Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 21:35

«Azərbaycanda Əsəd bəylə bağlı mühüm bir iş görülməyib»


Həsən Quliyev
Həsən Quliyev
«Məhəmməd Əsəd bəy ensiklopedik bilikli yaradıcı şəxs olub. Təəssüf ki, onun kitabları hələ də Azərbaycan dilinə tərcümə olunmayıb»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına professor Həsən Quliyev söyləyib.

Əsəd bəy haqqında olan bütün yanlışlıqların, ziddiyyətlərin məlumatsızlıqdan qaynaqlandığını düşünən professor «odur ki, bütün işləri bir yerə toplayaraq, sistem şəklində hamıya bildirməyi özümə borc bildim və beləcə tədqiqat işlərim başladı»--dedi.

HƏR ŞEY DÖVLƏT SƏVİYYƏSİNDƏ OLMALIDIR!

Bu araşdırmaların nəticəsi «Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığı» kitabının çapı oldu: «3-4 dəfə nəşr etdirmişəm. Azərbaycan dilində də çıxıb».

Həsən Quliyev ölkədə Əsəd bəyə münasibətin onu qane edib-etməməsiylə bağlı sualı da cavabladı: «Ayrı-ayrı adamlar, mənim kimi nə isə ediblər. Amma hər şey dövlət səviyyəsində olmalıdır».

ALMANİYADAN ƏSƏD BƏYİN ÇOXLU KİTABLARINI ƏLDƏ ETDİK

Onun bütün əsərlərinin Qərbdə çıxdığını, bizdə isə hələ təzə-təzə başlandığını vurğulayan qonağımız Almaniyada yaşayan bir həmkarının ona ötənlərdə Əsəd bəyin 30-cu illərdə yazdığı romanlar barədə məlumat verdiyini qeyd etdi. Nəticədə, həmin kitablar artıq Bakıdadır: «Eldar İsmayılovun rəhbərlik etdiyi təşkilat (Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi—S.İ.) həmin kitablardan bir neçəsini tərcümə və çap edib. Ümidvaram ki, qalanları da çap üzü görəcək».

SPONSOR OLSA, KADR DA OLACAQ!

«Bunu etmək üçün ölkədə təcrübəli kadrlar varmı» -- sualını professor belə cavabladı:

«Eldar İsmayılov çıxan kitablara özü sponsorluq edib. Qaldı kadrlar -- nüfuzlu Dillər Universiteti var. Bizim assosiasiyanın («Luç» assosiasiyası -S.İ.) nəzdində də bunları etməyə qadirik».

HOLLANDLAR FİLM ÇƏKİB, ALMANLAR ÇƏKİB...

Əsəd bəyin vətəninin Azərbaycan olduğunu təkrar diqqətə yetirən Həsən Quliyev 5 ildir hər yerə üz tutduğunu, hətta bir TV kanalına müraciət etdiyini, rədd cavabı aldığını dedi: «Dedilər, hansı filmi istəsən çəkək, amma o yox!».

Həsən Quliyevin sözlərinə görə, Azərbaycanda bu işin təbliğinə mane olan da «Əli və Nino»nun müəllifliyi ilə bağlı mübahisələrdir.

Həsən Quliyev «Əli və Nino»nun müəllifinin Y.V.Çəmənzəminli olmasına şübhə etdiyi üçün zaman-zaman təhdidlər aldığını da dedi, amma təhdidlərin kimdən gəldiyini açıqlamadı.

Qonağımız Əsəd bəyin əcnəbi tədqiqatçılarından da danışdı. Tom Reisin, Betti Bleyrin adını çəkdi.

TOM REİS BƏLKƏ DƏ MİLYON DOLLAR QRANT HESABINA BU İŞİ GÖRÜB

Tom Resin çox böyük araşdırmalar apardığını, hətta Azərbaycanda da olduğunu qeyd etdi: «Tom Reis çox böyük qrant hesabına bu işi görüb. Ona görə də, sərbəst, 3-4 il işləyə bilib».

Professor Tom Reisin bəzi yozumlarını qəbul etmədiyini də bildirdi.

Onun sözlərinə görə, Tom Reis çalışıb ki, Əsəd bəyin Lev Nissimbaum olduğunu sübut etsin.

PAYIZDA--ƏSƏD BƏYİN 105 YAŞI BAKIDA NECƏ QEYD OLUNACAQ?

Artıq Əsəd bəy haqqında çəkdikləri filmin (rej. Murad Muradov) tamamlandığını deyən Həsən Quliyev payızda Bakıda beynəlxalq konfrans keçirəcəklərini də söylədi:

«Belə bir konfransı Moskvada da keçirəcəyik. İmkan olsa, Gürcüstanda və Almaniyada da».

--Həsən Quliyev Əsəd bəyin milliyyəti haqqında nə fikirdədir?
-- Professor özünü nədə günahkar bildi?
-- Əsəd bəyin Bakıdan köç etmə əhvalatını necə söylədi?
-- Həsən Quliyev «Əli və Nino» romanı ilə yazıçının başqa əsərləri arasında hansı oxşarlıqlar tapdı?
-- Əsəd bəyin Azərbaycan dilində yazıb-yazmaması barədə dinləyici sualını necə cavabladı?

«Can Bakı»nı elə bu səhifədən dinləyin.
XS
SM
MD
LG