Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 11:04

«Kabel televiziyası tamaşaçılarının seçim hüququ olmalıdır»


Sloveniya-Əlcəzair oyunu, 13 iyun 2010
Azərbaycanda eksklüziv yayım hüququ «Lider» telekanalına məxsus olduğundan heç bir kabel televiziyası Dünya çempionatının matçlarını yayımlaya bilməz.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Katv-1» kabel televiziyasının mətbuat xidmətinin rəhbəri Hüseyn İsmayılbəyli deyib. Özlərinin də bu qaydaya riayət etdiklərini deyən İsmayılbəyli bildirib ki, buna baxmayaraq, kabel televiziyası tamaşaçılarının seçim hüququ olmalıdır. O, bunu Azərbaycan dilində idman sahəsində terminologiyanın zəif olması ilə əlaqələndirib:

«Yerli yayım təşkilatları çalışmalıdır ki, yayımı elə təşkil etsinlər ki, hamı doğma dildə yayıma baxsın».

«Lider» telekanalının idman departamentinin baş icmalçısı Rövşən Binnətli isə deyib ki, Dünya çempionatının yayımlanması ilə bağlı FIFA ilə müqavilə bağlanarkən hər bir telekanal bu yayımı yalnız öz ölkəsi ərazisində yayımlayacağına dair öhdəlik götürür. O bildirib ki, həmin prinsipə əməl olunmasa, bütün bu müqavilələr, eyni zamanda yayım hüququ olan kanalın reklam müqavilələri alt-üst ola bilər:

«Bu müqavilədən irəli gələn tələblərə uyğun olaraq «Lider»in tamaşaçıları da xaricdə bizim yayıma baxa bilmirlər. Biz matç başlananda peykdə yayımımızı dayandırırıq».

Rövşən Binnətli FIFA-nın bu addımı kanalların reklam hüquqlarının pozulmaması üçün atdığını söyləyib. O bildirib ki, hazırda bütün ölkələrdə FİFA-nın müşahidəçiləri var və onlar vəziyyət barədə gündəlik məruzə edirlər.

Matçların zaman etibarı ilə toqquşması məsələsinə gəldikdə isə «Lider» kanalının təmsilçisi deyib ki, matçların vaxtı üst-üstə düşdükdə, yayımı keçid formasında etmək olar. Amma «Lider»in ikinci kanalının olmamasını xatırladan Rövşən Binnətli deyib ki, bu səbəbdən onlar digər kanalların sublisenziya məsələsini qaldırsalar da bu müsbət cavablandırılmayıb.


/Hazırladı: Kamran Mahmudov/

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG