Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:06

İsa Hüseynov öz aləmində


İsa Hüseynov: Yeni sivilizasiya yaranacaq
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00
Direct-ə keçid
Mirmehdi Ağaoğlu

İsa Hüseynovun son dövrlərdə verdiyi müsahibələrlə tanışıq.

Doğrusu 80 yaşlı bir yazıçıdan gözləniləcək müsahibə deyil. Ssenari müəllifi olduğu “Tütək səsi” filmində işlədilən məhşur bir frazada – “Cümrü öz aləmindədi”- deyildiyi kimi sanki yazıçı öz aləmindədir.

Onun son dövr müsahibələrində nə qədər axtarmağa çalışsam da SafAğdan, ÜnOdƏrdən, EySardan, AğEvÜndən, BağOddan, ƏsƏlMəndən başqa bir şey tapmağa müvəffəq olmadım.

İsa Hüseynov təqribən keçən əsrin 80-ci illərdindən başlayaraq özünün qurduğu bir aləmdə yaşayır.

O dünyaya bu aləmin pəncərəsindən baxır və gördüyü hər şeyi də öz aləminin görüşləri əsasında qiymətləndirir.

İlk baxışda adama elə gəlir ki, İsa Hüseynovun tapıntısı onun ədəbi obrazı, ədəbi materialıdır.

Fantastik, dini-mifik elementlərdən ədəbi priyom kimi yararlanmaq mövcuddur.

Deyilənə görə “Ağ gəmi” əsərini İsa Hüseynovdan təsirlənərək yazmış Çingiz Aytmatov da “Gün var əsrə bərabər” romanında Yerə məlum olmayan naməlum, ali sivilizasiyadan, Meşəlidöş planetindən danışır.

Amma Aytmatovun tapıntısı dini-mistik deyil, nağıl deyil.

Doğrudur fantastikdir, ancaq biz gündəlik KİV-lərdə yad planetlilərlə, naməlum varlıqlarla bağlı nə qədər məlumatlara rast gəlirik.

Bu məlumatları oxuyandan sonra adamın Meşəlidöş planetini fantastik ədəbi tapıntı adlandırmağa dili gəlmir.

Rus yazıçısı Vladimr Sorokinin 2006-cı ildə “Bro yolu”, “Buz”, “23000” romanlarının daxil olduğu trilogiya işıq üzü gördü. Bu trilogiyada Sorokin Başlanğıc İşıqdan, İşıq Qardaşlığından danışır.

Absolyut Boşluqda mövcud olan bu Başlanğıc İşıq-iyirmi üç min işıq şüası bütün kainatı ulduzları, meteoritləri, kometləri, planetləri o cümlədən Yeri yaradır.

İndi onların ali məqsədi 23000 İşıq qardaşlarını yenidən birləşdirməkdir.

Sorokinin fikrincə kainatda yaranmış disharmoniyanın yenidən bərpa olunması üçün İşıq qardaşları yenidən birləşməli, Yer planeti isə dağılıb məhv olmalıdır.

Maraqlıdır deyilmi? Nəzərinizə çatdırım ki, mövzusu bu qədər bəsit olan trilogiyanın ikinci hissəsi “Buz”un üzərində Sorokin beş il işləmişdi.

Sorokin romanın çapından sonraki müsahibələrində İşıq Qardaşlarından danışmır, oxucunu belə bir Qardaşlığın varlığına inandırmağa belə cəhd etmir.

Məsələ aydındır; Sorokin bu trilogiya ilə Rusiyanın son yüz illik dövrünə İşıq salmağa çalışır.

İsa Hüseynov isə hər müsahibəsində ciddi-cəhdlə oxucunu OdAğÜz adlı bir dünyanın varlığına, yaşadığımız dünyanın təhrif olunduğuna, əslində İsa peyğəmbərin EySar, Məhəmməd peyğəmbərin BağHəmOd, Musa peyğəmbərin BağSar, Süleyman peyğəmbərin ƏsƏlMən olduğuna inandırmağa çalışır. Yazıçı hər dəfə bu müsahibələrdə din tarixindən məlum olan adları təhrif etməklə qurduğu söz oyunları ilə oxucunu təəccübləndirir.

Yeri gəlmişkən bir məsələni qeyd edək. Bilənlər bilir ki, İsa Hüseynovun söz, dil oyunları əsasən dini obrazlar üzərində qurulub. Məsəl üçün İsa peyğəmbər-EySar, Məhəmməd peyğəmbər-BağHəmOd, Musa peyğəmbər-BağSar, Süleyman peyğəmbər-ƏsƏlMən, Kəbə-OdEv, qiblə-OdEvƏl, Allah-ƏlAğ, Quran-GurÜn.

Amma görünür ki, yazıçının dini bilikləri qənaətbəxş deyil. “Məhşər” romanında Nəsiminin Qüdsdə, Beytül-Müqəddəsdə olmasından danışarkən şəhəri təsvir edir.

Əsərdən bir cümlə: Yağış yağanda, arxası şəhərin şərqində qala hasarına söykənən “Kəbə”nin- Od Evin qurğuşun lövhələrlə örtülü damından başlamış, daş küçələrin daş səkilərinə qədər tərtəmiz yuyulurdu.

Göründüyü kimi yazıçı burada Qüds şəhərini təsvir edirkən “Kəbə”dən danışır, amma coğrafiyadan və tarixdən bilirik ki, Kəbə evi Qüds şəhərində deyil, Məkkə şəhərində yerləşir.

Bu da yazıçının dini dünyagörüşündən xəbər verir.

Son dövrlər dünyada fentezi janrı çox geniş yayılmışdır.

Özünün gündəlik problemlərindən qaçmaq, arzularının çin olduğu xoşbəxt bir dünyada yaşamaq istəyən oxucu özünü fentezi dünyasında xoşbəxt hiss edir.

Bəs necə, o xəyal dünyasında istədiyi fövqəlvarlığa çevrilə bilər və çeçələ barmağının yüngülcə tərpənişi ilə bir anda gerçək aləmdə öhdəsindən gələ bilmədiyi, onu sıxan, robot təki yaşamağa məcbur edən problemlərin öhdəsindən gələ bilər.

Buna görə də son illər fentezi janrının fransız Bernar Verber, amerikalı Filis Kristina Kast kimi məhşur yazıçıları böyük həvəslə oxunur.

İsa Hüseynovun maraqlı cəhəti ondadır ki, o özü yazdıqlarına səmimi qəlbdən inanır.

Bütün varlığı ilə öz xəyal dünyasını gerçək aləmlə uzlaşdırmağa çalışır. Ona elə gəlir ki, bütün bunları ona ün diqtə edir, o isə yazır.

Əgər o xəyal dünyasına bu qədər bağlanmasaydı, “Məhşər” kimi möhtəşəm bir tarixi əsərin üzərinə bir daha qayıtmaz, onu OdƏr elminin prinsipləri əsasında yenidən işləməzdi.

Yazıçı “öz aləmi”ndən yazarkən obrazların adları üzərində oyunqurmalarla oxucunu yorur.

O oxucunu “öz aləmi”nə aparmaq yerinə, “öz aləmi”ni onun dünyasına, reallığa gətirməyə can atdığı üçün cansıxıcı, absurd görünür.

“Tütək səsi”, “Saz”, “Kollu Koxa”, “Quru budaq” “Faciə”, “Şəppəli” kimi realist əsərlərin müəllifini son 30 ildə yazdıqlarına görə fentezi yazarı adlandırmaq olarmı, bilmirəm.

Amma İsa Hüseynovu daha çox bol oxucu kütləsi əldə etməyə hesablanmış bir janra aid etmək doğru olmazdı.

Çünki o sadəcə oxucu bolluğu əldə etmək üçün deyil, kitab istehlakçısının zəif nöqtəsini bildiyi üçün deyil, yazdıqlarına qətiyyətlə inandığı üçün, OdAğÜz adlı bir dünyanın varlığına inandığı üçün, özünün də OdAğÜz aləminin EYSar kimi, BağHəmOd kimi, ƏsƏlMən kimi bağı olduğuna inandığı üçün, yazdıqları ilə, öz xəyal aləmi ilə dünyanın korlanmış dəyərlərini yenidən dirçəldəcəyinə inandığı üçün yazır.

"Azadlıq" qəzeti

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG