Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:41

Yol qəzalarından necə qorunaq?


Aydın Xudiyev
Aydın Xudiyev
«Artıq yol təhlükəsizliyi, yol qəzalarındakı ölüm hadisələri dünyanın başqa təhlükələriylə -narkomaniya, AİDS, malyariya, ekologiyanın yaratdığı təhlükələrlə eyni səviyyədə qoyulur».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə İB-nin rəhbəri Aydın Xudiyev dedi.

Bu il martın 2-də müxtəlif konfranslardan, simpoziumlardan sonra BMT-nin dünyada yol təhlükəsizliyi ilə bağlı qətnamə qəbul etdiyini bildirən Aydın Xudiyev hələlik Azərbaycanda bu qətnamə ilə bağlı heç bir iş görülmədiyini dedi. «Azərbaycan bu məsələdə geridə qalıb. Biz hətta BMT-nin Azərbaycan nümayəndəliyinə elektron mesaj göndərdik. Heç bir cavab almadıq».

BMT-NİN XƏBƏRİ YOXDUR

Qətnamənin 10 illik bir dövrü əhatə etdiyini deyən İB rəhbəri müxtəlif ölkələrin bu qətnamə ilə bağlı fəaliyyətə keçdiklərini vurğuladı. «Amma mən BMT-nin nümayəndəliyinə telefon açdım. Xəbərləri olmadığını söylədilər. Təzəlikdə ora yeni rəhbər təyin olunub. Ümidimiz onadır».

5 ÖLKƏ QƏTNAMƏNİN İCRASINA BAŞLAYIB

Ancaq bundan sonra ölkənin dövlət qurumlarının bu qətnamə ilə bağlı işə başlayacağına ümid etdiyini deyən Aydın Xudiyev artıq Rusiyanın, Moldovanın, Gürcüstanın, Ermənistanın, Belorusun qətnaməni dövlət səviyyəsində həyata keçirməyə başladığını vurğuladı. Onun sözlərinə görə, qətnamədə çoxlu təkliflər var.

GÜCLÜ TƏBLİĞAT, MAARİFLƏNDİRMƏ LAZIMDIR

Aydın Xudiyev Dövlət Yol Polisinin qaydaları pozanlara qarşı gördüyü tədbirlərdən danışdı. «Ən birinci tədbir cərimələrin artırılmasıdır. Bu da nəticə vermir. Demək, güclü təbliğat, maarifləndirmə lazımdır. Uşaqların yol qaydalarına əməl etməsinə diqqət etmək gərəkdir».

İctimai Birlik olaraq bu işlə məşğul olduqlarını deyən Aydın Xudiyev fəaliyyətlərini genişləndirmək üçün BMT-nin məlum qətnaməsindən yararlanacaqlarına ümid edir. «İndiyə qədər gördüyümüz işləri şəxsi hesabımızdan maliyyələşdirmişik».

500 MİLYON AYRILIB

Verilişimizin qonağı iki beynəlxalq qurumun—Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Bankının bu işi gerçəkləşdirəcəyini də qeyd etdi. «Dünya Bankı 3-cü dövlətlərə 500 milyona qədər vəsait ayırıb və bu vəsait Ümumdünya Səhiyyə Təşkilatının vasitəsilə paylanacaq. Hansı ölkədə nəyə ehtiyac var öyrəniləcək».

AZƏRBAYCAN O SİYAHIDA YOXDUR

A.Xudiyevin sözlərinə görə, Azərbaycanı nədənsə problemli ölkə saymırlar. «Mən qatıldığım konfranslarda çıxış edirdim, iştirakçılarla görüşürdüm, deyirdim ki, bizdə də avtomobillər çoxdur, ölüm halları artır, niyə bizə diqqət ayırmırsınız? Suallarım cavabsız qalırdı».

BU BARƏDƏ TƏKLİFLƏRİMİZ, LAYİHƏLƏRİMİZ VAR

İndi məqsədlərinin Bakıda yol qəzalarında ölənlərin yaxınlarının Assosiasiyasını yaratmaq olduğunu deyən A.Xudiyev belə bir təcrübənin bəzi xarici ölkələrdə olduğunu da vurğuladı. BMT-nin hər il noyabrın üçüncü bazar gününü yol qəzalarında ölənlərin xatirə günü kimi qeyd etdiyini dedi. «Onunla bağlı şəhərdə buklet yaymaq fikrimiz var. Bukletlərimiz hazırdır. Dövlət Yol Polisini də xəbərdar edəcəyik».

RUSİYA VURULMUŞ AVTOMOBİLLƏRDƏN HEYKƏL DÜZƏLDİB

İctimai Birliyin rəhbəri hətta yol qəzalarında ölənlərin xatirəsinə heykəl də qoymaq planları olduğunu söylədi. «Rusiyada artıq belə heykəl var. Bu, əzilmiş, vurulmuş avtomobillərdən qurulmuş böyük bir heykəldir. Qoy baxanlara görk olsun».

--Aydin Xudiyev yol qəzalarını azaltmaq üçün daha hansı təkliflər verdi?
--Ölkə yollarının vəziyyəti barədə nələr söylədi?
--BMT-nin 10 illik Yol Qətnaməsini internetdən necə tapmaq olar?

XS
SM
MD
LG