlərlə kütləvi aksiyaların keçirilməsi üçün daha uğurlu yerlərin alınmasına nail olacaq:

«Hakimiyyət çəkinmirsə Azadlıq meydanında kütləvi aksiya keçirməyə icazə versin, biz də ora adam toplaya bilməyib rüsvay olaq».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG