Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:47

Əfqan Nəsirli "Tərslik" (Hekayə)


O gün bərk əsəbiləşdim. Sanki ürəyimdə nə tutmuşdumsa, bütün işlərim tərsinə oldu.

Hər görəcəyim işdə bir problem yarandı. İşlərimin tərs gətirməsinin səbəbini axtardım.

Ancaq elə bir tutarlı əsas olmadı. Heç kim haqqında pis düşünməmişdim. Hamıya gülərüzlə cavab vermişdim. Hətta evdə yoldaşımla da mehribanlıqla danışmışdım.

Cibimdə pul az olmasına baxmayaraq uşaqların qəlbini qırmamamaq üçün nə istəmişdilərsə almışdım.

Səhər evdən çıxanda da qarşıma qonşulardan heç kim çıxmamışdı. Hətta qarşımdan nə qara pişik keçmişdi, nə də it.

Bəs görən işlərin düz gətirməməmsinə səbəb nə ola bilərdi?

Nə qədər düşündümsə də bir cavab tapa bilmədim. Artıq saat beşə az qalırdı. Düşündüm ki, əgər indiyə kimi bir işim düz gətirməyibsə, bundan sonra da bu gün hər hansı bir problem dalınca getmək mənasızdır.

Onsuz da alınmayacaq. Bu isti havada da indidən evə gedib nə edəcəkdim. Vaxt öldürmək üçün dostum Vahidə zəng etdim. Vahid yaşca məndən böyük idi. Arıq, uzunboy bədəni vardı. Saçını daim arxaya darayardı.

Geyimində səliqə-səhman əskik olmazdı.

Zəngin biliyə malik olan Vahid, həm də çoxlu lətifələr və məsəllər bilirdi.

Çətin anlarda ona müraciət edir, bir az dərdləşib, ürəyimi boşaldıb yüngülləşirdim. Telefonu gec açdı:

- Salam.

- Salam, Vahid, sənsən?

- Bəli.

- Vaxtın varsa bir az oturub söhbət edək.

- Bir problem var?

- Yox, elə-belə. Mənim də işim yoxdur. Dedim bir pivə içib dərdləşək.

- Olar. Yarım saata “20 Yanvar”da həmişəki yerdə ol, gələrəm.

- Oldu –deyib telefonu qapatdım.

İş otağından çıxıb həmişə oturduğumuz kafeyə tələsdim. Nə qədər tez gəlsəm də, Vahid artıq orada idi. O, da sanki bir sözə bənd imiş. Qabağında bir bakal pivə stolun birində tək oturmuşdu. Salamlaşıb stulda əyləşdim.

Əlimlə qulluqçuya bir bakal da gətirməsini işarə verdim. Hal-əhvalını soruşdum. Sualıma sualla cavab verdi:

- Nə olub, gözümə birtəhər dəyirsən?

- Əslində heç nə olmayıb. Ancaq işlərim heç düz gətirmir. Bu gün səkkiz məsələni həll etməli idim. İşi həll edəcək ikisi sözünə yalançı oldu. İkisini də gözləməkdən yoruldum, düzəlmədi. Biri də yerində olmadı.

O biri üçünün də ardınca getmədim. Üstəlik kompyuterim də xarab oldu. İş telefonunu da kəsiblər. İşıqlar da söndü – deyib, bir himə bənd imiş kimi şikayətləndim. Sözümü qurtarmamış:

- Daha denən bədbəxtlik basıb ki, səni. Kimin xətrinə dəymisən? –Vahid pivədən bir qurtum alıb soruşdu.

- Səhərdən elə onu düşünürəm. Vallah, dünəndən hamı ilə xoş danışıram. Kim nə istəyibsə, onu da eləmişəm. Səhər evdən çıxanda da qarşıma nə bir adam, nə bir ins-cins çıxıb.

- Hə, bilirsən, nə yadıma düşdü? – o, əlindəki bakalı stolun üstünə qoyub arxayınlıqla danışmağa başladı,- günlərin birində qırx beş - əlli yaşında biri mollanın yanına gəlib soruşur: “Ay Molla, eşitdiyimə görə, bu dünya belədir ki, həyatda nə etsən əvəzini görəcəksən.

Bax, indi məsələn, mən sənə bir şillə vursam, Allah-təala onun əvəzini nə qədər vaxtdan sonra mənə qaytaracaq”?

Molla səbrlə cavabında deyir: “Doğru eşitmisən, mənim balam. Allah-təalanın səbri böyükdür.

Bu qırx gündən qırx ilə qədər çəkə bilər”. Mollanın cavabından sonra həmin adam ona bir şillə vurub - “Mənim əlli yaşıma az qalır.

Doxsan yaşıma da Allah bilir çatacam, ya yox” – deyir və molladan uzaqlaşır. Aradan on – on beş dəqiqə keçməmiş yolda ayağı məftilə ilişir və ağzı üstə yıxılır.

Yerə bərk dəydiyindən ağzı – burnu al qana boyanır. Durub qanını yuyub tez mollanın yanına gəlir və hirslə soruşur: “Molla, bəs sən dedin ki, sənə vurduğum şillənin əvəzi qırx gündən qırx ilə qədər çəkə bilər.

Bu heç qırx dəqiqə də çəkmədi axı”? Molla dodaqaltı gülümsəyərək deyir: “ Mənim balam, kim sənə dedi ki, bu mənə vurduğun şillənin əvəzidir. Bu, nə vaxtsa, kimə isə vurduğun şillənin əvəzidir ki, Allah – təala onu indi sənə qaytarır”.

Vahidin çəkdiyi bu məsəl məni xeyli düşündürdü. Xəyalən bir az keçmişə qayıdıb nə günah işlətdiyimi düşündüm.

Ancaq yenə də ağlıma bir şey gəlmədi.

- Axı bu məsəlin mənə nə aidiyyatı var? Mən bilən, mənim elə də böyük qəbahətim, ya günah işim olmayıb – deyə, günahsız olduğumu Vahidə çatdırmaq istədim.

- Deməli, qismət belə imiş, - o, bu sözlərlə heç nə olmayıbmış kimi, öz taleyi ilə barışdığını mənə çatdırmaq istədi. Araya sükut çökdü. Hər ikimiz acgözlüklə pivə bakalını başımıza çəkdik. Vahid dərindən nəfəs alıb sözə başladı:

- Hə, deməli, bir gün də yenə bir cavan oğlan mollanın yanına gəlib soruşur: “Ay, Molla, sən çox oxumuş adamsan.

Deyə bilərsənmi ki, mənim bu işlərimin axırı necə olacaq”? Cavabında molla deyir: “Mənim balam, çətini qırx yaşına qədərdir”.

Oğlan sevincək mollanın sözünü kəsir: “Deyirsən, yəni qırx yaşımdan sonra hər şey düzələcək, əla olacaq”? “Xeyr, mənim balam, ondan sonra da vərdiş edəcəksən”,-deyə molla cavab verir.

Vahidin nə demək istədiyi mənə aydın oldu. Ancaq mən heç çürə onunla razılaşa bilməzdim:

- Düzdür, atalar deyib ki, xəstə sağalacaq olsa həkim qənşər gələr. Eyni zamanda Allah-təala buyurub ki, səndən hərəkət, məndən bərəkət, - deyə, fikrimi bildirdim.

- Onda belə çıxır ki, sənə yaxşı cadu-filan ediblər. – Vahidin bu sözündən sonra heç birimiz danışmadıq. Hərəyə bir bakal da pivə içib ayrıldıq. Şəhərdə veyllənməyi lazımsız bilib evə tələsdim.

Fikirləşdim ki, gedib evdə çimib-yaxalanım, bir az da dincəlim, bəlkə onda bu cadu-filan məndən uzaqlaşa. Yoldaşıma zəng edib bildirdim ki, mən gələnə qədər hamamı qızdırsın.

aQapıdan girər-girməz özümü hamam saldım. Su isti idi. Yaxşıca yuyundum. Bütün yorğunluğum canımdan çıxdı.

Özümü lap cavan oğlan kimi hiss edirdim. Dəyişək paltarlarım yataq otağında divanın üstündə idi. Onların tərs üzünə olması diqqətimi çəkdi. Şkafa tərəf getdim.

Qapısını açıb mənə aid olan paltarlar yığılan rəfə baxdım. Gözlərimə inanmadım. Bütün paltarlar, corabım da, şalvarım da tərs üzünə səliqə ilə yığılmışdı.

Hətta köynəklərim də asılqandan tərs üzünə asılmışdı. Sanki indi hər şey mənə aydın oldu. Bütün ovqatım yenidən pozuldu. Əsəbi halda yoldaşımı çağırıb səbəbini soruşdum. Cavabında:

- Tərs üzünə olanda həm maşın yaxşı yuyur, həm də təmiz qalır,- dedi.

- Mən də deyirəm, işlərim niyə düz gətirmir. Bir də mənim paltarlarımı tərs üzünə saxlama – yoldaşıma tapşırdım və əsəbi halda bütün paltarları düz üzünə çevirdim.

Gecəni çox rahat yatdım. Sabah evə gələndə üzüm gülürdü...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG