İşdən çıxanda təzəcə aldığı maaşını yenidən sayıb birtəhər çantasına dürtüşdürdü.
Onsuz da balaca olan çantanın içərisində yenicə aldığı bahalı kosmetika dəsti, güzgü, daraq, mobil telefonu, bir də qadına lazım olan bir-iki xırım-xırda əşyası vardı.
Birtəhər basırıq əl çantasının cibində pula yer elədikdən sonra başını qaldırıb yoluna davam elədi.
Kənardan göz qoyulan adam intuisiyası ilə bir qədər ondan aralıda dayanıb diqqətlə baxan oğlanı görsə də fikir vermədi.
Cəmi 34 yaşı olsa da çoxdan özünü yaşlılar cərgəsinə aid eləmişdi, ona görə də kişilər baxanda məsxərəyə, qadınlar baxanda mərhəmətə yozurdu.
İş yeriylə metronun arası uzaq deyildi.
Çox yorğun olmayanda metroyacan piyada getməkdən xoşu gəlirdi. İndi yorğun olsa da nədənsə ürəyində metroya kimi piyada gəzə-gəzə getmək həvəsi yarandı.
Özü-özünə etiraf etməsə də ona baxan oğlanın baxışları altında yeriyib heç olmasa bir qədər xoşallanmaq istədi.
Hərçənd özünə də çox maraqlı idi ki, oğlan ona niyə belə maraqla, hətta az qala rəğbətlə baxır.
İlıq may axşamı idi. Yolboyu ətrafından qol-qola girib gülüşə -gülüşə, bir-birilərinə sevgi dolu baxışlar atan, əzizlənən sevgili cütlüklər ötürdü.
Qan qaynadan bu ilıq bahar axşamında sevişənlərin elə bil hamısı bu qarımış qızın acığına küçələrə tökülmüşdülər.
Yol gedə-gedə bəzilərinə həsədlə, bəzilərinə aşkar paxıllıqla baxdı. Bir cütlük isə elə diqqətini çəkdi ki, geriyə çevrilib arxalarınca boylanmağa da ərinmədi.
Bu vaxt bayaq ona göz qoyan sarışın oğlanı yenə gördü.
Oğlan gözlərini çəkmədən ona baxa-baxa ardınca gəlirdi. Qarımış qız tez çevrildi, ürəyi lap yeniyetmə vaxtlarında olduğu kimi naməlum, xoş bir hissin təsiriylə titrədi. Onsuz da əyri olan ayaqları bir-birinə dolaşdı.
Tələsik pillələri düşdü, az qala qaça-qaça enərək gəlməkdə olan qatarın açılan qapısından özünü içəri necə atdığını bilmədi.
Qatarda adam az idi. Vaqona doluşanlar tələsik boş yerləri tutub oturdular.
Qarımış qız da oturub şalvarda da açıq-aydın əyri olduğu bilinən ayaqlarını gizlətmək istədi.
Çoxdan idi ki, öz çirkinliyindən utanmırdı. Amma indi ona nəzərlərini zilləyən oğlanın baxışları altında az qala unutduğu eybəcərliyini yenidən tanış, ağrıdıcı hisslə xatırlamalı oldu. O öz nüsxəsiz eybəcərliyinin fərqindəydi.
Bu çirkinliyi üçün uşaq vaxtlarında anasını qınayırdı.
Böyüyəndən sonra da Allaha asi düşdü. Onun yaşıdları bir-bir oxuyub ərə getdikcə, qəşəng-qəşəng, totuq-motuq uşaqlar dünyaya gətirdikcə o da nə vaxtsa bəxtinə heç olmasa özü kimi bir eybəcərin çıxacağına inanırdı.
Özündən yeddi yaş kiçik bacısı ərə gedəndən sonra bu inam yarıbayarı azalsa da, yenə qəlbinin dərin guşəsində yalnız zəif közərtisindən sönmədiyi bəlli olan kiçik qor kimi işıldayırdı.
Ancaq özü də Allahın ona bəxş etdiyi bu eybəcər simanın, qeyri-mütənasib vücudun hansısa kişinin diqqətini cəlb edəcəyinə inanmırdı.
Elə bil, qurban olduğum Tanrı da nəsillərində kimin nə eybəcər yeri vardısa hərədən birini toplayıb bu bəxtiqaranın üzünə, bədəninə yapışdırmışdı. Karikatura kimi.
Bacısı anasına bənzəyirdi: ağbəniz, alagöz, qədd-qamətli qız idi.
Hələ yeddinci sinifdən ona elçi düşməyə başlamışdılar.
Evin böyük qızına hörmət əlaməti olaraq bacısı sevdiyi oğlana elçi gəlməyə icazə vermirdi. Ancaq illər bir-birini əvəzlədikcə bacısının adını tutub, üzünə baxan olmadıqda özünün də qarıyıb bacısı ilə birgə oturacağını düşündüyündən daha onu gözləməyib ərə getdi.
Qarımış qızsa atası tərəfə çəkmişdi: domba və ifadəsiz gözlərini böyük bibisindən, əyri burnunu atasının əmisi qızından, vız saçlarını kiçik bibisindən ömürlük əmanət kimi almışdı.
Anasının ayaqları bir az əyriydi, bununkular isə elə bil əsl əyilmiş maşa idi. Əyninə şalvar geyinib saçını qısa vurduranda kişidən seçilmirdi. Allahın bəzi kişilərdən kəsdiyi şoğərib tük də bunun payına bol-bol düşmüşdü.
Dırnaqlarını həmişə qadın salonunda manikür-pedikür elətdirərdi, amma salonun qapısından ayağını çölə qoymamış oradakı qızların xısın-xısın gülüşməsini eşidəndə elə bil ömründən on il itirirdi.
Öz eybəcərliyindən utanmaq hissi yeniyetməliyində və gəncliyində onu daha çox incidib əzab verirdi. Amma illər keçib yaşı ötdükcə elə bil o iztirablar da azalırdı.
Onsuz da bu sir-sifətlə evdə valideynlərinə yük olacağını fikirləşdiyindən ağlı kəsəndən təhsilinə fikir verdi. Müəllimlərinin dediyinə görə, yaxşı riyazi məntiqi vardı. Ona görə də məktəbi bitirən kimi mühasibatlıq oxumağı qərara aldı.
Bəlkə də ona əzab verən hisslərin məngənəsindən qurtulmağı illərdi mehr salıb bütün diqqətini yönəltdiyi işinin sayəsində olmuşdu.
Tərslikdən də elə bil, kişili-qadınlı, oğlanlı-qızlı iş yoldaşlarının hamısını gözəllik müsabiqəsindən seçib gətirmişdilər.
Bu bəxtiqara da onların arasında ağ camışa oxşayırdı.
Hər halda o özünü belə təsəvvür edirdi (Ömründə bircə dəfə kənddə nənəsigildə olmuşdu, onda da çox nadir hallarda dünyaya gələn ağ camış balası görmüşdü. Nənəsi deyirdi ki, bu xötəklərin gözü görmür. Onda yeni doğulan, kirpiklərinəcən ağ olan həmin xötəyə yaman yazığı gəlmişdi).
Əvvəllər İş yoldaşları eybəcərliyinə sataşıb onu məsxərəyə qoyardılar.
Amma bir gün qarımış qız elə hönkürtü ilə ağladı ki, hətta ətiacılığı ilə iş yoldaşlarından xüsusi seçilən Fuad da ondan üzr istədi.
Bununla da işdə qarımış qızın çirkinlik dastanı bitdi.
Hamı sanki onun ürəkağrıdan hönkürtüsündən sonra eybəcər simasının arxasındakı həssas, yumşaq qəlbini gördü. Məhz bundan sonra elə bil qarımış qız üçün yaşamaq asanlaşdı.
Həm də iş yoldaşları ilk baxışdan yöndəmsizliyi ilə diqqət çəkən bu sısqa vücudu və idbarlığı ilə az qala adamın gözünə soxulan sifəti hər gün görərək bu çirkinliyə alışdılar və qarımış qızı olduğu kimi qəbul etdilər.
O isə gözəl qızlar kimi nə kosmetikasından, nə də son dəblə geyinməyindən qaldı.
Aldığı maaşını özünə xərcləməyinə ailəsində də etiraz edən olmadı. Valideynləri «Qəlbi qırıqdır, qoy heç olmasa istədiyi kimi geyinib-gəzsin» dedilər.
O da illərlə heç olmasa bircə nəfərin ona «səni sevirəm» deməsini gözləyə-gözləyə 30 yaşını keçdi. Həmişə bu sözü eşitmək həsrəti ilə yanıb-yaxıldı. Bu sözü eşitsə hansı hissləri keçirəcəyi 34-cü yaşınacan ona naməlum qaldı.
İndi ondan yaşca çox-çox gənc görünən bir oğlanın ona az qala məftun nəzərlərlə baxdığını görəndə ətrafına baxdı. Yox, oğlan elə ona baxırdı ki, ona baxırdı. Vaqondakı qadınların əksəriyyəti yaşlıydı.
Oğlan elə dayanmışdı ki, başını qaldıranda baxışları düz gözünün içinə zillənirdi.
Qarımış qız az qala ağlamaq həddinə qədər əsəbiləşdi. Bu oğlan belə baxmaqla nə demək istəyirdi?! Niyə belə davamlı baxıb onun artıq çoxdan qaysaq bağlamış yaralarını qaşıyıb qanadırdı?
Qarımış qız bu dəfə utanmadan başını qaldırıb oğlanı süzdü. Hər bir gözəl qızın arzulayacağı biri idi: ala, iri gözləri, azacıq qıvrım, ipək kimi yumşaq, alnına tökülmüş sarışın saçları vardı.
Boy-buxunu da yerində idi. Geyimi bir qədər kasıbyana olsa da zahiri görkəminin kölgəsində qalırdı.
Deyəsən, vaqondakılar da bu gizli baxışmanı sezmişdi. Gah oğlana, gah qıza baxan yaşlı qadınlardan biri hətta təəccüblə başını bulamaqdan belə çəkinmədi və bu, qarımış qızın gözündən yayınmadı.
Başını aşağı salan qız bir anda yaşının yarısına qayıtdı.
Elə bildi 17 yaşı var, özü də elə gözəldi ki, bircə dəfə baxmaqla ona vurulan bu oğlan da indicə metronun sonuncu stansiyasında düşüb evlərinə gedəndə elə ilk baxışdan ona aşiq olduğunu etiraf edəcək.
Sonra da ondan telefon nömrəsi istəyəcək və boş vaxtı olanda onunla heç olmasa yarımca saat bir yerdə olması üçün yalvaracaq. Evlərinin yerini soruşub ona elçi göndərəcəyini bildirəcək. Sonra da bir müddət görüşəcəklər.
Oğlan artıq onsuz yaşaya bilməyəcəyini başa düşüb tezliklə toy etmək arzusunda olduğunu deyəcək.
Ona da bütün başqa qızlar kimi el adətiylə nişan gətirəcək, gəlin aparacaqlar. Bir anda özünü hətta evlərinin yanındakı gəlinlik donları satılan mağazada son dərəcə xoşuna gələn yaxasıaçıq gəlinlikdə də təsəvvür elədi.
Sonra nələr olacağını təsəvvür eləməyə öz-özündən utandı. Amma bu sarışın, gözəl oğlana özü kimi alagöz, totuq oğlan doğacağını da o iki stansiyanın arasında fikirləşməyə macal tapdı.
Elə bu xoş xəyalların təsiri ilə allanmış yanaqlarına düşən bir çəngə vız saçını geri atıb oğlana məhəbbətlə baxdı və onun da mehribanlıqla gülümsədiyini gördü.
Qarımış qız bir anda dünyanın xoşbəxti oldu o təbəssümlə. Kimsə desəydi inanmazdı ki, insan bircə təbəssümlə səadətin zirvəsində olarmış.
Oğlanı az qala ərinə baxırmış kimi məhrəm nəzərlərlə süzdü və hər dəfə qatar növbəti stansiyalarda dayananda ürəyi həyəcandan təhlükə duymuş quş ürəyi kimi əsdi ki, birdən oğlan düşüb gedər.
Yox, deyəsən, oğlan heç düşənə oxşamırdı. «Doğrudanmı, məndən xoşu gəlib? Ay Allah, mənim nəyimdən xoşu gələ bilər ki?!
Bəs onda niyə gözünü çəkmədən baxır. Gözləri az qalır danışsın.
Ay Allah, yoxsa bu yaşlaşan vaxtımda məni birdən-birə elə sevindirmək istəyirsən ki, səadətdən dəli olum?
Yazığın köynəyinin yaxası da çirklənib, bircə sənin arvadın olaydım, elə qayğını çəkərdim ki, görərdin illərdir yığılıb qalmış sevgimi sənin yollarına necə səpələyirəm. Ay Allah, yazığam. Məni bundan artıq sınağa çəkmə, kaş bu stansiyada düşüb gedəydi. Ümidimi birdəfəlik üzəydim».
Elə ürəyində Allaha yalvara-yalvara bir də baxdı ki, sonuncu stansiyaya çatıblar.
Evləri metrodan azca aralı idi. Həmişə beş dəqiqəlik olan bu yolun indi illərlə uzanmasını arzulayırdı. Vaqonun qapısı açılanda oğlan onunla birgə çıxdı.
Addımlarını qarımış qızın yerişinə uyğunlaşdırıb onunla yanaşı yeridi. Az qaldı həyəcandan qızın ayaqları tutulsun. İrəli baxsa da gözünün qırağıyla oğlanın onun üzünə baxdığını və nə isə soruşmaq istədiyini hiss edirdi.
Həmişə eybəcərliyinin doğurduğu kompleksə görə danışmağı sevməyən qarımış qız az qalırdı özü oğlanı danışdırsın.
Yerin üstünə çıxanda artıq havanın qaralmaq üzrə olduğunu, küçədəki sevgili cütlüklərin sanki əvvəlki günlərdəkindən də artıq olduğunu fikirləşdi. Bayaqdan ondan gözünü çəkməyən oğlan heç nə soruşmur, sakitcə onunla yanaşı addımlayırdı.
Qarımış qız indi həmişə olduğu kimi yanından ötən sevgililərə qibtəylə baxmırdı, indi onun da yanında ona diqqət yetirən biri vardı.
O, hətta sevgililərinin yanında da bəzi qızların oğlana baxdıqlarını, sonra təəccüblə onu süzdüklərinin görürdü. Amma kimin nə fikirləşdiyi qətiyyən eyninə deyildi. Əksinə, elə qürurla yeriyirdi ki, elə bil halalca əriylə gəzintidən qayıdırdı.
Evləri dalanın sonunda yerləşirdi. Dalanı burulanda oğlanın hələ də onunla yanaşı gəlib heç nə soruşmamasından bir qədər dilxor olsa da susmağa üstünlük verdi. Dalanda işıq yanmadığından elə bil birdən qaranlıq metro tunelinə daxil oldular.
Bu qaranlığın həyəcanı da bir tərəfdən ürəyini sardı və elə bu vaxt oğlan qətiyyən görkəmi ilə uyuşmayan kobud səslə «Eviniz uzaqdadır?» soruşdu. Bircə bu sual üçün ömrünün beş ilini verməyə hazırdı qarımış qız.
Hər şey onun fikirləşdiyi ssenari üzrə başlayırdı deyəsən. Elə karıxdı ki, nə cavab verdiyini bir neçə saniyə sonra xatırlamadı belə. Həyəcandan ürəyi 15 yaşlı, ilk dəfə eşqə düşən qızların ürəyi kimi çırpınırdı.
İndicə onun da taleyinin qara səhifələri qapanıb səadətinin qapıları planlaşdırdığı kimi açılacaqdı.
…Alaqaranlıqda və çox qəfil baş verən bu hadisənin nə olduğunu kəsdirə bilmədi əvvəlcə. Oğlanın onun çantasını qapıb qaçması şüuruna bir neçə saniyə sonra çatdı. Heykəl kimi quruyub yerində qalmışdı.
Yavaş-yavaş yerə necə çökdüyünü bilmədi. Şəhərin ümumi səs-küyündən ayrılıb səssiz dalana girməklə səhərdən ssenarisini cızdığı xoşbəxtlik birdən-birə quş kimi uçub getmişdi. Çoxdandı ağlamırdı.
Lap yadırğamışdı ağlamağı. Amma indi qəflətən necə qışqırıb hönkürdüsə, dalanın hansısa küncündən bir it çıxıb qaçdı. Görünür, qəfil səsdən qorxmuşdu.
Səs-küy içində nəfəs alan şəhərin al-əlvan işıqları altında sevgililər qol-qola gəzişib baharın dadını çıxarırdılar.
Qaranlığa qərq olmuş dalanda üzü üstə yerə yıxılıb qalmış qarımış qız var səsiylə hönkürürdü…
"Mediaforum"