Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:04

“Ədəbiyyatda kiminsə kimisə qabağa itələməyi ən şərəfsiz işlərdəndir”


"Biz hələ əxlaq dərsləri mərhələsini adlamamışıq"

“Bizdə əxlaq deyiləndə, cinsiyyət orqanı yada düşür”

"AYO-çularda belə gülməli bürokratlıqlar olur"

"Ateist deyiləm, amma islamçı şəxs ateistdən qorxuludur"

"Müxalifətdəkilərin mitinqdən başqa ağılları bir şey kəsmir"


Yazıçı Rafiq Tağının Milli.Az xəbər portalına müsahibəsi.

- Rafiq müəllim, elan ediləndən son gününə qədər kifayət qədər mübahisəyə səbəb olan “Milli Kitab Mükafatı” yekunlaşdı. Təcrübəli və bir o qədər də peşəkar bir yazıçı olaraq, mükafatçılar sırasından kənarda qalmağınız sizə necə təsir etdi?

- İş nə mükafatda, nə də ortadakı məbləğdədir. Mən Azərbaycanda baş verən yeniliklər aşiqiyəm. Mən millətin gələcəyinə ümidlənmək istəyirəm. Bəzən hətta xəyalımda yalançı perspektivlər qururam.

Təki yaşamağa bəhanə olsun. Müsabiqəyə də buna görə qoşulmuşdum.

Ömrü boyu təhsildə-məşqlərdə birincilik qazanmış German Titov təsadüfən ilk kosmonavtın Yuri Qaqarin, özününsə ikinci olacağını biləndən sonra az qala depressiyaya düşübmüş.

Üstəlik, sonradan bilinəsi ki, Titovun təmiz rus yox, başqa millətdən qarışığı olması nəzərə alınıb.

Gördünüz ki, ədalət harda və necə itdi. Amma ədalət ən yaxşı sosial tənzimləmə üsuludur.

Mənim üçün toxunan məqam toplumun nəzərində ədalətsizcəsinə çıxdaş olunmağım idi. El gözü tərəzidir.

İctimai rəy bunu gördü və “fiasko” deyib də münsifləri qınadı.

Zaman-zaman kimlərsə mükafat alıb gedəcək, ədəbiyyatda Rafiq Tağı qalacaq. Buna dolayı bir sübut.

Hələ keçən əsrin 70-80-ci illərində qabağıma kötük diyirlədənlər çox olub, məni düz 10 il Azərbaycanımızda çap olunmağa qoymayıblar. Artıq həmin adamlar bir sinif kimi ədəbiyyatdan silinib gedib, ortada yenə mən qalmışam.

Bu mənim xoşbəxtliyimdir ki, bir yazıçı olaraq cəmiyyətə daim maraqlıyam: mən ona təsir və təzyiqlər göstərirəm, o da mənə. Beləcə bir-birimizə doğma olmuşuq.

"Biz hələ əxlaq dərsləri mərhələsini adlamamışıq"


- Sizcə, münsiflər heyətinin seçimləri nə qədər uğurlu oldu?

- Dediyim kimi – “fiasko”. Ədəbiyyatda kiminsə kimisə qabağa itələməyi ən şərəfsiz işlərdəndir.

Münsiflərin bəzisi bu sadə həqiqəti dərk etmir. Ədaləti pula, yalançı şöhrətə satmazlar.

Durub bəzi adamlara əxlaq dərsi keçəcəksən, deyəcəklər Rafiq Tağı geri qalıb. Həmid Herisçidi, Nərmin Kamaldı, postmodern estetikadan danışırlar.

Amma məncə, biz hələ əxlaq dərsləri mərhələsini adlamamışıq. Bəzi münsiflərin mənə simpatiyası yoxdur, götürüb sıfır bal verib. Guya mənim onlara simpatiyam var ki? Lakin adama deyərlər, vicdanın yoxdusa, niyə bu işi öhdənə götürürdün?

Guya Rafiq Tağı islamı təhqir edib. Məni qınaqlara tuş edənlərin çoxu müsəlman olmalarını yalnız yaşıl köynək və şalvar geyməklə sübut edə bilər. Təkcə Azərbaycanda doğulmaqla müsəlman olmurlar.

Dabbaqda gönlərinə bələd olduğum bu adamların müsəlmanlığı təmiz fiksiyadır. Bu cür islam təəssübkeşliyinin axırı ədalətsizliklə bitər və bitdi də.

Biləsiniz, ədaləti rədd edən hər hansı dini dəyər mənim üçün yox kimidir və heç bir əhəmiyyət kəsb etmir.

Bəzi münsiflərin mənim “Avropa və biz” adlı essemdəki fikirləri dərk etmələri üçün bundan belə yüz il də yaşamaları lazımdı. Bu ömrü mən onlara Allahdan arzu edirəm.

Rafiq Tağı “Avropa və biz” yazısında bəzi çevrələrdə idiosinkraziya törədən həqiqətlər söyləyib, başqa bir şey yox. Günahım da budu.

- Ümumiyyətlə, sizcə, Milli Kitab Mükafatı Azərbaycan ədəbiyyatına nə qazandırdı?

- Milli Kitab Mükafatı ədəbiyyatımıza stimul verdi. Bir neçə yığıncaqda demişəm, təkrar kimi çıxmasın, MKM göstərdi ki, siyasi kustarçılıq dövrü artıq bitib.

90-ci illərin əvvəllərində beli tapançalı dünənki uşaq-muşaq uzaqdan generala bənzərdi.

Onda elə tanışlıqla-pulla da general olurdular. Torpaqlarımız getdikcə generallarımızın sayı artırdı.

Sizə bir əhvalat danışım: xidməti maşınında yuxu tutanda, iki eşşəyin arpasını bölə bilməyən törə bir siyasi liderin dünbülündəki, naşıcasına asdığı, “makarov”un ucu gedib dalına girmişdi.

“Makarov”u yad cisim kimi onun düz bağırsağından Moskvada, Salam Adil küçəsindəki Proktologiya İnstitutunda çıxardılar. Əlbəttə, bu heç.

MKM və onun təsisçisi Nigar Köçərli, bir xanım olaraq, sübuta yetirdi ki, toplum özü yaradıcılıq işlərini dövlətlə simbioz yaratmadan da idarə edə bilər və etməlidir.

Barak Obama prezidentliyinin ilk günlərində gözəl bir söz demişdi: mənim amalım cəmiyyəti dövlətsizləşdirməkdir. Dövlətin müdaxiləsi ictimai təşəbbüsləri denaturasiyaya uğradır.

Dövlət yazıçıdan qorxmamalıdır. Yazıçının şok effektli yazısı da dolayısıyla dövlətin xeyrinədir.

"AYO-çularda belə gülməli bürokratlıqlar olur"

- Rafiq müəllim, bu müsabiqə başlayanda AYO iştirak etməmək barədə qərar vermişdi. Lakin siz o qərara tabe olmayaraq, müsabiqəyə öz hekayələrinizi verdiniz. Nə idi səbəb, niyə illərdir ədəbi mühitdə öz prinsipiallığı ilə seçilən AYO-nun prinsipləri sizin üçün keçərli olmadı?

- Bu sual insanların fikrində gah Ay kimi doğur, gah da onun üstü buludlarla örtülür.

Odur ki, açıqlama verməyə məcburam. Düzdür, nəhr kimi çalxalanan dünyamızda bu cür kiçik məsələlərdən danışmaq bir qədər gülünc görsənir, hətta adam bir az utanır da.

Ya bəlkə də bu, insanın alın yazısıdır: böyük işlər gördüyü yerdə kiçik işlərə də əl qatır. Məsələn, Amerika prezidenti qlobal problemlərlə məşğul olduğu dövrdə Şükran bayramında bir dəvəquşunu əfv edir və sair.

Seymur Baycan Həmid Herisçiylə məni bu prosesə qatılıb prinsipsizlik göstərməkdə suçladı. Guya xüsusi qərar olubmuş.

Halbuki bu qərar mən hekayələrimi müsabiqəyə göndərəndən bir həftə sonra, bunu eşidib də, bir-iki AYO-çu tərəfindən metro tərəfə yolu keçərkən, ayaqüstü çıxarılıbmış.

Bunu da mən bir ay sonra qəzetlərdən bilmişəm.

Bizim uşaqlarda belə gülməli bürokratlıqlar olur. AYO-çular bürokratlığı bacarmır.

Mən səhv edə bilərəm, amma prinsipsiz olmaram. Sadəcə, mən cəmiyyətdə artıq pozitiv düşüncə yaranması ehtimalına aldandım. Diaqnozu düz qoymadım. Sən demə, cəmiyyət hələ sağlamlaşmayıb.

Əfsus, indi bizdə əksər işlər uzaqdan içi çürük cazibədar qırmızı almaya bənzəyir.

Sonda onu da bildirməliyəm ki, mən sekta üzvü deyiləm və gördüyüm bütün işlərdə azadam.

- Rafiq Tağı həbs edildikdən sonra öz prinsipial mövqeyindən geri çəkilməyib ki? Ədəbi sferada əvvəlki kəskinliyinizi qoruyursunuz?

- Mən “kəskin” olmağa heç vaxt çalışmamışam. Sadəcə, düz olduğumdan, həmişə əyrini kəsməkdəyəm. Əvvəl necəydimsə, indi də eləyəm. Həbsdən çıxandan sonra çoxlu hekayələr yazdım.

Mən nəsrdə başqa parametrlərdə işlədiyimdən, sosial aspektdən çox aralanıram, ona görə də hələlik “kəskin” görünməyə bilərəm.

"Ateist deyiləm, amma islamçı şəxs ateistdən qorxuludur"

- Sizi Azərbaycan cəmiyyətində daha çox yazıçı kimi tanıyırlar, yoxsa dini baxışlarına görə həbsdə yatmış ateist biri kimi?

- Xurafata qarşı çıxmaq ateistlik anlamına gəlməməlidir. Mən ateist deyiləm və bu haqda bircə sözümə də rast gəlməzsiniz.

Əksinə, yerin-göyün yaradıcısı Allahı həmişə uca tutmuşam. Ancaq Konstitusiyamıza əsasən ateist də ola bilərdim və bunda ayıb, ya qorxunc bir şey görmürəm.

Yeri gəlmişkən, islamçı şəxs ateistdən qorxuludur. Dinindən dönük bir adamla ateist dostluq edər də, lakin islamçı hökmən onu ölümə layiq bilər.

Üstəlik, islamda ölüm hökmləri Allahın adından verilir və cinayət sayılası bütün məcburi ölümlərə Allah şərik qoşulur. İnsan Allaha dindarlar kimi düşünmək uğursuzluğu əta edib. Mən yazıçıyam və dinlər mənə insanlığın həyatına mane olacağı miqdarda maraqlıdır.

- Rafiq müəllim, ədəbiyyatdan və ədəbiyyatçılıqdan nə qazanmısınız?

- Əbədiyyətə bağlılıq, həyatıma məna və sevinc qazanmışam. Allah bəşəriyyəti yaradır, mən də əsərlərimdəki insanları. Mən ədəbiyyatla Allahın gördükləri işlərə əlavələr etməkdəyəm.

- Bəs, ədəbiyyatın sizə itirdikləri nələr olub?

- İtiklərim olmayıb. Ədəbiyyat mənə, günlərlə ac qalanda belə, xoşbəxt olmaq qabiliyyəti verib. Əsl ədəbiyyatçı heç vaxt heç nə itirmir. Maddi itkilər yaradıcı olmayanların qismətidir.

- Rafiq müəllim, ədəbi çevrədə bir neçə ildir mövcud olan AYO-AYB qarşıdurması zaman-zaman gah alovlanır, gah sönür. Bu qarşıdurmadan ədəbiyyatın qazandığı çoxdur, yoxsa itirdiyi?

- Qazandığı. Normal cəmiyyətlər həmişə plüralistikdir. Belə qarşıdurmalar pozitiv nəticələr verir.

Yeni ədəbiyyatçılar nəsli bu qarşıdurmadan doğulmuşdur. Cəmiyyətə ayrıca AYO, ya AYB impuls verə bilməzdi. Təzəlikləri bu toqquşmalar gətirməkdədir.

“Bizdə əxlaq deyiləndə, cinsiyyət orqanı yada düşür”

- İllərcə AYB üzvü olduqdan sonra təşkilatdan uzaqlaşdınız. Sizcə, AYB-yə qarşı mövcud olan bu qədər tənqidlərə rəğmən, təşkilatda qalanlarda nə çatışmır və ya onları AYB-yə nə bağlayır?

- Bir dəqiqləşmə: özüm getməmişəm, 2004-cü ildə məni AYB-dən oranın ağsaqqalları və qarasaqqalları xüsusi qərarla çıxarıblar. Özü də bu ağılsız təşəbbüs ağsaqqallardan gəlmişdi.

Tibbi nöqteyi-nəzər burda özünü doğrultdu: insan ağsaqqallaşdıqca onda aterosklerotik ağıl zəifliyi əmələ gəlir. Ağsaqqallarda daim inkişaf edən yeganə şey ağıl zəifliyi olur.

Mənim AYB-dən xaric edilməyim ictimai həyatımızın inkişafında tormozlayıcı elementlərin mövcudluğunu açıq-aydın göstərdi.

AYB-dəkilər bu qurumun fantom qüdrətinə sığınıblar.

Halbuki dərindən yanaşanda, bu qurumun sovet dönəmindəki qüdrəti də süni və şeytani xarakterli idi.

- Rafiq müəllim, illərdir AYB-ni tənqid edirsiniz. Heç olurmu ki, bəzən özünüzün və ya AYO-nun fəaliyyətinə də tənqidi nəzərlə yanaşasınız? Yəni heçmi sizin və ya AYO-nun səhvləri yoxdur?

- Mənim tənqidlərimə hərdən “sancma” deyirlər. Elə söhbətimizin əvvəlindəcə AYO-çuları sancmadımmı? Ancaq mən heç də oturub-durub AYB haqqında söz demək peşəsinə malik insan deyiləm.

AYB-yə qarşı tənqidləri həmişə ictimai əhəmiyyət əmsalına görə vacib saymışam.

Mənim AYB-ni tənqidlərim, orda bunu anlasalar, özlərinə də xeyirdir.

Özü də fikir verin, mənim onlara dediklərim hələlik baxça uşaqlarına verilən tərbiyə səviyyəsindədir: adam yalan danışmaz, xalqı aldatmaq olmaz, saxtakarlıq əxlaqsızlıq növüdür.

Sizə bir sirr açım, bizdə əxlaq deyiləndə, cinsiyyət üzvləri yada düşür, cinsiyyət üzvləri deyiləndə - əxlaq. Vətən əxlaq dairəsinə daxil deyil. Torpaqlarımız işğal altındadır, amma özümüzü hələ də əxlaqlı sayırıq.

Hicablaşmamız başa çatanda isə, tam əxlaqlı olmağımız gözlənilir.

Məndə səhvlər bəlkə hamıdan çoxdur. Səhvlərimdən biri müqəddəslərə inanmamağımdır.

“Müqəddəs” mənim üçün gəlişigözəl söz, uzaqbaşı, təşbeh növüdür. Özüm müqəddəs deyiləm və qətiyyən müqəddəs olmaq istəməzdim də. İnsan olmaq daha şirindir.

- AYO yaranandan bəri ədəbi mühitə nə qazandırıb? AYB-nin tənqidi fonunda bu gün AYO üzvləri ədəbiyyata təsir etmək imkanındadırmı?

- Bəzən AYO haqqında düşmən qüvvə kimi danışırlar. Halbuki AYO-çular da öz millətimizdəndir.

Onların başqa cür düşünmələrinə sevinmək gərəkdir.

AYO ədəbiyyata dinamika gətirib. Şəxsən mən Rasim Qaracanı “ədəbiyyat generatoru” adlandırıram. Bir-bir sadalamağa ehtiyac yoxdu, özünüz bizim uşaqların yaradıcılığını göz önünə gətirin.

Onların hər biri bir dağdır. Özü də mən AYO-dan danışıb da AYB-dəki talantlı insanların üstündən xətt çəkmək fikrindən uzağam.

Bu, mənim prinsiplərimə zidd olardı. Biz bir millət, müxtəlif qurumlarıq.

- Ola bilsin ki, AYB-nin builki qurultayında sədr Anar Rzayev başqası ilə əvəz olunsun. AYO-çuların tənqidləri illərdir Anar Rzayevin üzərinə köklənib. Anar getdikdən sonra kimi tənqid edəcəksiniz və ya AYB-ni yenə tənqid etməyə davam edəcəksinizmi?

- Siz məni bu cür mövzulara qısnayırsınız. Bu saat Anar məni ancaq bir nasir kimi maraqlandıra bilərdi. Ziyanlı məmur kimi o mənim nəyimə lazımdır?

"Müxalifətdəkilərin mitinqdən başqa ağılları bir şey kəsmir"

- Rafiq müəllim, AYO üzvləri həm də siyasi müxalifətə çox yaxındır. Sizcə, ədəbiyyatçı siyasətlə bu qədər iç-içə olmalıdırmı? Bu xüsusiyyət Azərbaycan üçün normadır, yoxsa dünya ədəbi səhnəsində də bu proses belədir, yəni ədəbiyyatçılar siyasi müxalifətlə iç-içədir?

- Ədəbi müxalifətlə siyasi müxalifət yaxın anlamlardır. Özü də normal cəmiyyətlərdə müxalifət də dövlətin inkişafında maraqlıdır.

Məqsəd Dünya Azərbaycanlılarının yeganə dövlətini ucalara qaldırmaqdır.

Bəyəm bu pis işdirmi? Əlbəttə, ədəbiyyatçının siyasətlə iç-içə olması heç də arzuolunan deyil.

Hansı ölkədə ki, ədəbiyyatçı birbaşa siyasətlə məşğuldur, demək orda siyasət yarıtmaz durumdadır. Bizdə hələ də müxalifətdəkilərimizin mitinqdən başqa ağılları bir şey kəsmir. Barı deməyə sözləri ola.

Özü də onlar elə bilir ki, mitinq yalnız Comolunqma zirvəsində baş tuta bilər, dağ ətəklərində yox. Bizdə kim kökdürsə, artıq siyasətdə özünü Kissincer sayır. Ya kim göbək bağlayıbsa, Çörçildir.

Əlbəttə, bu halda ədəbiyyatçının siyasətlə də məşğul olması gülünc görsənməməlidir.

Siyasətlə məşğul olan ədəbiyyatçının şərlə mübarizəsi aktivlik kəsb edir. Aldadıcı məqam budur. Qız kimi kənardan durub baxmaq da yaxşı bir iş deyil, axı.

- Son olaraq, sizcə, ədəbiyyatçı hadisəni, zamanı müşahidə edib gördüyünü yazmalıdır, yoxsa prosesə müdaxilə edərək, onu dəyişdirdikdən sonra yazmalıdır?

- Yalnız talantsız adamlar ədəbiyyatla bu cür planlı şəkildə məşğul olur. Dediklərinizin heç biri məqbul deyil.

Moskvada yazıçı bir tanışım vardı, gördüklərinin hamısını yazıb qurtarandan sonra avara qalmışdı.

Depressiyaya yuvarlanır, sonrakı ədəbi taleyini məndən soruşurdu.

Mən ona deyə bilməzdim, heç demədim də ki, özünü ədəbiyyata soxuşdurub şöhrət dalınca qaçmaqlığın axırı başqa cür olmamalı idi.
Əsl yazıçı içdən gələnləri yazır.

İçdən gələnlərsə həmişə Allahla bağlı olur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG