Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 22:11

Azərbaycanlı yazar Türkiyədə kitab çap etmək istəsə...


Kıvanç Koçak
Kıvanç Koçak
Türkiyənin ən böyük nəşriyyatlarından olan İletişim yayınlarının redaktoru Kıvanç Koçak fikirlərini “Oxu zalı” ilə bölüşüb. Onunla İstanbul müxbirimiz Mais Əlizadə söhbətləşib.

Sual: Türkiyənin ən güclü nəşriyyatlarından birisiniz. Fəaliyyətə nə vaxt başlamısınız?


Cavab: İletişim yayınları 1983-cü ildə yaradılıb. Ancaq nəşriyyatın qurucuları daha əvvəl jurnal çıxarıblar.

Nəşriyyat fəaliyyətə başladığı gündən bəri profesionallığı əsas götürüb.

Çap etdiyimiz kitablarda axtardığımız yeganə kriteriya - təzə sözdür.

Bizdə kitabının çıxmasını istəyən çox müəllif olur. Ancaq inanın ki, çap iddiası ilə gətirilən kitabların təxminən 90 faizini geri qaytarırıq.

Nəşriyyatımız sol düşüncənin Türkiyədə və dünyada yaxşı tanınan təmsilçiləri tərəfindən yaradılıb və bu təməl üzərində fəaliyyətini davam etdirir.

Sual: Bir neçə gün əvvəl Oray Eğin “Akşam” qəzetində yazmışdı ki, sağçıdan yazar olmaz....

Cavab: Cemil Meriç də deyir ki, mühafizəkar adamdan yazar olmaz.

Biz yazıçılıq iddiası ilə meydana çıxan insanlardakı keyfiyyətlərə çox diqqət yetiririk: bizə görə, iqtidarlarla qol-boyun olan, iqtidarın nemətlərindən faydalanan, mayasında tənqid ruhu olmayan və cəmiyyətdə ziyalı mövqeyi nümayiş etdirə bilməyən adamlar həm özlərini aldadırlar, həm də cəmiyyət üçün mənfi örnək təşkil edirlər.

Çünki əlinə qələm alan şəxsin iqtidarı tənqid etmək üçün gücü və şəxsiyyəti olmalıdır...

Sual: Baş nazir Ərdoğan 3 ay əvvəl yazıçıları “kürd açılımı”nı müzakirə etməyə çağırmışdı.

Türkiyənin tanınmış yazıçılarının heç biri baş nazirin ziyafətinə getmədi.

Getməyənlər arasında kitabları İletişim yayınlarında çıxan Orhan Pamuk da vardı. Pamukla nə vaxtdan bəri çalışırsınız?


Cavab: İletişim yayınları 20 ildən bəri Orhan Pamukun kitablarını çap edir.

Bizdən əvvəl Can yayınları Pamukun 2 kitabını çap edib. Pamukun hər kitabı Türkiyənin ədəbi həyatında hadisəyə çevrilib.

O, yeni kitabını nəşriyyatımıza təqdim edən kimi, 3 redaktor kitabı oxuyub qrafika işləri üzərində çalışmağa başlayır.

Sual: Redaktorların əsərin mətni ilə bağlı Pamuka hər hansı tövsiyəsindən söhbət gedə bilərmi?

Cavab: Orhan Pamuk əsərini nəşriyyatımıza təqdim edibsə, demək ki, o əsər çap ediləcəkdir.

Redaktorlar qrupu isə daha çox kitabın qrafik tərtibatı ilə bağlı fikirlərini bildirirlər.

Daha sonra Yayın şuramız tərtibatın son variantı ilə bağlı qərarını verir.

Mais Əlizadə və Kıvanç Koçak
Mən elmi-araşdırma bölməsinin redaktoruyam; ədəbi bölmənin işi ilə bağlı nə isə deyə bilmərəm.

Ancaq bunu vurğulamaq istərdim ki, Pamukun kitabları nəşriyyatımıza çap üçün təqdim edilir.

Sual: Noyabr ayında “Mavi simfoniya” adlı tablosu 1.5 milyon dollara satılan rəssam Burhan Doğançay demişdi ki, indi mənimlə maraqlanıb Türkiyəni tanımağa çalışacaqlar.

Orhan Pamukun Nobel mükafatı alması da Türkiyənin dünyada daha yaxından tanınmasına kömək etdi.

ABŞ-lı bir qadın 20 il qabaq bit bazarından rəssam Erol Akyavaşın tablosunu 200 dollara alıb. 4 ay qabaq Erol Akyavaşın tablosu auksionda 1.4 milyon dollara satılanda o qadının 200 dollara aldığı tablo ABŞ-dakı auksionda 155 min dollara satıldı.

Bu faktlar dünyada Türkiyəyə olan marağı artırır.

Pamukun 2006-cı ildə Nobel mükafatı almasının nəşriyyatınızın Türkiyədəki və dünyadakı imicinə müsbət təsir etdiyi şübhəsizdir. Siz nəşriyyatınızın içindən bu marağı necə hiss etdiniz?


Cavab: Kitabları bizdə çıxan bir yazıçının Nobel mükafatı alması bizim üçün də böyük qürurdur.

Nobel komitəsi qərarı açıqlayandan sonra nəşriyyatımız Türkiyənin və dünyanın diqqət mərkəzinə yerləşdi.

Xüsusilə, Pamukdan müsahibə almaq istəyən media qurumları bizə çox müraciət etdilər.

Əlbəttə ki, xaricdəki kitab yarmarkalarında iştirak edərkən 2006-cı ilin Nobel mükafatı laureatının kitablarını çap edən nəşriyyat kimi imicimiz daha da gücləndi.

Son 10 ildə Pamuk Türkiyədə təzyiqlərə məruz qalırdı. Nobel mükafatı ona qarşı olan təzyiqlərin də azalmasına səbəb oldu.

Pamukun fikirlərinə qarşı olan yazarlar belə Pamukun Nobel mükafatı almasının Türkiyənin dünyada tanınmasında böyük rolu olduğunu inkar etmirlər.

Sual: Söhbəti Pamukdan klassiklərə keçirək: Dostoyevskini, Tolstoyu, Qoqolu çap edirsiniz.

Rəflərinizdə Stendalı, Borxesi görürəm. Dünya klassiklərini hansı prinsiplərlə seçirsiniz?


Cavab: Biz klassiklərin hamısını orijinaldan tərcümə edirik.

Türkiyədə Tolstoyun “Hərb və sülh” romanını 200 səhifədə oxucuya təqdim edən nəşriyyatlar da var.

Xülasəsini. Elə isə bizdə çıxan “Hərb və sülh” 1000 səhifədir. Yazıçılıq iddiasında olan bəzi cavanlar 200 səhifəni gözdən keçirərək “Hərb və sülh”ü oxuduğunu deyir.

Biz klassiklərin hamısını tam variantda və orijinaldan çap edirik.

“Hərb və sülh”ü ruscadan, Stendalı fransızcadan.

Heç vaxt ikinci bir dildən tərcümə edilmiş klassiki çap etmədik. Latın Amerikasından isə argentinalı Xorxe Luis Borxesin əsərlərini biz çap edirik.

Orhan Pamuk
Ölümündən 70 il keçəndən sonra klassiklərə təlif haqqı verilmədiyinə görə, başqa nəşriyyatlar da dünya klassiklərini çap edir.

Klassikləri nəşriyyatımıza Orhan Pamuk tövsiyə edir və tərcümələrin hamısı onun redaktəsindən keçir.

Əcnəbi dillərdən kitabları isə həm yayın şuramızın üzvləri tövsiyə edir, həm də özümüz axtarışlar aparırıq.

Elmi kitablarımızın da müştəri potensialı yüksəkdir, çünki alimlər və tələbələr bizim kitablarımızda mütləq yeni söz tapacaqlarına əmindirlər.

Elmi-tədqiqat redaksiyasına gələn kitabların 90 faizini geri qaytarırıq. İndi bir çoxları elmi-tədqiqat kitabı yazmağı bilgisayardan nəyi isə köçürmək şəklində başa düşür.

Biz müəlliflərə qarşı güzəştsiz hərəkət edirik. Nəşriyyatın yayın prinsiplərindən və çizgisindən qətiyyən geri addım atmırıq.

Sual: Elə isə çap etdiyniz kitabların hamısı satılırmı? Heç sizi zərərə məruz qoyan kitablar olmurmu?

Cavab: Biz çap planımızı hazırlayanda kitabların 5-10 faizindən pul qazanmayacağımızı hesaba qatırıq.

Elə kitab olur ki, böyük ümidlərlə çap edirik, ancaq istədiyimiz kimi satılmır.

Gələcəyinə ümid bəslədiyimiz yazarları çap etməkdən çəkinmirik - hətta ilkin mərhələdə bizə pul qazandırmayacağını bilsək də.

Bunlar hər bir ticarət işində olan şeylərdir. Önəmli olan şey-nəşriyyatımızın çizgisinə həmişə sadiq qalmaqdır.

Sual: Heç çapına peşman olduğunuz kitablar varmı? Anbarınızda qalan kitablar olurmu?


Cavab: İletişim yayınları çap etdiyi hər kitabın dalında durur. Nəşriyyatımızda çıxan heç bir kitabın peşmançılığını çəkmərik. Çünki prinsipial bir yayın siyasətimiz var.

Bizə pul qazandırmayan kitabların çapına da peşman olmamışıq.

Bəzi kitablarımıza umduğumuz qədər tələb olmaya bilər, ancaq dinamik satış sistemimiz olduğuna görə, anbarımızda hər hansı müəllifin böyük miqdarda kitabının qaldığına şahid olmamışam.

Binamızın girişində özümüzün də mağazamız var - yayın planı hazırlayarkən mağazamıza gələn tələblər də bizə yol göstərir.

Sual: Sirr deyilsə, nəşriyyatınızın qonorar sistemi barədə məlumat verə bilərsinizmi?

Cavab: Niyə sirr olsun ki? Bizdə qonorar bu şəkildə hesablanır: kitabın qiyməti onun tirajına vurulur və ortaya çıxan miqdarın 10%-i müəllifə verilir.

Çox da məşhur olmayan müəlliflərin kitablarının başlanğıc tirajı 1000 ədəd olur.

İlk çapdan sonrakı hər basqı üçün müəllifə ayrıca qonorar yazılır. Bəzən bir kitabın 20-30 basqısı olur.

Sual: Bu sistem bütün müəlliflərə eyni dərəcədə aiddirmi? Məsələn, Orhan Pamuka neçə faiz verirsiniz?

Cavab: Əlbəttə ki, Orhan Pamuk üçün hesablanan qonorar daha yüksəkdir.

“Məsumiyyət muzeyi”nin ilk tirajı 100 min ədəd idi. Daha sonra 50 min ədəd də çap etdik.

Sual: Yenə sirr deyilsə, 1 illik ticarət dövriyyəniz nə qədərdir?

Cavab: Bunu mühasibatlıqdan öyrənərik. Ancaq mən bunu deyə bilərəm ki, hər ay ən az 10 adda yeni kitab çap edirik.

Minimum tirajdan hesablarsaq, demək ki, bu ilin 6 ayında bazara 60 min kitab çıxarmışıq.

Təkrar edirəm: bu, minimum tiraj üzərindən hesablanmış bir rəqəmdir. Hal-hazırda oktyabr ayının çap planı hazırdır.

İlk tirajdan sonrakı basqıları və tanınmış müəlliflərini kitablarını hesablayanda 1 ildə bazara nə qədər kitab çıxardığımızı özünüz hüsablayın.

Sual: İndiyə qədər Azərbaycandan kitab çap etdinizmi?

Cavab: Mənim redaktor olduğum tədqiqat bölməsinə 1-2 kitab gəldi.

Ancaq spesifik şəkildə Azərbaycanla bağlı olduğuna görə geri qaytardıq.

Biz hər cür təkliflərə açıq nəşriyyatıq. Müəllifindən asılı olmayaraq, bizə təqdim edilən hər bir kitabda axtardığımız kriteriya- məsələlərə yeni baxış nöqtəsidir.
Dünyanın ədəbi-mədəni, elmi-fəlsəfi həyatına töhfə verə biləcək olan hər bir müəllifə qapımız açıqdır.

Həmçinin oxu
Türkiyədə Azərbaycan yazıçılarının əsərlərinin təqdimat mərasimi əslində necə keçir?
"Kamal Abdullanı Paris kitab yarmarkasına aparmaq mənim işim deyil"
XS
SM
MD
LG