Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 04:35

Daşqından canını qurtaranlar sosial problemlər burulğanında


Orta məktəbdə məskunlaşan sakinlər
Orta məktəbdə məskunlaşan sakinlər
«(Ağlaya-ağlaya) Altı uşaqla burda acından qırılırmışıq, amma bir kişi gəlib bizə baxmayıb».

Sabirabad rayonunun Ağaməmədli kənd orta məktəbində məskunlaşan Yaxa Dəllək kəndinin evi su altında qalan sakinlərindən biri Rizvan Mahmudov belə deyir. O baxımsızlıqdan, laqeydlikdən narazıdır.

Dediyinə görə, kəndlərini su basandan sonra onları əvvəlcə Şirvan şəhərindəki çadır düşərgəsinə aparıblar. Bir müddət sonra onları oradan çıxarıb şəhərdəki 21 saylı məktəbə köçürüblər.

Bir ay da orda qalandan sonra Mahmudovları digər 15-ə yaxın ailə ilə birgə Yaxa Dəllək kəndinə bitişik olan Ağaməmədli kənd orta məktəbinə köçürüblər.

Kənd sakinləri iddia edirlər ki, Şirvan şəhərindən çıxanda onlara daha yaxşı şəraitlə təmin olunacaqları ilə bağlı söz veriblər. Amma verilən sözün əvəzinə hələ də quru döşəmənin üstündə yatırlar:

«Bizi ordan çıxaranda dedilər ki, hər bir şəraiti olan yerə aparırıq, orda hər şey var idi, indi heç kim maraqlanmır ki, necə yaşayırsız, yeməyiniz , içməyiniz varmı? Xəstə yoldaşım və iki uşağım qalmışıq belə, dərman almağa pulum yoxdur».

BİZƏ VERİLƏN QURU ÇÖRƏYİ İTƏ ATSAN YEMƏZ

Sakinlərin dediyinə görə, onlara əvvəlcə beş gündən bir verilən ərzaq yardımını da nəyə görəsə indi 12 gündən bir verməyə başlayıblar. Bundan başqa adamlar verilən ərzağın həm azlığından, həm də keyfiyyətindən narazıdırlar:

«Xarab yumurtanı gətirib bizə verirlər. Bizə verilən quru çörəyi heç itə atsan it onu yeməz. Bizə xarab olmuş ərzaq verirlər, nəyimizə lazımdır o?
50 evdən 30-nun dağıldığı Xankeçən kəndi
Bizə evimizi versinlər gedib yığışaq yaşayaq. Şor, yeraltı su içirik, uşaqlarımız hamısı düşüb xəstəliyə. Nə uşaqlarımızın əyni-başı var, nə yardım var, bizi bir tərəfə çıxarsınlar. Yaxa Dəllək kəndinin adı heç yerdə çəkilmir, elə bil bu kənd su altında qalmayıb».

Kürdə suyun səviyyəsi aşağı düşsə də, su altında qalan yaşayış məntəqələrinin bir hissəsi qurusa da, adamlar hələ də evlərinə qayıtmırlar. Səbəb kəndlərdə yaşayışa yararlı evlərin qalmamasıdır. Əlli evdən 30-nun dağıldığı Xankeçən kəndində yalnız bir ailəyə rast gəldim. Onlar da dağılan evin həyətində müvəqqəti yaşayış üçün nə isə bir yer düzəltməyə çalışırdılar:

«Bu gün gəlmişik istəyirik hökumət evlərimizi tikənə qədər bir daxma düzəldək, yığılaq ora».

Sakinlər hökumətə ümidlidirlər. Evləri, torpaqları qeydiyyata alınan kənd sakinləri hesab edirlər ki, hökumət tezliklə dəyən ziyanı ödəyəcək və onlara yeni evlər tikiləcək:

«Göydə Allaha, yerdə də hökumətə ümidliyik, mənim ev tikməyə imkanım yoxdur, hökumətə ümid edirəm».

Su altında qalan kəndlərin problemləri oxşardır. Hamı hökumətin atacağı addımı gözləyir. Amma qarşıda elə də çox vaxt qalmadığını bildirən adamlar hökuməti tələsməyə çağırırlar.

ƏSGƏRLƏR VƏ POLİSLƏRLƏ QORUNAN ÇADIR DÜŞƏRGƏSİ

Daşqınlar davam edəndə Şirvan şəhərində salınan çadır düşərgəsində üç minə yaxın adam məskunlaşsa da, indi onların çoxu buranı tərk edib. Adamlar getdikcə də çadırlar da sökülüb.
Yaxa Dəllək kəndi su içində
İndi düşərgədə 50-yə yaxın çadır qala ya qalmaya. Sakinlərlə söhbətdən aydın oldu ki, qaçqınların bəziləri təhlükə sövuşduğundan kəndlərinə, yaxınlarının evlərinə getsə də, əksər adamlar isti hava şəraitinə dözməyərək düşərgəni tərk ediblər.

Düşərgədə söhbətləşdiyim adamlar onlara göstərilən qayğıdan razılıq eləsələr də, narazılıqlar da az deyil. Yaxınlıqdakı restoranda gündə üç dəfə yemək verilməsini, daim həkim nəzarətində olmalarını razılıqla qarşılayan sakinlər, 20 gündən bəri çadırda yaşayanlara çay və qənd verilməməsindən şikayətlənirlər.

Bundan başqa, düşərgəyə gələnlərə, düşərgədən çıxanlara ciddi nəzarət edilir. Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları düşərgəyə gələnlərin yalnız kimliyini öyrənsələr də, düşərgədən kənara çıxanların əllərindəki zənbilləri yoxlayırlar. Polislər və əsgərlər deməsə də, adamlardan öyrəndim ki, yoxlamalar düşərgədə verilən ərzaq və digər malların kənara çıxarılmasının qarşısını almaq üçündür.

Çadır şəhərciyində məni də yoxladılar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hardan gəldiyimi, şəhərciyə necə girdiyimi, onlardan niyə rəsmi icazə almadığımı, adamlardan nə soruşub, nə yazdığımı soruşdular.

Bir müddət sorğu-sualdan sonra məni qərargaha dəvət etdilər. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə bu barədə məlumat vermək istədilər. Amma xidmətin rəhbəri telefon zənginə cavab vermədiyindən mənə düşərgəni tərk etməyi
İndi düşərgədə 50-yə yaxın çadır qala ya qalmaya
məsləhət gördülər.

ƏRZAQ ƏVƏZİNƏ CİB XƏRCLİYİ

Düşərgədə yaşayanların dediklərindən aydın oldu ki, onlar pulsuzluqdan əziyyət çəkirlər. Elə bu səbəbdən də uşaqlara verilən peçenye, vafli və ərzaq mallarını bir neçə dəfə aşağı qiymətə yaxınlıqdakı bazar və mağazalara satıb pul əldə edirlər.

Adamlar deyirlər ki, onlara ərzaq əvəzinə ayda 50 manat cib xərcliyi versələr, daha yaxşı olar.

NAMUSUMUZU-QEYRƏTİMİZİ DƏ BİZDƏN AYIRIRLAR

Adamlar onu da dedilər ki, hökumət nümayəndələri onlara bir-iki günə çadırlardan yataqxanalara köçürüləcəkləri ilə bağlı xəbərdarlıq ediblər. Mən orda olan gün hətta 10-dan artıq ailəni Şirvan şəhərindəki 21 saylı məktəbə aparıblar, amma adamlar onlara edilən təkliflə razılaşmayıb çadır düşərgəsinə dönüblər.

Sakinlərin dediyinə görə, hökumət çadır düşərgəsini tamamilə ləğv etmək istəyir. Amma bunun səbəbi onlara aydın deyil.

Çadırda qalanlara iki təklif edilib, ya beş-altı ailə bir yerdə qalmalıdır, ya da qadınlarla kişilər ayrı-ayrı otaqlarda məskunlaşmalıdırlar.
Mübariz Əliyev
Təkliflərin heç biri ilə razılaşmayan sakinlər yenidən çadıra dönüblər. Bala Həşimxanlı kəndindən Mübariz Əliyev:

«20 ailəni bir yerə yığırlar, kişilər ayrı, qadınlar ayrı. Bura türmə deyil, indi Avropa standartlarına görə, heç türmələrdə bir otaqda bir-iki nəfər olur. Bu nədir belə, başa düşə bilmirəm, niyə belə edirlər. Burda heç iki yüz adam qalmayıb onları harasa yerləşdirmək nə problemdir ki…Heç Afrika ölkələrində belə bir şey yoxdur. Biz hər şeyimizi itirmişik, bir namusumuz- qeyrətimiz qalıb. Namusumuzu-qeyrətimizi də bizdən ayırırlar. Mən öz yoldaşımı bir dəqiqə belə özümdən ayıra bilmərəm».

DAŞQIN HƏM DƏ AYRILIĞA SƏBƏB OLUB

21 saylı məktəbdə hazırda 20-dən çox ailə yaşayır. Onlar təkliflə razılaşanlardır. İndi həmin məktəbdə kişilərlə qadınlar ayrı-ayrı otaqlarda qalırlar. Məktəbdə söhbət elədiyim Azadakənd sakinləri deyir ki, çətin də olsa, belə şərait çöldə qalmaqdan yaxşıdır.

Fövqəladə Hallar Nazirliyinin düşərgədəki nümayəndəsi burada baş verənlər, əhalinin köçürülməsi və s. barədə sualları cavablandırmadı. Nazirlik nümayəndəsi yuxarıların razılığı olmadan mənim verdiyim suallara cavab verə bilməyəcəyini dedi.
XS
SM
MD
LG