Hannibal QəddafiBir İsveçrə şirkətinin Liviyadakı şöbəsinə rəhbərlik edən Goldi həmyerlisi Raşid Hamdani ilə birlikdə 2008-ci ilin iyul ayında həbs edilmişdi. İsveçrə polisi Liviya lideri Müammər Qəddafinin oğlu Hannibalı ona işləyən iki yerli işçini təhqir etmək ittihamı ilə saxlayanda Liviya rəhbərliyi də həmin ölkədəki isveçrəli iş adamlarını tutmuşdu. Az sonra İsveçrə hakimiyyəti «şikayətçilər şikayətlərini geri götürdülər» deyərək Hannibalı azad etdi. Amma bu mübahisə Avropa Birliyi, ABŞ, bir çox enerji şirkətlərinin də iştirakı ilə davam etdi.
ONLARIN YEGANƏ GÜNAHI….
Hamdani və Goldi həbsdə olduğu vaxtda onların tərəfdarları deyirdilər ki, bu adamların yeganə günahları sadəcə olaraq «doğru olmayan zamanda doğru olmayan yerdə olmaq»dır.
Yalnız bu ilin fevralında Liviya məhkəmələri qərar qəbul etdilər ki, Hamdani günahsız imiş, evinə dönə bilər. Amma Goldi viza qaydalarını pozub. Buna görə Goldi son dörd ayını da həbsdə qalmalı oldu.
Bazar ertəsi sağ-salamat, amma yaşadığı sıxıntılara görə üzgün halda İsveçrəyə dönən Goldi jurnalistlərə deyib ki, o, sadəcə olaraq iki ölkə arasında diplomatik çəkişmənin günahsız qurbanı idi.
Goldi bildirib ki, Hamdani ilə onu ayrı-ayrı yerlərdə saxlayır, onların bir-biri ilə ünsiyyətlərinə imkan verilmirmiş. İki ay onlara nə ailələri, nə də İsveçrə konsulluğunun əməkdaşları ilə əlaqə saxlamağa imkan verilməyib. Dediyinə görə onu balaca, qaranlıq bir otaqda saxlayırlarmış. Gözətçilər pis davranmasalar da onunla ünsiyyətdən imtina ediblər.
ƏN BÖYÜK ZƏRBƏ PSİXOLOJİ ZƏRBƏDİR
Goldi deyir ki, ən çətini qeyri-müəyyənlik idi, bilinmirdi ki, saxlayanlar kimlərdir, nə istəyirlər, nə qədər saxlayacaqlar. O bildirib ki, saxladığı müddətdə aldığı ən böyük zərbə psixoloji zərbədir, bu yaranın nə vaxt sağala biləcəyini də demək çətindir.
Maks Goldiİsveçrə vətəndaşlarının azad edilməsi üçün kampaniya aparan «Amnesty International» təşkilatı isə onların həbsinin siyasi motivli olduğunu deyirdi.
Goldinin azadlığa buraxılması yalnız bu həftənin sonunda İsveçrə ilə Liviya arasında razılaşma imzalanmasından sonra mümkün olub. İsveçrənin Xarici İşlər naziri Mişlin Kalmi-Re ispaniyalı həmkarı Miqel Anxel Moratinos, İtaliyanın Baş naziri Silvio Berluskoni və Almaniya diplomatları ilə birlikdə Tripoliyə gedərək bu razılaşmanı əldə etmişdi.
Liviyanın Xarici İşlər nazirinin razılaşmanın imzalanması mərasimində verdiyi məlumata görə, Cenevrənin yerli hakimiyyəti Hannibal Qəddafini saxladığına görə liderin oğluna 1.5 milyon dollar kompensasiya ödəyəcək. Amma Cenevrə hakimiyyəti hər hansı kompensasiya ödənilməsi barədə deyilənləri təkzib edir. Amma «Tribune de Geneve» qəzetində Hannibalın şəkillərinin çap olunmasına görə İsveçrə hökuməti rəsmən üzr istəyib. Rəsmilər bildiriblər ki, İsveçrə qanunlarına görə bu halda Qəddafinin şəxsi məlumat gizliliyi qorunmalı idi.