Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:10

«Müvəqqəti arvadlığa veririk...»


Hacı Sultanəli məscidi. Foto: Abbas Atilay
ƏVVƏLİ BURADA

ALLAH MÜBARƏK ELƏSİN

Siğə barədə Hacı Sultanəli məscidində sövdələşəndən və mollanın guya siğə etdirdiyim qadının «razılığını» telefonla alması ilə iş bitmirdi.

Siğəyə girən qadının – «Kamilə xanım»ın roluna girmiş həmkarım dəstəyi asandan sonra molla Emin bildirdi ki, mən siğə etdirdiyim qadına hansısa simvolik hədiyyə verməliyəm. Buna da razı olduğumu bildirəndən sonra biz molla Emin ilə birgə Hacı Sultanəli məscidinin axundu Hacı İbrahimin yanına getdik.

Qısa sorğu-sualdan sonra axund siğə duasını oxumağa başladı. Duanı həmkarım da telefonla dinləyirdi.

Ərəbcə bir dəqiqəyə yaxın çəkən, içində «Maarif ibn Çingiz» (yəni Maarif Çingizoğlu) və «Kamilə bin Vahid» (Kamilə Vahidqızı – ad da, ata adı da uydurmadır) duanı oxuyub bitirdikdən sonra molla «Allah mübarək eləsin, xeyirli olsun» nidası ilə mərasimin başa çatdığını bildirdi.

DUA BİTƏN KİMİ SİĞƏ QÜVVƏYƏ MİNİR

Ərəb dilini bilmədiyim üçün axunddan oxuduqlarının mənasını soruşdum:

«Müvəqqəti arvadlığa veririk bir ay müddətinə Kamilə Vahid qızını, Maarif Çingizoğlu üçün. Yəni bunun mənası budur. Bunu eləyəndən sonra siz bir-birinizə ər-arvad kimi halalsınız və bir ay müddətinə buna görə siz məsuliyyət daşıyırsız. Uşaq olsa o da sizin adınıza yazılır. İstəsəniz, sonra gəlib kəbin kəsdirə bilərsiniz».

Sonda «Kamilə xanım» axunddan siğə duasının nə vaxtdan qüvvəyə mindiyini də soruşdu.

Axundun dediyindən aydın oldu ki, elə dua bitən andan siğə qüvvəyə minir.

ON MANATLIQ SİĞƏ DUASI – ENDİRİMLƏ DƏ VAR

Bundan sonra axundun stolunun üstünə 10 manat qoyub otağı tərk elədim.

Siğə duası mənə 10 manata başa gəldi.

Emin mollanın dediyindən aydın oldu ki, siğə duası yazdırmağa gələn tək mən deyiləm, bu məqsədlə məscidə gələnlər son vaxtlar xeyli çoxalıb.

Digər məscidlərə də baş çəkdim. İmam Hüseyn məscidində məni qarşılayan molla da dedi ki, siğə ilə bağlı heç bir problem yoxdur. O əvvəlcə özü bu məsələni həll etmək istədiyini bildirdi. Amma nə oldusa fikirini dəyişib, məscidin axunduna zəng elədi.
İmam Hüseyn məscidi
Axundla söhbətdən qayıdan molla növbəti gün müraciət eləməyimi məsləhət gördü.

Digər məsciddə siğə üçün 10 manat verdiyimi deyəndə isə həmsöhbətim başını buladı. Dedi ki, onlarda bu iş daha ucuz başa gəlir.

SİĞƏ TALAĞINA MONOPOLİYA – ANCAQ TƏZƏ PİRDƏ

İmam Hüseyn məscidində həmsöhbətim mənə onu da dedi ki, siğə əksər məscidlərdə olsa da onun geri oxunması – «talaq» yalnız Təzə Pir məscidində mümkündür.

Təzə Pir məscidində də siğə ilə bağlı gəldiyimizi biləndə təəccüblənən olmadı. Qapıda duran dindarlardan biri məni arxayın etdi ki, bununla bağlı heç bir problem yoxdur. Hətta tanınmış din xadimlərindən birinin adını çəkib bu iş üçün ona müraciət etməyi də məsləhət gördü. Amma tünlük olduğunu nəzərə alıb Təzə Pir məscidində təkrar siğə elətdirmək fikrindən vaz keçdim.

Məscidlərdə kəbin kəsdirən cütlüyə yazılı bir kağız verilsə də, siğə zamanı ortada yazılı heç bir şey olmur. Hər şey, molla Eminin dediyi kimi, elə oxunan dua ilə bitir. Doğrudur, bəzi dindarların dediyinə görə, əvvəllər siğə sənədinin verilməsi praktikası olubmuş.

NƏ? SİĞƏ?

Qafqaz Müsəlmanları İdarəsində isə məscidlərdə siğə ilə bağlı deyilənləri nağıl adlandırırlar. İdarənin şöbə müdiri Qəmər Cavadlı deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin 2002-ci ildə bu məsələ ilə bağlı verdiyi fətva var, nikah, siğə, kəbin məsələləri hamısı qanunlarla tənzimlənməlidir. Qəmər Cavadlıya görə, əgər siğə eləyən məscid və dindar varsa onlar cəzalandırlmalıdır. Şöbə müdiri deyir ki, o məscidlərdə siğə ilə bağlı məlumatı birinci dəfə bizdən eşidir:

Təzə Pir məscidi. Foto: Abbas Atilayındır
«Hələ bu vaxta qədər mən eşitməmişəm, mən birinci dəfədir sizdən bu məsələni eşidirəm. Siz deyirsiz gəzmisiz, faktdan danışırsız, amma mən bunun ancaq nağılını eşitmişəm, faktını eşitməmişəm. Əgər əlinizdə elə bir fakt varsa, həmin o, adam haqqında məlumat verin, idarə ölçü götürəcək».

Qəmər Cavadlı Təzə Pir məscidi ilə bağlı dediklərimizi isə ümumiyyətlə yaxına buraxmaq istəmədi. Amma həm də araşdıracaqlarını bildirdi.

BİR KƏLLƏ QƏND, ÜÇ MANAT PUL VƏ BİR TELEFON ZƏNGİ

Binəqədi Dini İcmasının sədri Mirpaşa Bayramov deyir ki, Quranın «Nisa» surəsində siğə - yəni müvəqqəti nikahla bağlı məsələ olsa da, Azərbaycanda bunun şərtlərinə əməl olunmur:

«Tutaq ki, peyğəmbərin hədislərində deyilir ki, siğə edən şəxs, siğə etdiyi qadına siğə müddəti bitənə qədər o qadının qeyrətini, namusunu öz həyat yoldaşı qədər qorumalıdır. Bu gün kim siğə elədiyi qadına öz həyat yoldaşı kimi baxır. Əlbəttə, müəyyən gözlə baxır».

Mirpaşa Bayramov hesab edir ki, indi Azərbaycanda müvvəqqəti nikah məişət pozğunluğu halını almaqdadır:

«Yəni hər hansı bir kişi xoşuna gəldiyi bir qadınla görüşür və bu əməllərini halala çıxartmaq, elədiyi əmələ bir don geyindirmək üçün bir cümlə dua oxunmaqla guya hər şeyin şəriətə uyğun olduğunu düşünür».

Mirpaşa Bayramov deyir ki, bu gün Azərbaycanda müvəqqəti nikah bir yana, gənclər ailə quranda uzunmüdətli nikahı telefon zəngi ilə həll edirlər.
XS
SM
MD
LG