Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:15

«Ordudan evimi tələb edirəm»


Son bir ildə Azərbaycan ordusu 50 zabit və əsgərini itirib
Son bir ildə Azərbaycan ordusu 50 zabit və əsgərini itirib
Dərdini bizə danışan hərbçi xanımıdır, əri hələ sovet dövründən orduda xidmət edir. Əlavə problemləri yaranmasın deyə, əsl adını çəkmirik. Şərti olaraq, Səmayə Kərimova deyəcəyimiz qadının ailəsi evsizlikdən dad döyür. Səmayə xanım danışır ki, üç uşağın böyüdüyü ailə nə dövlət hesabına kirayədə qalır, nə də onlara xidməti mənzil verilir. Bakıda yerləşən hərbi hissələrin birinin yüksək rütbəli zabiti olan ərinin döymədiyi qapı qalmayıb:

- Mən ordudan ev tələb edirəm. 25 ili tamam oldu ərimin orduda çalışmağının. Ombudsman Aparatına, Prezident Aparatına müraciət edib. Hər dəfə də təzyiqlər görüb. 540 manat maaş alır yoldaşım. Beş baş külfət, təsəvvür eləyin, necə yaşayırıq, necə kirə verə bilərdik?

Səmayə Kərimova deyir ki, qayğılarla yüklənən təkcə onun əri deyil, tanıdığı bir çox zabitlərin imkanı olsa, ordunu tərk edər. O, son vaxtlar ordunun vəziyyətindən ağız dolusu danışan yüksək rütbəli məmurlara inanmadığını söyləyir, deyir ki, əgər ordunun vəziyyəti yaxşıdırsa, onda niyə zabitlər məişət qayğılarının içində itib-batırlar?

«SİYASİ RİTORİKA»


Ordunun maddi-texniki bazasının inkişaf etməsindən ölkə prezidenti də danışır. Silahlı Qüvvələrin 92 illiyi münasibətilə təlimlərdə iştirak edən prezident deyib ki, indi Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi büdcəsindən artıqdır. 2010-cu il üçünsə hərbi xərclər nə az, nə çox 2 milyard 150 milyon təşkil edəcək.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti təşkilatın rəhbəri Ələkbər Məmmədov isə deyir ki, pul hər şeyi həll etmir.

Ələkbər Məmmədov
Onun sözlərinə görə, Azərbaycan ordusunda zabitlərin sosial qayğılarından tutmuş kadr keyfiyyətinə, korrupsiya, «dedovşina» hallarına, psixoloji duruma, maddi-texniki təchizata qədər onlarla problem sadalamaq olar:

- Problemlər var və əlbəttə ki, bu problemlər ordunun güclənməsinə, qalib gəlməsinə mane olan amillərdir.

«ORDUNU DƏDƏ-BABA ÜSULUYLA İDARƏ EDİRLƏR»


Ələkbər Məmmədov son vaxtlar siyasi tribunalarda səslənən müharibə çağırışlarını boş ritorika sayır: «Çünki ildən-ilə artan bu cür ciddi problemlərin fonunda silahlı qüvvələrin uğurundan danışmaq çətindir».

Onun fikrincə, «dədə-baba» üsullarıyla idarə olunan orduyla uzağa getmək olmaz:

- Orduda NATO standartları tətbiq olunmalıdır. Geyimlə, kazarma rəngləməklə NATO standartına uyğunlaşmaq olmaz. Gərək hüquqi baza bu standartlara uyğunlaşsın.

«TORPAQLARI ON GÜNƏ AZAD EDƏR ORDU»


Amma «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli ordunun uğurlu əməliyyatlar keçirmə qabiliyyyətinin yüksək olduğu qənaətindədir. Onun fikrincə, 2000-ci ildən bəri ordunun maddi-texniki bazası möhkəmlənib, kadr potensialı yüksəlib:

- Azərbaycan Silahlı Qüvvələri çox qısa zaman kəsiyində torpaqları işğaldan azad etmək gücündədir. Bu 10 günə də baş verə bilər, 1 ay ərzində də.

Zahid Oruc
Son bir ildə Azərbaycan ordusu 50 zabit və əsgərini itirib, onun əksəriyyəti qeyri-döyüş şəraitində həlak olub, yəni ya yoldaşı tərəfindən güllələnib, ya da intihar edib. Bəs bu faktlar ordunun vəziyyətini necə xarakterizə edir? Cəsur Sümərinli də son 8 ildə həyatını itirən 400-ə yaxın hərbçinin əksəriyyətinin qeyri-döyüş şəratində öldüyünü və bu rəqəmlərin «çox həyacanlandırıcı» olduğunu deyir.

«SUSMAMAQ VƏTƏNPƏRVƏRLİKDİR, AMMA…»

Millət vəkili Zahid Oruc də ayrı-ayrı hərbi hissələrdə problemlər olduğunu etiraf edir və əsgər-zabit münasibətlərinin hüquqi müstəviyə keçməməsindən təəssüflənir:

- Əlbəttə, etiraf etmək lazımdır k, yeni qurulan ordunun ayrı-ayrı hissələrində özünəməxsus problemlər olmamış deyil, bu da mediaya sızır, çox ciddi reaksiyalar doğurur. Bu da başa düşüləndir, çünki ictimai rəydə orduya həssas bir münasibət var. Belə olması yaxşıdır, çünki insanlar biganə deyillər.

Bununla belə, o, ölkə hərbisinin qonşu ölkələrlə müqayisədə daha hazırlıqlı və döyüş qabiliyyətli olduğu fikrindədir. Zahid Oruca görə, əsgər haqqı tapdananda susmamaq vətənpərvəplikdir, susmaq yox, amma onun fikrincə, neqativ halları ümumiləşdirib ordunun zəifliyi kimi təqdim etmək düzgün deyil.
XS
SM
MD
LG