Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

Rüfət Əhmədzadə "Metrodakı metroseksual" (Hekayə)


(bir həyat hekayəsi)

Bloqumda insan taleləri ilə bağlı kiçik hekayələr yerləşdirdikdən sonra, oxşar hadisələri yaşayan və ya şahidi olan bir çox oxucudan məktublar almağa başladım.

Öz həyatından əhvalatlar yazıb, onları bədiiləşdirməyimi xahiş edən də çox oldu.

Yaradıcılığıma faydalı olan bəzi hadisələri qeyd edərək, silsilə hekayələr yazmağı qərara aldım.

Bu hekayə də “A…” adlı xanım oxucumun həyatındandır və bəzi bədii əlavələrlə, onun dilindən sizə təqdim edirəm

*******

Sevdiyim qrup yoldaşımdan ayrı salınıb, ömrümdə görmədiyim-görüşmədiyim uzaq bir qohumuma ərə verildim.

Verildimmi, ya satıldımmı… Bilmirəm! Toy günü uşaq kimi ağlayırdım. Qohumlarımızın düşündüyü kimi sevincimdən yox, rəzalətimdən….

Hönkür-hönkür! Sanki, məni ər evinə deyil, qəbr evinə aparırdılar.

Hələ, “gəlingətirdi”də… Onun binamızın qarşısındakı skamyada oturub, məni qınayıcı nəzərlərə seyr etməsi… İncik siması…

Hələ də bir dəhşət kimi, beynimdə sancılıb qalıb! Vaxtaşırı yuxuma da girir… Gözlərimi yummağa da peşman edir məni!

Dörd ilə yaxın vaxt keçdi. İki yad ruhlu insanın belə bir-birinə öyrəşməsi üçün, dörd il az müddət deyil. Lakin, mən heç cür ərimə bağlana, isnişə bilmirdim. Çünki, ilk və son sevgilim hələ qəlbimdəydi.

Hətta ərimlə sevişəndə belə, ağlıma ilk gələn şey sevdiyim insana xəyanət etdiyim düşüncəsi idi. Vicdanım qovrulurdu!

Üstümüzdə onun lənəti vardı, sanki! Bu dörd il ərzində, heç cür hamilə qala bilmirdim.

Çünki, ərim sonsuz idi. Subaylıq vaxtı, hansısa fahişədən mikroba yoluxubmuş. Müalicəyə xeli pul xərcləsə də, heç bir fayda olmurdu. Nəticədə, sonsuz bir cütlük olaraq yaşamağa məhkum idik. Vaxtı vaxta calayırdıq….

Bizdən sonra evlənərək bizdən tez valideyn olan tanışlarımıza gözaydınlığı verə-verə!

Nə boşanmaq, nə də uşaq evindən övladlıq götürmək fikirlərini qəbul etmirdi. Heç birini sığışdırmırdı şəninə. Mən isə, üzülürdüm. Axı, ana olmaq istəyirdim. Hər şeydən çox!

Yoldaşımın valideynləri isə… Sanki, onların oğlunu yoluxduran, sonsuz qoyan mən idim.

Təzə gəlin gələrkən qayınanam “qızım” deyə çağırırdısa, bir-iki ildən sonra, “ağəz” xitabını eşitməyə başladım.

Boğulurdum o qadının zəhmli nəzərləri altında yaşamaqdan. Amma, nə fayda!? Ayrıca evimiz yox, özüm də evdar qadın… Dözməliydim onun tənələrinə!

Hətta, mənimlə işi olmayanda belə, özünə oxşar baldızımla həngamə qaldırırdı.

Mənsə, bizə ayrılmış otağa çəkilərək, dizlərimi qucaqlayıb ağlardım. Artıq, onların nə səsinə, nə də nəzərlərinə dözəcək taqətim qalmamışdı.

Bu xarabadan mümkün qədər uzaq qalmaq istəyirdim.

Heç olmasa, ixtisasıma uyğun mühasib və ya başqa bir istənilən işdə işləsəydim, bəlkə də eynim açılar və əsəblərim nisbətən sakitləşərdi.

Dönə-dönə yalvarsam belə, ilk vaxtlar nə ərimi, nə də valideynlərini razı sala bilmirdim.

Nəhayət ki, dayım işə qarışıb, məni bir dostunun rəhbərlik etdiyi idarəyə işə düzəltdi. Evdəkilər isə, onun zəhmi ilə hesablaşmağa məcbur oldular.

*******

Bir neçə gün idi ki, işə başlamışdım. Çox sevinirdim.

Hər gün həvəslə geyinib-keçinib idarəyə gedər, hətta, iş vaxtından tez kəsdirərdim qapının ağzını. İşlədiyim kollektiv də çox mehriban və əsasən gənclərdən ibarət idi. İki nişanlı qızla otaq yoldaşı idim.

Onlar sevdikləri oğlanlara gedəcəkdilər. İkisi də bəxtəvər… Hələ, mənə evlilik həyatı ilə bağlı suallar verirdilər tez-tez. Sanki, mənim əlim bala batmışdı.

İlk iş həftəmin dördüncü günü, yoldaşım rayonlardan birinə, dostunun toyuna getdi . Mən də həmin gün gecə, artıq səs-küy eşitməyim deyə, qulaqlarıma pambıq tıxayıb gecə düşməmişdən yatağıma girdim.

Cümə günü yuxudan durduğumda, evdə tamamilə bədbin bir ab-hava gördüm. Qayınanamın da, qayınatamın da simasında əsəbilik və yuxusuzluq hiss edirdim. Gecə nəsə olmuşdu.

Yoxsa, ərimin başına nəsə gəlmişdi? Mən də həyəcanlanaraq, tələsik sorğu-suala tutdum onları.

Sən demə, baldızım gecə evə gəlməmişdi.

Rəfiqəsinin ad gününə getmiş, gecə düşdükdə isə, anasına “mən burda gecələyəcəm” deyib, əl telefonunu söndürmüşdü. Qayınanamın isə, içində xınc qalmışdı. Səhərə qədər nə özü yata bilmiş, nə də ərinə yatmağa imkan vermişdi.

Zalımın qızı isə, hələ də telefonunu yandırmamışdı.

Rəfiqəsigilə yığanda da, “yorğundur, yatıb, oyada bilmərik” deyə cavab almışdılar. Bir daha yığdıqda isə, baldızım rəfiqəsi də telefonsöndürmə mərasiminə qoşulmuşdu. Bizimkilər isə, zəncir çeynəyirdilər!

Mən də narahat oldum. Tələsik “həyəcan siqnalı” bildirən bir qısa ismarıc yazdım ona.

Sonra isə, qaynanama ürək-dirək verib, heç nə yeməmiş işə tələsdim. Nahar da götürməmişdim özümlə. İdarəmizin yaxınlığındakı şirniyyat mağazasından bir-iki şey alıb yeyəcəkdim.

Binadan təzəcə çıxmışdım ki, baldızımdan zəng gəldi əl telefonuma. Demək ki, ismarıcımı almışdı.

- Vəziyyət elə pisdir evdə?

- Pis deyəndə ki… Yaxşı olar ki, tez gələsən evə.

- Ay qız, rəfiqəmgildəydim də!

- Vallah, onu mənə yox, anana deməlisən. Mən işə gedirəm. Çalış ki, sakit-sakit damarlarını tutasan… Atan da çox əsəbidir.

- Vaxsey! Di yaxşı, sağ ol. Artıq, uçuram evə!

Ani, dodağım qaçdı. Sanki, arvadxasiyyət qayınatam qayınanamdan da təhlükəli olmuşdu baldızım üçün. Onunla sağollaşıb avtobusa mindim. Qaldığım qəsəbədən “20 yanvar” metrostansiyasına 30 dəqiqəlik yoldur.

İş yerim isə, “28 may”ın yaxınlığındadır. Evdən işə qədər yol cəmi 1 saat vaxt aparır.

“20 yanvar”da da ki, iş günləri vaxtı hər səhər qələbəlik olur.

Bu gün də kütlənin içində sıxıla-sıxıla qatara minməli oldum.

Daha doğrusu, məni arxadan itələyən tələbələr mindirdilər qatara. Ətrafa “kəşfiyyat xarakteri” ilə ötəri göz gəzdirdim. Yerlər hamısı məşğul… Birdən, cavan bir oğlan yerindən qalxıb məni çağırdı.

Həmin tərəfə baxdıqda, qəfildən duruxdum. İlahi, necə də oxşayırdı ona! İlk sevgilimə!

Amma, bu oğlan çox yaraşıqlı idi. Dodaqaltı və çənəaltını çıxmaqla üzündə tükdən əsər-əlamət olmayan, kürən saçları arxaya daralı, son dəblə geyinən arıq və hündürboy bir oğlan idi. İlk sevgilimdən də hündür və cəlbedici! Göy gözləri adamı ovsunlayırdı.

Onu seyr edə-edə, boşaltdığı yerə yaxınlaşdım. Qələbəliyin arasında mənə yol vermək üçün kənara çəkildisə də, bir-birimizə sürtünməli olduq. Sinəm onun sinəsinə dəyərkən, əcaib bir fısıltı ilə məni süzdü.

Yox, yox, gözləri ilə yedi! Mən də özümü itirdim. Qızlıq çağlarıma qayıtdım bir anda. Sevgilimlə belə yaxın durarkən, üzümü onun sağ çiyninə yaxınlaşdırıb, qoxusunu içimə çəkərdim var gücümlə.

Qeyri-ixtiyari olaraq, bu oğlan da həmin sevdiyim şəxs imiş kimi, başımı ona tərəf uzatdım.

Mən onun sinəsindən idim. Köynəyindən gələn ətri içimə çəkdim. Eh!

Bu ki, qadın ətridir! Özü də, mənə çox tanışdır bu ətir. Baldızım həmişə bu ətirdən istifadə edir. Amma, oğlanın köynəyindən bu ətirlə qarışıq tər qoxusu da hiss olunurdu.

Dərin məyusluq içində, yerimə keçdim. O isə, qarşımda durdu.

Bayaqkından da ehtiraslı baxışlarla süzməyə başladı məni.

Mən də arada-bir baxırdım ona. Baxışlarımız toqquşurdu. Bir anlıq istədim ki, sol əlimi çantamın üzərinə qoyub, ona evli olduğumu nümayiş etdirim. Amma, üzüksüz əlimə baxdıqda, daha da məyus oldum.

Gecə hamamda qoymuşdum üzüyümü. Evə qayıdanda isə, üzüyü əlində “bayraq” edib az qala gözümə soxacaq qaynanama hesabat verməliydim.

Bu zalım oğlu isə, arsız-arsız məni süzəcəkdi hələ. Ondan qadın ətrini hiss etdikdən sonra, pis-pis fikirlərim yaranmışdı ona qarşı. Ani yaranan xəyallarımı, hətta, xatirələrimi belə alt-üst etdi bir anda bu ətir.

Görəsən, “mavi” idimi? Yox, onda “mavi”lik hiss olunmurdu. Gör, məni necə yanıq-yanıq süzür… Belə də “mavi” olar!?

Haradansa eşitmişdim ki, bu cür özünə yaraşıq verən və qadın ətri istifadə edən kişilərə “metrokseksual” deyirlər.

Dəqiq bilməsəm də, görməsəm də eşitmişdim. Baxmayaraq ki, mənim də əksər qadınlar kimi, səliqəli kişilərdən xoşum gəlir, belə hədsiz bəzənib-düzənənləri heç sevmirəm. Elə, əksər qadınlar kimi.

Bu oğlanın da “metroseksual” olduğunu düşündükcə və onu altdan-yuxarı süzdükcə, ikrah hissim oyanırdı.

Amma, yenə də süzürdük bir-birimizi. Sanki, indiyədək, nə o qadın görmüşdü, nə də mən kişi. Sadəcə, mənə maraqlı gəlmişdi bu “metroseksual” oğlan. Başqa heç nə!

Çatdıq “28”ə. Mən qatardan düşdüm, o da dalımca. Eskalatorlarda çox yaxın durmamışdı. Məndən arxada idi. Elə ki, stansiyada çölə çıxdım, özünü yetirib böyrümü kəsdirdi.

- Xanım, siz nəsə tanış gəlirsiz mənə…

Qəfil gülməyim gəldi. Məni “bişirmək” üçün məktəbli variantlarından yararlanmaq istəyirdi. Eyni sözləri bir də təkrarlayınca, daha dayana bilmədim

- Ha-ha-ha! Tanış gəlirəm? Hə, əlbəttə ki! Axı, biz 15 dəqiqədən çox eyni qatarda gəlmişik…

- Yox, onu demirəm. Ümumiyyətlə, hardasa, görmüşəm sizi… Mənim bir sinif yoldaşıma çox bənzəyirsiz ey…

- Cavan oğlan, kifayətdir! Bu tip variantları çox eşitmişəm. Tanış olmaq istəyirsizsə…

Oğlan sevindi son sözlərimdən. Tez sözümü kəsib, acizanə sima ilə “Ola bilərik?” sualını verdi. Mənsə, daha sərt bir sima alıb “Xeyr!” dedim. O daha da acizanə mimika ilə, lakin, israrla dil tökməyə başladı.

- Olaq da, nə olar? Axı, sizdən çox xoşum gəlir.

- Nə olsun ki!? Olmaz!

- Eee! Yaxşı da… Məgər pis nəsə istədim sizdən? Sadəcə tanış olmaq…

- Xeyr! Olmaz! Anlamadınız!? Deyirəm ki, ol-maz!

- Yaxşı da… Yaxşı! Olmaz, olmaz da…

Onun taleyi ilə barışıb uzaqlaşacağını gözləyirdim. Lakin, adı, ev və mobil telefon nömrələri yazılmış bir kiçik kağız parçasını uzadıb zorla əlimə dürtməyə çalışdı. Məni yenə də gülmək tutdu.

Deyəsən, əvvəlcədən “vizitka” kimi telefon nömrələrini kağızlara yazıb hər rastına çıxan qıza uzatmağa adət etmişdi.

O, mənim təbəssümümdən ürəkləndi daha da. Yumşaldığımı zənn edərək, yazıq simasından sırtıq bir mimikaya keçid aldı.

- Xanım, burda nə var ki!? Telefon nömrəmi götürün, istəsəniz zəng edərsiniz, istəməsəniz də ki…

Mən doğrudan yumşalmışdım demə! İçimdəki şeytan sağ əlimi tamamən açıb, onun “vizitka”sını ovcuma dürtməsinə şərait yaratdı.

O isə, sırtıqlıq və fərəhlə qarışıq yeni bir sima alaraq, “Xanım, görüşərik İnşallah” dedi və uzaqlaşdı.

Mən də qeyri-ixtiyari olaraq “İnşallah” dedim… Və bir neçə saniyə ərzində yerimdə dayanıb, bir məndən sürətlə uzaqlaşan “metroseksual”ı, bir də əlimdə kağızı seyr edirdim. Çox təzadlı duyğular keçirirdim.

İşdə də rahat buraxmadı məni bu tanışlıq hadisəsinin fikri.

Kompüterdə sənəd yığarkən belə, hey onu düşünürdüm.

Və bu an ağlıma həyat yoldaşım gəlirdi. Əvvəl ona xəyanət etmək kimi sərsəm fikirlər gəlirdisə ağlıma, sonradan öz-özümə “Yox, mən bu cür alçaq hərəkəti edə bilmərəm” deyib daşınırdım. Amma, o oğlanın surəti yenə də gəlib bitirdi gözlərimin qarşısında… Və sonda…

İradəm tab gətirmədi. Şeytana lənət oxuya-oxuya, yenə də təslim oldum.

Daha da sərsəm fikirlər keçirməyə başladım ağlımdan. Kompüterdə işimi saxlayıb, əllərimlə üzümü qucaqladım. Ovuclarımın içində, pıçıltı ilə bu sözləri deyirdim:

“Edəcəm. Mən onunla mütləq görüşəcəm! Qoy, bir-iki gün keçsin…

Guya, ərim mənə xəyanət eləmir!? Gəzəyənin yekəsidir. Əgər, elə olmasaydı, indi uşağa həsrət qalmazdıq… Eybi yox! Mən onu cəzalandıracam! Xəyanət edəcəm ona. Acığa!”

Artıq, tam qətiyyətlə bu fikirlərə qapılmış, hətta, yaxın günlərdə “metroseksual”la görüşmək üçün planlar cızmağa başlamışdım beynimdə. Məni onun bənzərindən ayıran, bununla yetinməyib övlada da həsrət qoyan lənətli taleyimdən… Qisas alacaqdım mən!

İşdən evə gedərkən, yolda, metroda, avtobusda…

Hər addımda yeni tanışımı düşünürdüm. Sanki, uzun illər idi tanıyırdım bu “metroseksual”ı. Fakt, bilirdim ki, o da “sakit” oğlan deyil. Bəlkə də, məndən sonra həmin gün 10 qıza yaxınlaşıb nömrələri yazılan kağız uzadıbmış. Amma, fərq etməz.

Mən artıq qərara almışdım. Ya axşam, ya da sabah gündüz zəng edəcəkdim ona.

Evdə boğucu bir sükut hökm sürürdü. Mənim gəlişimdən əvvəl, bir hangamə olmuşdu. Baldızımın üzü-gözü şişmiş, üzündə və qollarında qaynanamın silləsindən xəbər verən çəhrayı izlər peyda olmuşdu.

Lakin, mən gecikmişdim. Cəza mərasimi başa çatmış, hesabat da yalan-gerçək alınmışdı.

Əynimi dəyişdiyim zaman baldızım otağa daxil oldu.

Sözlü adam olduğu simasından sezilirdi. Həm də, bu gün o çox başqa cür görünürdü. Döyülməsinə baxmayaraq, bənizindən mənalı təbəssüm yağır, gözləri par-par parıldayırdı. Mən paltar şkafının qarşısında ev paltarımı geyinən vaxt, bir ayağını altına qoymaqla çarpayımda oturdu.

- Heç bilirsən, mən bu gecə kimlə olmuşam?

Bu “kimlə” sözü yaman tutdu məni. Axı, rəfiqəsinin doğum günündə olmalı idi. Deməli, nəsə başqa şey olub! Cəld əynimi geyinib ona yaxınlaşdım.

- İzah eləsən sevinərəm!

- Bu gecə sevdiyim oğlanla olmuşam. Bakirəliyimə də…

- Bəs anan, atan… Onlar necə olacaq?

- Anam hər şeyin üstünü özü açdı. Heyif! Rəfiqəmin anası ilə danışıb öyrənib… Amma, onu razı saldım dözməyə.

- Necə yəni razı saldın? Heç bilirsən, bu nə deməkdir? Bakirəliyin…

- Ay qız, nolsun ki! Evlənəcəyik də… Valideynləri Türkiyədədir. Ayın sonu gəlib, bütün məsələlərə əncam çəkəcəklər. Razılaşmışıq onunla.

Baldızımın şəxsi həyatı ilə bağlı birinci dəfədir nəsə eşidir və onu sorğu-sual edirdim. Tez-tez oğlanlarla telefonda çənə döydüyünü bilirdim. Amma…

- Evdəkilər nə deyir? Hər şeyi sakitcə danışıb həll elədin?

- Sakitcə alınmadı… Amma, nə deyəcəklər ey!? İş işdən keçib artıq. Məcburdurlar ki, səbr edib gözləsinlər. Oğlanla da görüşdürəcəm anamı bu yaxında. Ancaq, xahiş edirəm, qardaşıma bir kəlmə də deməyəsən ha!

- Yaxşı. Əgər valideynlərin bilirsə…

- Şəklini görmək istəyirsən? Elə yaraşıqlıdır ki…

Şalvarının cibindən əl telefonunu çıxarıb, “qalereya”nı qurdalamağa başladı. Məndə də maraq oyanmışdı. Gələcək qohumumuzu tanımaq istəyirdim. Şəkli tapıb göstərdi. Və… Sanki, bir vedrə qaynar su tökdülər başıma.

Bu, o idi. “Metroseksual” oğlan! Və o an, niyə oğlandan baldızım ətri gəlməsini də anladım.

Özümü itirdim. Nə deyəcəyimi bilmədim. Baldızıma busəhərki hadisəni danışmaq istədim. Lakin, onun mənə ailə qurcaqlarını düşündükdən sonra, çıxılmaz duruma düşdüm. İçimi yeyə-yeyə, “Maşallah, yaraşıqlıdır, əcəb yaraşırsız!” deyə həmsöhbət borcumu yerinə yetirdim.

O isə, bundan ruhlanaraq, telefonun displeyini dalbadal öpür, sanki, yanındaymış kimi, “Həyatım, mən səni çox sevirəm!” deyirdi. Çətin də olsa, bir neçə dəqiqə bu hərdəmxəyal mənzərəni sükutla seyr etməli oldum.

Süni təbəssümlə başını qatdığım baldızım seriala baxmaq üçün otağımı tərk etdikdə isə… Cəld çantama doğru sıçrayaraq, həmin oğlanın verdiyi kağızı çıxartdım. Əsəblə tikələdim əlimdə.

Və özümə söz verdim ki, bundan sonra, nə o, nə də başqası ilə heç bir münasibət yaşamayacam. Baldızımdan eşitdiyim xəbər alt-üst etmişdi bütün xəyallarımı. Şeytan da tərk eləmişdi məni. Mənimlə qalan tək vicdanım idi!

*******

Bu hadisənin üstündən bir aya yaxın vaxt keçdi. Bütün ailə elçi gözləyirdi. Hətta, ərim belə, bacısının istədiyi olduğundan xəbər tutmuşdu. Amma, elçi gəlmirdi ki, gəlmirdi! Heç qayınanamın oğlanla görüşü də baş tutmamışdı.

Günlərin bir günü isə… Hamama girdiyimdə, baldızımı damarları doğranmış halda tapdım. Yaxşı ki, özümü vaxtında yetirmişdim. Yaxşı ki, ülgücü dərindən sürtməmişdi. Təcili yardım çağırdıq. Qız xilas oldu.

Sən demə, hamiləymiş! Oğlan bundan xəbər tutan kimi yoxa çıxmışdı. Baldızım ancaq onun Türkiyəyə getməsini öyrənə bilmişdi. Onun qaldığı ev isə, kirə imiş. Heç kim, onun dəqiq koordinatlarını bilmirdi.

Ailə yasa batmışdı sanki. Yoldaşım da bütün olanlardan xəbər tutmuş, çox pərt və əsəbi hala düşmüşdü.

Əgər, mən onu saxlamasaydım, bəlkə də, bir gecənin içində doğrayardı bacısını. Uşağı itimək barədə düşünürdülər. Qayınanam həkim də tapmış və vaxt təyin etmişdilər abort üçün.

Mən isə, özümün illərlə uşağa həsrət qaldığım və qalacağım halda, bu cür uşaq qətli ilə barışa bilmirdi.

Ürəyim partlayırdı həyəcandan! Axır ki, bir gecə, öz qadın genlərimi işə salaraq, yoldaşımı dilə tuta bildim.

Razılaşdıq ki, mənim hamilə olduğum barədə dost-tanışa məlumat verək və baldızımın qarnı böyüdükdən sonra, üçlükdə başqa şəhərə gedək. Orda həkim işləyən qohumum var idi. Doğuşdan sonra isə, körpəni öz balamız kimi Bakıya gətirib, hamıya təqdim edəcəkdik.

Belə də etdik. Baldızımın kürən və göygözlü bir oğlu oldu. Nə ərim, nə də mən göygözlü olmasaq da, mənim kürənsaçlı olmağım ətrafdakı şübhələri az-çox dağıtmağa kömək etdi.

Uşağı çevrəmizə elə təmtəraqla təqdim etdik ki, özümüz də onun doğma övladımız olduğuna inanmağa başladıq.

Yoldaşım da çox öyrəşdi körpəyə. Aramızdakı soyuqluq da keçdi. Qayınanam da mənə qarşı həlim davranmağa başladı. Elə, indinin özündə də, mənə çox ağıllı bir gəlin olduğumu deyir tez-tez.

Biz övlad sarıdan xoşbəxt olduqsa da, baldızımın taleyi pisə doğru dəyişməyə başladı. Artıq, günlərini otağına qapanmaqla keçirirdi. Öz doğma övladını isə, qətiyyən görmək istımirdi.

Körpənin səsi gələn zaman, çox əsəbi olur və otağında qulaqlarını tutaraq ucadan çığırırdı.

Yoldaşımın qohumlarından biri baldızıma elçi düşdü. Qızın həyatı dəyişsin deyə, düşünmədən bu izdivaca razılıq verdi valideynləri. Özü də səssiz-səmirsiz razılaşdı.

Lakin… Toy gecəsi, onun bakirə olmadığı ərinə agah olandan sonra, qara günləri başladı yazığın. Oğlan onu geri qaytarmadısa da, başına qaxınc etdi bir ömürlük.

Üstündən neçə il keçməsinə baxmayaraq, hələ də, iki gündən bir hardasa içib-gəzib səhərə yaxın evə gəlir və zifah gecəsini yada salaraq yazığı vəhşicəsinə döyür.

Artıq, döyülməkdən zavallı baldızım havalı kimi olub. Ərindən bir qızı olsa da, ailələri çox uğursuz bir şəkildə başlayıb… Və belə də davam edir! Uşaq da anasının döyülməsini seyr edə-edə, mənəvi cəhətdən şikəst böyüyür.

Baldızım bədbəxt oldu, mən isə xoşbəxt. Təbii ki, əclaf “metroseksual”ın sayəsində!

Heç bilmirəm, buna görə Tanrıya şükür edim, ya…

Elə ki, şıltaq balamın təbəssümündən ruhlanıb əllərimi göyə qaldırıram, baldızımın o alçağa necə lənət yağdırması və əzablı ömür keçirməsi gəlir gözlərimin qarşısına.

Buna mənəvi haqqım yox imiş kimi, əlacsızca qollarımı yanıma salıram.

Artıq, neçə ildir ki, bu cür təzadlı duyğularla yaşayıram. Görəsən, Tanrı o “metroseksual”ı niyə göndərdi bizim həyatımıza!? Bu mükafat idi, yoxsa ki, bəla!?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG