Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:30

1500 manat cərimə, 100 manat «hörmət»


Daşkəsən sakini Gülnar Həsənovanın ərzaq mağazasında yoxlama aparılarkən təxminən 47 manatlıq istehlak müddəti bitmiş ərzaq məhsulları aşkar edilib.

Faktı aktlaşdıran İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Dövlət Xidmətinin Gəncə-Qazax regional idarəsinin əməkdaşları sahibkara 1500 manat cərimə kəsiblər.

AzadlıqRadiosunun «Qaynar Xətt»inə şikayət göndərən Gülnar Həsənova dövlət orqanlarının ona böyük məbləğdə cərimə kəsməsindən şikayətçidir:

«Mən günahımı danmıram. Doğrudan da mənim mağazamda bir neçə ərzaq məhsulunun istifadə müddəti mayın sonunda bitmiş və mən onları satışdan çıxarmamışdım. Ancaq niyə 46 manat 80 qəpiklik ərzaq üçün mənə 1500 manat cərimə kəsirlər? Bu insanları soymaq deyil?»

İİN-nin əmkdaşları faktı faktı mağazadakı nəzarət kitabçasına da qeyd ediblər, sahibkara inzibati xəta pozuntusu üzrə Gəncədə iyunun 14-də keçiriləcək məhkəmə prosesinə çağırış da veriblər. Ancaq cərimənin məbləği sənədlərin heç birində qeyd olunmayıb:

«İİN-nin əməkdaşları mənə dedilər ki, 1500 manat cərimə verəcəksən, 100 manat da bizə hörmət edərsən. Gülməlidir. Məni bu qədər cərimələyiblər, hələ mən bunlara hörmət eləməliyəm».

İndi sahibkar şübhələnir ki, birdən 1500 manat rəsmilərin «hörmət» dediyi rüşvət, 100 manan isə cərimə ola bilər.

İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Dövlət Xidmətinin Gəncə-Qazax regional idarəsinin rəisi Təbriz Axundov isə deyir ki, onlar dövlətin onların üzərinə qoyduğu vəzifənin icrası ilə məşğuldurlar, söylənilən 1500 manatlıq cərimə isə İnzibati Xətalar Məcəlləsinə görə müəyyən edilir:

«Yararlılıq müddəti bitmiş ərzaq məhsullarının satışı üzrə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunurlar. Bu, məhsulun dəyərindən və miqdarından asılı olmayan məbləğdir. Yararsız məhsul 10 qəpiklik ya 1000 manatlıq da olsa cəriməsi 1500 manatdır. Bu məbləğ birinci dəfə aşkar edilən qayda pozuntusu üçündür. İkinci və üçüncü dəfələrdə cəzalar bir qədər də sərtləşdirilir».

- Sahibkar bildirir ki, sizin əməkdaşlarınız ondan 100 manat rüşvət tələb edib.

«Bu haqda çox danışıla bilər. Ancaq bizə edilən şikayətlərin heç birində bu fakt təsdiq olunmayıb. O məsələ bizə yaddır».

İqtisadi Tədqiqatlar Mərkəzinin başçısı Azər Mehdiyev də bu məsələnin İnzibati Xətalar Məcəlləsi ilə nizamlandığını və son zamanlar qaydaların sərtləşdirildiyini bildirir:

«Mən belə hallarda sahibkarlara haqq qazandırmıram. Sahibkarlar mütləq satışa çıxardıqları hər məhsula diqqətlə yanaşmalıdırlar. Məncə, dövlət məsələyə doğru yanaşaraq bu qaydları pozan şəxslərin cəzasını sərtləşdirib. Burada söhbət istehlakçıların hüquqlarından, daha dəqiqi insan sağlamlığından gedir».

Buna da bax:

XS
SM
MD
LG