Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:32

Rüşvət, get-gəl…


Bakı şəhər sakini Səmayə Fərhadovanın qızını 221 saylı orta məktəbin birinci sinfinə qəbul etmirlər. Valideyn deyir ki, səbəb tələb olunan 100 manat rüşvəti verməməyidir.

O, 221 saylı məktəbin direktorunun təhsil müəssisəsinin kandarındaca valideynlərdən rüşvət tələb etməsindən Təhsil Nazirliyinin «Qaynar Xətt»inə də müraciət edib.

Ancaq faydası yoxdur: övladını ərazi üzrə aid olduğu məktəbə yenə də qəbul etmirlər.

TƏHSİL İDARƏSİ VƏTƏNDAŞI HAQLI SAYMIR
Zəminə Əliqızı


Bakı Şəhəri Üzrə Baş Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Zəminə Əliqızı isə vətəndaşın şikayətini haqlı saymır.

Onun sözlərinə görə, son bir neçə ildə ölkədə birinci siniflərin təşkili ilə bağlı problem var. Problem son illərdə ailələrdə uşaqların sayının azalmasından qaynaqlanır:

«Direktorun birinci sinfə qəbul üçün valideyndən pul istəməsi absurddur. İndi birinci siniflərin formalaşdırılması bir sıra məktəblərin taleyini həll edir. Vətəndaş yaşadığı ərazi üzrə müraciət edib övladını istədiyi məktəbə yazdıra bilər».

«MƏNİ İŞDƏN QANUNSUZ KƏNARLAŞDIRIBLAR»


AzadlıqRadiosunun «Qaynar Xətt»inə müraciət edən Bakı şəhər sakini Zaur Nəcəfov əmək hüquqlarının pozulmasından və işsizlik müavinəti ala bilməməsindən şikayətçidir. 33 yaşlı Zaurun son iş yeri Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda olub. Kiçik elmi işçi kimi İnstitut öncə Zaur Nəcəfovla 3 aylıq müqavilə bağlayıb. Daha sonra isə müqavilə daha 3 ay uzadılıb. 6 ayın tamamında isə İnstitut onunla yeni müqavilə bağlamayıb və Zaur işsiz qalıb. İndi o, əmək hüquqlarını ölkə qanunları çərçivəsində müdafiə etməyə çalışır:

«Məni işdən qanunsuz olaraq kənarlaşdırıblar. Məhkəməyə müraciət etmişəm, hüquqlarımı bərpa etməyə çalışıram».

Cəmi 110 manat əmək haqqı aldığı iş yerini də itirən Zaur işsizlik müavinətini də ala bilmir. O yaşadığı ərazi üzrə Yasamal Rayon Məşğulluq Xidmətinə müraciət edib və ona 2010-cu ilin yanvarından 55 manat müavinət təyin olunub. Acaq 5 ay ötməsinə baxmayaraq Zaura 1 qəpik də ödənilməyib:

«Mənə deyirlər ki, büdcədə pul yoxdur. Neçə dəfə müraciət etmişəm, heç bir irəliləyiş yoxdur».

Sahib Məmmədov
Əmək hüquqlarını müdafiə Liqasının başçısı Sahib Məmmədov da məsələ ilə tanışdır. Onun sözlərinə görə, Azərbaycan reallığında vətəndaş öz haqlarını müdafiə üçün bundan artıq heç nə edə bilmir. Sahib Məmmədov deyir ki, dövlət öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və Zaura təyin olunan müavinəti mütləq ödəməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin başçısı Elnur Kələntərli isə deyir ki, işsizlərə müavinətlərin verilməsində ciddi problem yoxdur. Kimə təyin olunubsa, həmin şəxslər işsizlik müavinəti alır. Onun fikrincə, Zaurun problemi texniki məsələlərlə bağlı ola bilər. Məsələ araşdırılacaq və çözüləcək.



MAĞAZANIN TƏMİRİ NİYƏ BAŞ TUTMUR?


«Qaynar Xətt»in bir neçə həftə öncəki buraxılışlarından birində Gəncə şəhər sakini, YAP üzvü Siyasəddin Quliyevin İcra Hakimiyyəti ilə sənəd mübahisəsindən söz açmışdıq. Kəpəz Bələdiyyəsinin keçmiş üzvü Siyasəddin Quliyev Gəncə şəhər İH-nin Memarlıq Şöbəsinin onun uzun illər sahibi olduğu mağazasının təmir layihəsini imzalamamasından şikayətçi idi. Biz Gəncə İcra Hakimiyyətinin Memarlıq Şöbəsinə zəng vurmuşduq. Oradan bildirmişdilər ki, şikayətçinin iddiaları əsassızdır və bu layihə sahibkarın istəyinə uyğun həyata keçsə, ərazidəki 9 mərtəbəli binanın yolu bağlanacaq. Yenidən AzadlıqRadiosunun müraciət edən Siyasəddin Quliyev deyir ki, məsələ yolun bağlanmasında yox, onun Gəncədə işləyən qaydalara əməl etməməsindədir:

«Rüşvət vermirəm deyə, mənim mağazamın təmirinə icazə vermirlər. Mənim icarə müqaviləmdə yazılıb ki, ərazi mənim uzunmüddətli istifadəmdədir. Heydər Əliyev prospektindəki bütün mağazaları təmir etdiriblər. Mənim mağazam Xətai prospektindədir. Onun təmirinə imkan vermirlər».

- Digər sahibkarlar mağazalarının təmiri üçün necə icazə ala biliblər?

«Özləri bildirirlər ki, 150 min manat rüşvət veriblər».

Sahibkar deyir ki, icra hakimiyyətində vətəndaşların qanuni şikayətləri araşdırılmır. Kim rüşvət təklif edir, onun da sənədini imzalayırlar.

Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq İdarəsinin baş məsləhətçisi Telman Məmmədov isə deyir ki, Siyasəddin Quliyevin şikayəti əsassızdır. İcra hakimiyyətinin təmsilçisi rüşvət faktorunu da təkzib edir:

«Heç bir rüşvət faktından söhbət gedə bilməz. Siyasəddin Quliyev istifadəsində olan ərazinin hesabına mağazasını genişləndirmək istəyir. Ancaq əlində olan sənədlərlə onun buna hüququ çatmır. Həmin ərazi ticarət obyektinə çevrilsə, ərazidə yaşayanların yolu bağlanacaq. Buna imkan vermək olmaz».

GET... GƏL...


AzadlıqRadiosunun «Qaynar Xətt»inə zəng vuran Bakı sakini Sərdar Nəzər yazır ki, atası bir neçə ildir pasportunu itirib. Buna qədər isə atasının uzun illər qeydiyyatda olduğu mənzil satılıb. Ailə dövlət orqanlarının onları get-gələ salmasından şikayətçidir.

Sərdar Nəzər deyir ki, atası yaşlı və xəstə olsa da, pasportu olmadığından əmək pensiyası da ala bilmir. Şikayətçi soruşur ki, atası pasport almaq üçün hansı dövlət orqanına müraciət etməli və hansı sənədləri təqdim etməlidir.

Vəkil Mərdəli Süleymanlı deyir ki, vətəndaş yaşadığı ərazi qeydiyyat şöbəsinə müraciət etməli ilkin olaraq doğum haqqında şəhadətnaməsini əldə etməlidir. Doğum haqqında şəhadətnaməsinin surətini polis orqanlarına verib şəxsiyyət vəsiqəsi almalıdır. Bunun əsasında o digər sənədlərini də əldə edə bilər.

Buna da bax:

XS
SM
MD
LG