Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:43

İlham Əliyev: «Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək»


«İslam İnkişaf Bankı Müdirlər Şurasının 35-ci illik toplantısının Bakıda keçirilməsi böyük önəm daşıyır».

APA-nın məlumatına görə, bunu toplantıya sədrlik edən Azərbaycan prezidenti İlham Əliyev iclasda çıxışı zamanı deyib.

Dövlət başçısı İslam İnkişaf Bankı (İİB) ilə Azərbaycan arasında əməkdaşlığın uzun illərdir, uğurla davam etdiyini bildirib:

«Bizim əməkdaşlığın gözəl perspektivi var. Bankın vasitəsi ilə Azərbaycanda həyata keçirilən layihələr uğurla icra edilir. Azərbaycan inkişaf edən ölkədir. Bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyini düşünürəm».

«ÇALIŞIRIQ Kİ, MÜSƏLMAN ÖLKƏLƏRİ ARASINDA ƏMƏKDAŞLIĞA TÖHFƏ VERƏK»


Prezidentin sözlərinə görə, Azərbaycan gənc ölkə olsa da, bir çox beynəlxalq təşkilatlarla, o cümlədən İslam Konfransı Təşkilatı ilə uğurla, aktiv əməkdaşlıq edir:

«İslam Konfransı Təşkilatına üzvü olan ölkələrlə iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız uğurla davam edir. Biz bütün istiqamətlərdə çalışırıq ki, müsəlman ölkələri arasında əməkdaşlığa töhfə verək. Təşəkkür edirik ki, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Dağlıq Qarabağ münaqişəsinə bu cür düzgün qiymət verdi. Mən o cümlədən bütün müsəlman bacı və qardaşlarımıza Dağlıq Qarabağla bağlı bizə verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanda 1 milyon nəfər qaçqın və məcburi köçkünə çevrilib, işğal altındakı torpaqlarda olan maddi mədəni abidələr dağıdılıb. Bu torpaqlar ölü zonaya çevrilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bununla bağlı qətnamə və qərarlar çıxarır. BMT, İKT, AŞ-nın qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Ermənistan isə öz mövqeyindən çəkinmək istəmir. Heç şübhə etmirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bu, hazırda bizim qarşımızda duran bir nömrəli problemdir».

MDB-DƏ 1-Cİ, DÜNYADA 51-Cİ AZƏRBAYCAN


İ. Əliyev Azərbaycanın seçdiyi yolun düzgün olduğunu, ölkənin bazar iqtisadiyyatı yolu ilə getdiyini vurğulayıb:

«Azərbaycanda güclü sahibkar sinfi yaranır. Qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatda özəl sektorun payını artırmaq istəyirik. Böhran ilində Azərbaycan iqtisadiyyatı 9 faiz artıb. Azərbaycan investisiya qoymaq üçün əlverişli ölkədir. Ölkədə iqtisadi və siyasi sabitlik mövcuddur. Sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda bu, mənfi nəticələrini dərhal göstərir. Bizim qarşımızda böyük hədəflər var. Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etmək istəyirik. Artıq nəticələr var. İqtisadi davamlılığa görə Azərbaycan MDB-də birinci, dünyada 51-ci yerdədir. Biz öz enerji resurslarımızdan səmərəli istifadə etmişik. Maliyyə sistemimizdə şəffaflıq prinsipini təqdim edirik. Dövlət Neft Fondu çox şəffaf qurumdur. Azərbaycanın enerji resursları uzun illər imkan verəcək ki, iqtisadiyyatımızı gücləndirək. Təhsil, səhiyyə, idman bizim üçün prioritetdir. Bizim təşəbbüsümüzlə açılan dəmir yolları böyük əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars bizim təşəbbüsümüzdür. Lakin qarşımızda hələ böyük vəzifələr durur».

AZƏRBAYCANI DAHA DA TANIYACAQLAR


Prezident Azərbaycanın dünyadakı mövqeyini gücləndirdiyini də bildirib:

«Qonşu ölkələrlə münasibətlərimiz yüksək səviyyədə qurulub. Beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı dərinləşdirəcəyik. Xüsusi ilə İİB ilə əməkdaşlıq hər zaman uğurla davam edəcək. Vaxt keçdikcə Azərbaycanı tanıyacaq, ölkəmiz haqqında daha çox həqiqət biləcəklər. Bizim gücümüz birliyimizdədir. Biz dünyada sülh istəyirik. Biz istəyirik ki, dünyada bütün işğalçılar işğal etdikləri torpaqlarından çəkilsinlər, ədalət bərpa olunsun. Biz birlikdə mübarizə aparmalı, ədalətin bərpa olunmasına çalışmalıyıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG