Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:54

«Dövlət başçısının mülkü olmalıdır. Niyə də olmamalıdır?»


Həvva Məmmədova
Həvva Məmmədova
Ülviyyə Əsədzadə:

Qonağımız bitərəf deputat, Milli Məclisin İnsan Haqları komitəsinin üzvü Həvva Məmmədovadır. Həvva xanım, studiyaya gəldiyiniz üçün təşəkkür edirəm.

Həvva Məmmədova:

Mən təşəkkür edirəm dəvətinizə görə.

Ülviyyə Əsədzadə:

İstəyirəm qaynar məsələdən başlayaq. İnsan haqları komitəsinin üzvü kimi. Müxalifyönlü «Azadlıq» qəzetinin müxbiri Natiq Güləhmədoğlu döyülüb. Qarşı tərəf isə deyir ki, o məni döyüb. Yəni bir-birlərindən şikayətçidirlər. Birinci hadisə deyil bu. İndiyə qədər oxşar ssenarilər olub. Bundan əvvəl Emin Milli, Adnan Hacızadənin üzərinə hücum olmuşdu. Yaxud da qarşı tərəf bunun əksini iddia edir. Nəticədə onlar indi həbsdədirlər. Qənimət Zahid «Azadlıq» qəzetinin baş redaktoru xuliqanlıq ittihamı ilə həbs olunmuşdu. Bu da qorxulu haldır. Ona görə ki, Natiq Güləhmədoğlunun həbsi ilə nəticələnə bilər. Sizin fikirlərinizi öyrənək.

Həvva Məmmədova:

Hər halda insan döyülürsə bu insan hüquqlarının pozulması deməkdir. Birmənalı şəkildə bilmək lazımdır ki, Azərbaycanda Azərbaycan vətəndaşlarının, burda yaşayan, qeydiyyatı olan vətəndaşların hamısının hüquqları dövlət tərəfindən, Azərbaycan Konstitusiyasında təsbit olunmuş qanunlarımızla qorunur. Və bu hüquqların sayəsində mən deyərdim ki, hər bir insan öz hüququnu başa düşməlidir. Hər bir insan öz hüququndan irəli gələn vəzifələri yerinə yetirməlidir. Hər bir insan qarşı tərəfin də hüququnu bilməli və onu pozmağa çalışmamalıdır. Mən hesab edirəm ki, bu məsələ hüquq mühafizə orqanlarının işidir. Onlar bu işi araşdırarlar. Günahı olan insanlar əlbəttə ki, cəzasını çəkər. Hər halda mənim görmədiyim, şahidi olmadığım məsələ haqda danışmaq asan deyil. Bizə müraciət olarsa, biz onların hüquqlarını müdafiə etməyə, günahı olan insanların cəzalandırılmasında, öz tərəfimizdən, həm də insan hüquqları komitəsinin üzvü kimi fikrimizi söyləyərik. Onların hüquqlarının müdafiə olunmasında əlimizdən gələni edərik. Sadəcə bu sözdə deyil. Olur belə insanlar. Müraciət edir, qəbula yazılır. Gəlirlər dinləyirsən görürsən ki, birtərəfli danışır. Sonradan başqa tərəfi dinləyəndə hər şey məlum olur. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, informasiya almaq çox asan məsələdir. Hər bir insan bir vətəndaş olaraq bir-birlərinə hörmətlə yanaşsınlar. Bir birlərinin hüquqlarına insani münasibət bəsləsinlər. Yeri gəlmişkən deyim ki, biz uzun illərdir Ermənistanın Azərbaycana təcavüzündən əziyyət çəkirik. 20 ildən artıqdır ki, bu təcavüz davam edir. Bizim bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Torpaqlarımız işğaldadır. Biz düşmənimizə qarşı birləşməliyik. Olduğum digər ölkələrdə bir erməninin başqa erməni haqda etdiyi şikayəti görmədim. Görmədim ki, bir erməni başqa erməninin hüquqlarını pozsun. Hər bir ölkədə müxalif qüvvələr də var, dövlətin hüquqlarını müdafiə edən qüvvələr də var. Ölkəmizin belə bir vəziyyətində mən istəyirəm ki, bütün gücümüzü birləşdirək, bir istiqamətə cəmləyək. O istiqamət ki, hüquqları pozulmuş bir vətəndaş varsa da, hüquqları pozulmuş insanlar varsa da o Azərbaycanda olan Azərbaycana pənah gətirmiş, Ermənistandan qovulmuş qaçqınlar, həm də öz evindən didərgin düşmüş məcburi köçkünlərdir. Ən çox bu insanların hüquqları pozulub. Bu istiqamətdə mən istərdim ki, fikirləri cəmləşdirək, suallar da bu yönümlü olsun.

Dinləyici:

Həvva xanım, Azərbaycanda elə bir hökumət qurumları, idarələri göstərə bilərsizmi ki, orada insan hüquqları pozulmasın?

Həvva Məmmədova:

Yəqin bu insan özünü azərbaycanlı hesab etmir, ya da Azərbaycanda yaşamır. Ya Azərbaycanın 15-20 il əvvəlki dövrü ilə indiki dövrünü müqayisə edə bilmir. Bu insanın sualına hörmətlə yanaşıram. Amma istəyirəm ki, bugünkü bizim görüşümüzdə obyektivlikdən çıxış edək. Bir-birimizə hörmətlə yanaşaq. Olanı demək lazımdır. Mən demirəm hər şey yüksək səviyyədə ola bilər. Səhv də ola bilər, müəyyən məqamlar da ola bilər. Biz bu qədər pessimist fikirdə olub ölkəmizi başqa insanların gözündən salmayaq. Niyə yoxdur? Elə bir qurum varmı ki orada insan hüququ pozulsun. Mən də bu sualın cavabını belə verərdim. Hansı qurumdan danışır ki, insan hüquqları pozulur. Konkret həmin insanın hüquqları pozulubsa mən xahiş edərdim Milli Məclisin İnsan Hüquqları daimi komitəsinə müraciət etsin. Biz onun pozulmuş hüquqları ilə bağlı araşdırma aparaq. Və nəticə qoyaq ortaya.

Ülviyyə Əsədzadə:

Heç nəticə qoyduğunuz olubmu?

Həvva Məmmədova:

Əlbəttə olub. Mən Dağlıq Qarabağdan seçilmiş millət vəkiliyəm. Mənim seçicilərim hamısı millət vəkilidir. Onlar Azərbaycanın 50 dən artıq rayonunda məskunlaşıblar. Onların məskunlaşdığı yerlərdə bəzən elə olub ki, köçkünlərin başqa yerlərdə evi olması barə faktlar da oldu. Bu evləri də saxlayırlar. Belə insanların hüququ var ki, onlar da öz hüquqlarını müdafiə etsin. Bəzən evə girənləri qanunsuz olaraq çıxarıb töküblər çölə. Amma biz onun da hüququnu müdafiə etdik. Bu insanlar doğma torpaqlarına qayıtmayana qədər bunları evlərdən çıxarmaq olmaz.

Ülviyyə Əsədzadə:

Cəzalandırılan bir məmur oldumu?

Həvva Məmmədova:

Əlbəttə həmin insan yerinə qayıtdı. Hər hansı məmurdan burda söhbət getmir. Bu işləri idarə edən insanlar var. Bəzən məmurların adından istifadə edib danışırlar. Bu işləri idarə edən yerlərdə insanlar, şöbələr var ki, bəzən bu insanlar səhvlərə, hüquq pozuntusuna yol verirlər. Biz də çalışırıq ki, insanların hüquqları tapdalanmasın.

Dinləyici (Tovuz rayonundan) :

Mən birinci qrup əliləm. Bu gün mən 50 manat pensiya alıram.

Həvva Məmmədova:


Mən görməmişəm ki, sizin deputatınız Qənirə xanım öz seçicilərinə biganə olsun. İkinci sizin rayonda elə bir icra başçısı işləyir ki, mən Tofiq Zeynalovun camaata münasibətlərini görmüşəm. Mən görməmişəm ki, bir insan Tofiq müəllimdən narazı olsun. Sizin belə bir probleminiz varsa, mən xahiş edirəm mənə məktubla müraciət edin. Qənirə xanıma məktub ünvanlayın. Mən Tofiq müəllimlə şəxsən danışım. Sizin hansı probleminiz varsa, biz o problemi qaydasına salaq.

Dinləyici (Tovuz rayonundan) :

Söhbət problemdən getmir, xanım. Söhbət ondadır ki, mən dövlət tərəfindən bu gün 50 manat pensiya alıram. Bu pensiya ilə mümkün deyil ki, mən özüm özümü dolandıra bilim. Qənirə xanım iki dəfə yanıma gəlib. Deyib ki, gözləyirik ki, artım olmalıdır.

Həvva Məmmədova:

Əlbəttə artım olmalıdır. İldən-ilə bizim büdcəmiz artdıqca aztəminatlı ailələr, sosial müavinətə ehtiyacı olan ailələrin təminatlarında artımın özünüz də şahidi olursunuz.

Dinləyici (Tovuz rayonundan) :


Mən yalnız bir suala cavab almaq istəyirəm. Dövlət niyə pensiyaları bu qədər az verir?

Ülviyyə Əsədzadə:


Mən bir sualı soruşmaq istəyirəm. Bu sirr deyil. Deputatın maaşı nə qədərdir indi?

Həvva Məmmədova:

Siz indi deputatın maaşını müzakirə etmək istəyirsinizmi? Sirr deyil. Min manatdan çoxdur. Amma bu gün deputatın maaşını başqaları ilə müzakirə, müqayisə etmək istəyirsizsə, bu yolverilməz bir hadisədir. Yoldaş mənə sual verdi, mən dedim ki, bizim büdcəmiz artdıqca ildən ilə pensiyaları artır. İndi pensiyanızın artımı gözlənilir.

Dinləyici (Tovuz rayonundan) :

Deməli mən Tofiq Zeynalova müraciət etməliyəm. O gətirib mənə bir dəfə, iki dəfə pul verməlidir. Mənim problemim bununla düzəlir.

Həvva Məmmədova:

Məsələ onda deyil. O demək deyil ki, icra başçısı gətirib pul versin. Sizin hər hansı probleminiz varsa, o problemlə icra başçısı məşğul olmalıdır. Siz birinci qrup əlilsiz. Hər bir əlilə diqqətli olmaq bizim müqəddəs borcumuzdur. Yaşadığınız rayonun icra qurumları sizə yaxından köməklik göstərməlidirlər.

Dinləyici:

Həvva xanım Berlində çıxışınızda dediniz ki, ermənilər üzərində qələbə çalıb, onları Bakıdan qovmuşuq. Ermənilər də sizi Xankəndindən qovmaqla qələbə çalıblarmı?

Həvva Məmmədova:

Mən fevralın 26-da Xocalı faciəsi ilə bağlı Berlində oldum. Orada mənim çıxışımın məğzi o idi ki, biz dünyanın harasında olur olsun, ermənilərin Azərbaycana qarşı yönəldilmiş o təcavüzkarlıq siyasətini dəf etməliyik. Bizim qovulduğumuz vaxt, 1988-ci il, sovetlər dönəmində Dağlıq Qarabağdan azərbaycanlılar qovulubdur ki, Azərbaycanın ovaxtkı hakimiyyəti ilə, tək ermənilər tərəfindən deyil, rus-sovet qoşunları tərəfindən azərbaycanlılar qovulubdur. Məsələnin ikinci tərəfinə gəldikdə isə o vaxta qədər ən yüksək yerlərdə ermənilər işləyib. Ən yaxşı yerlərdə ermənilər yaşayıb. Ən yaxşı evlərin, torpağın sahibi ermənilər olub. O illərlə, bu illərin müqayisəsində, demək olar ki, Ermənistanın Azərbaycana təcavüzü olan bu müharibədə biz heç olmasa dostumuzu düşmənimizdən ayıra bildik. Həmişə düşmən yuxarı başda oturub, süfrəmizin başında əyləşib. Amma düşmənimizin kim olduğunu tanıya bilməmişik. 1905-1907-ci il, 18-20-ci illər o dövr, o hadisələri biz unutmuşuq. Unutdurublar. Ona görə mən bu fikri səsləndirməkdə əsas məqsədim ondan ibarət olub ki, Dağlıq Qarabağda bu hadisələrin baş verməsi ilə, Azərbaycandan da ermənilərin getməsi, çıxarılması, bir növ Azərbaycan xalqını silkələdi. Biz dostumuzu düşmənimizdən ayıra bildik. Bu bizim əlbəttə böyük qələbəmizdir.

Dinləyici:

Hörmətli Həvva xanım, çıxışınızdan hiss olunur ki, bitərəf deyilsiniz. YAP-çısınız. Özü də xalisindən.

Həvva Məmmədova:

Mən bitərəfəm. Heç bir partiyanın üzvü deyiləm.

Ülviyyə Əsədzadə:

Bəs mövqeyiniz necədir?

Həvva Məmmədova:

Mən torpağı işğal olunmuş bir yerin qızıyam. Bir milyondan artıq köçkünlərin içərisində olan bir insanam. Eli obası talan olan bir insanam. Mən 1993-cü ilə qədər Azərbaycanın ən ağır problemləri içərisində yaşamışam. Ən ağır məşəqqətli günlərini yaşamışam. Ona görə ki, bir tərəfdən ermənilər bizi qırırdılar, ikinci tərəfdən isə qaçqınlıq bizim üçün ağır problem oldu. 1993-cü ilin iyun ayına qədər bizim problemimizə yanan olmadı. Alim qadın olsam da hara gedirdimsə bizə deyirdilər ki, qaçqınlar gəlib, şəhəri zibillədilər. Bunları qovun Xəzərə tökmək lazımdır. Evlərini dəyişib Bakı şəhərinə gələn insanları yenidən evlərini əlindən alıb, Xocalıya göndərdilər. O insanlar ağır faciənin qurbanı oldular, soyqırımına məruz qaldılar. İndiki hakimiyyət mənim bütün hüquqlarımı müdafiə edib. İndiki iqtidarın dövründə mən bir Azərbaycan vətəndaşı kimi, qaçqın və məcburi köçkün kimi bütün hüquqlarımdan səmərəli istifadə edirəm. Bu gün mənim heç bir hüququm pozulmur. Ona görə pozulmur ki, mənim hüququm, mən Azərbaycan vətəndaşı olaraq bu gün başımıza gələn müsibətlərimizi dünyaya çatdırılmasını mənim özümün dövlət qarşısında borcumu hiss edirəm. Mənim bu dövlət qarşısında borcum var. Bu gün mən əgər müharibəsiz şəraitdə yaşayıramsa, mənim köçkün kimi bütün problemlərin dövlət tərəfindən ödənilirsə, uşaqlarımız dövlət hesabına oxuyurlarsa mən bu dövləti, bu hökuməti nə üçün müdafiə etməyim? Mən bu dövləti, bu hökuməti müdafiə edirəm. Ömrümün sonuna qədər də müdafiə edəcəm.

Ülviyyə Əsədzadə:

Həvva xanım, belə bir əks arqument ola bilər ki, qaçqın və məcburi köçkünlərdən başqa hökumət digərlərinin hüquqlarını da eyni səviyyədə müdafiə edirmi?

Həvva Məmmədova:

Əlbəttə. Birmənalı şəkildə əlbəttə. Azərbaycanda yaşayan hər bir vətəndaşın hüququ qorunur. Azərbaycana daxildən və xaricdən pənah gətirən insanlar var. Əgər onların hüquqları qorunmasa idi, onlar niyə Azərbaycana gəlirdilər?

Dinləyici:

Siz doğrudan da sırf YAP-çısınız. İkinci milləti parçalamayın. Biz məcburi köçkünlərimizi həmişə ürək ağrısı ilə anmışıq. Sual: Bu gün işsizlərin sayı artıb. Mənim özüm də işsizəm. Mən iki övlad saxlayıram. Nəyə görə bizdə elə şərait yaradılır ki, biz öz seçdiyimiz insanlara istədiyimiz vaxt azad sözümüzü bildirə bilmirik? Mən sözümü demək istəyəndə məni vururlarsa, yəni mən hakimiyyətə sözümü çatdıra bilmirəmsə deputatlar nəyə görə olur? Deputatlar niyə hökuməti məcbur etmirlər ki, onların pulunu qaytarsın?

Həvva Məmmədova:

Biz insanları kateqoriyalara bölmürük. Sadəcə ovaxtkı hakimiyyəti, situasiyanı biz aydınlaşdırırıq. Azərbaycanın sovet dönəmində olduğu vəziyyəti aydınlaşdırırıq. Həm də ovaxtkı hakimiyyətsizliyini ortaya gətiririk. Əgər ovaxtkı hakimiyyət, hakimiyyət kimi yerində olsaydı, Azərbaycanın bu qədər torpağı işğal olunmazdı.

Ülviyyə Əsədzadə:

Gərək mən balans üçün deyəm ki, müxalifət iddia edir ki, daha çox rayonlar məhz 93-cü ildən sonra işğal olunub.

Həvva Məmmədova:

Bu uzun müzakirədir. 93-cü ildən sonra işğal olunub. 93-cü ilin iyun ayına qədər bütün rayonların hamısının haqqı hesabı verilmişdi. Hamısı verilmiş, satılmış rayonlardır.

Ülviyyə Əsədzadə:

Kim satmışdı deyirsiz?

Həvva Məmmədova:

O vaxt hakimiyyətdə olan insanlar. AXC, Müsavat üçlüyü. Bunu biz hamımız bilirik. Qarabağda yaşayan insanlar bilir. Bunlar hamısı bizim gözümüzün qabağında baş verib. Bizdə faktlar var. Mən 1991-ci ildə Dağlıq Qarabağı tərk etmişəm. 88-ci ildə gəlməmişəm. Bütün yerlər işğal olunandan sonra biz Bakı şəhərinə üz tutduq. əlimizdə əlbəttə faktlar var. Məhkəmənin qərarı da var. Məhkəmədə dəfələrlə belə proseslər də gedib. Biz bunu istəmirik ki, bugünkü gündəmə gətirək.

Ülviyyə Əsədzadə:

Hansı məhkəmə qərarları var?

Həvva Məmmədova:

Torpaqlar hamısı satılmışdı da. Surət Hüseynovun dəstəsi Nəvahiyə qədər gəlib çıxmışdı. Gəncə qiyamı. Bu nə üçün idi? Ağdərə neçə dəfə işğaldan azad olundu, əldən-ələ keçdi. Bunlar çox geniş mövzudur. Ovaxtkı hakimiyyət, hakimiyyəti doğru düzgün əldə saxlaya bilsəydi, apardığı siyasət doğru düzgün olsaydı. Azərbaycanın torpaqları işğala məruz qalmazdı.

Dinləyici:

Deputatın maaşını niyə müzakirə etmək olmaz. Deputat məgər bizim ödədiyimiz vergidən almırmı maaşını?

Həvva Məmmədova:

Bugünkü mövzu deputatın maaşı deyil. İnsan hüquqları ilə bağlı qoyulmuş məsələlərdir. Mən lazım bilmədiyimə görə müzakirəyə ehtiyac duymuram.

Dinləyici:

Həvva xanım, siz hüquqdan danışırsınız. Amma küçələrdə dilənən ağbirçək qadınların, Dubayda bədənini satan qadınların hüquqlarını kim qoruyacaq?

Həvva Məmmədova:

Onu qoruyan Azərbaycanda qurum var. İnsan alverinə qarşı mübarizə idarəsi var. Əllərində elə bir fakt varsa həmin idarəyə yazılı şəkildə versinlər. Milli Məclisə-bizə versinlər. Biz onların hüquqlarını müdafiə edək. O ki qaldı dilənçilərə. Mən o dilənçiləri çox az görürəm. Bəzən görürəm uşaqlar maşının qarşısına yüyürüb, şüşəni silirlər. Mən bir neçəsini danışdırmışam. Deyib ki, məni burada saxlayan xüsusi adamlar var ki, sən get işlə, pul qazan, mənə verginən. Belə adamlar kimdir. Onlar çıxsın ortaya. Bu uşaqların əməyini istismar edirlər. Belə insanlarla bağlı da bizə müraciət etsinlər.

Dinləyici:

Torpaqların satılması ilə bağlı əlinizdə faktınız varsa niyə məhkəməyə vermirlər?

Həvva Məmmədova:

O məsələlərin hamısı müzakirə də olunub. Yaxşı bilirlər onlar. O suallara qayıtmaq məncə yersizdir. O suala biz təkrar o vaxt qayıdacağıq ki, torpaqlarımız işğaldan azad olunacaq. Hamımız bir yumruq kimi hakimiyyətin arxasında birləşəcəyik. Biz dövlətimizi düşdüyü bu problemlərdən azad edəcəyik. Ondan sonra bilinəcək ki, kimin bu torpağın işğal olunmasında günahı nədən ibarətdir. Günahkarları biz özümüz tanıyırıq.

Dinləyici:

Siz ancaq sizə müraciət olduğu halda insan haqlarını araşdırırsınız? Sizə aydın olan pozuntuları araşdırmırsınızmı?

Həvva Məmmədova:

Mənə edilmiş müraciətdə, mənim qarşılaşdığım məsələlərdə biz bu məsələlərə heç zaman biganə qala bilmərik.

Ülviyyə Əsədzadə:


Doğrudanmı ancaq sizə müraciət olduqda edirsiniz?

Həvva Məmmədova:

Bəs neyləməliyik ki, biz? Bizə gərək müraciət olsun. Biz şifahi heç kimə cavab verə bilmərik. Çox zaman yazılmış müraciətlərin əksəriyyəti kiminsə tərəfindən yazılır. Saxta olur. Biz nətər öz tərəfimizdən deyək ki, kiminsə hüququ pozulur. Gərək konkret fakt olsun əldə.

Dinləyici:


Niyə Həvva xanım mitinqə gedənlərə geridə qalmış kimi baxır? Bitərəf olan bir kəs heç bir partiyanı müdafiə etməməlidir.

Həvva Məmmədova:

Mən mitinqə gedən insanlara o qədər də irad tutmuram. Mitinqə nə ehtiyac var? Onlar sözlərini demək istəyirlərsə qəbul edilmiş yerlərdə sözlərini deməyə kim onlara mane olur ki? Metronun qarşısında, parkda, müxtəlif yerlərdə nəyə lazımdır ki? Onlara meydan verilib. Onlar çıxsınlar sözlərini desinlər. Televiziyadan istifadə edirlər, mətbuatdan istifadə edirlər.

Ülviyyə Əsədzadə:

Siz müxalifət lideri görmüsünüzmü televiziyada? İctimai Televiziyadakı qısa süjetlərdən başqa.

Həvva Məmmədova:

İctimai televiziya deyilmi? ANS televiziya deyilmi?

Ülviyyə Əsədzadə:


Məsələn müxalifət liderləri deyirlər ki, televiziyalara sonuncu dəfə nə vaxt dəvət olunduqlarını xatırlamırlar.

Həvva Məmmədova:

Özləri maraqlı olmalıdırlar ki, biz televiziyada çıxış etmək istəyirik.

Dinləyici:

İlham Əliyevin uşaqlarının Dubayda 75 milyonluq mülkləri var. Bu məbləğlə neçə diplomat, neçə hüquqşünas yetişdirmək olardı ki, onlar Qarabağ üçün beynəlxalq səviyyədə çalışsınlar. Niyə soruşmursuz ki, o pullar haradandır?

Həvva Məmmədova:

Təsdiq olunmamış faktları mən qəbul etmək istəməzdim.

Ülviyyə Əsədzadə:

Amma Əli Həsənov bildirib ki, prezidentin və ailəsinin Dubayda mülkə sahib olması normaldır. Yəni təkzib də olunmayıb.

Həvva Məmmədova:

Mən bu faktları eşitməmişəm. Dövlət başçısının əlbəttə olmalıdır. Neyçin də olmasın? İkinci isə Azərbaycan iqtidarı, böyük Heydər Əliyev və bu gün onun siyasətini davam etdirən İlham Əliyevin Azərbaycana qoyduğu böyük diqqət, qayğını biz heç bir ölkə başçısından görməmişik. Amma bu gün biz bu insanların Azərbaycan üçün etdiyini qiymətləndirməliyik.

Ülviyyə Əsədzadə:

Təşəkkür edirəm Həvva xanım.

Həvva Məmmədova:

Mən təşəkkür edirəm.
XS
SM
MD
LG