Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Şagirdlər məktəbi niyə tərk edir?


Gəncənin 22 saylı məktəbinin 9-cu sinfini bitirən Günay deyir ki, onun üçün son zəng çalınmayacaq.

O, bu il oxuduğu məktəbdən çıxıb sənədlərini texniki kollecə verəcək.

Məktəbi 9-cu sinifdən tərk edən təkcə Günay deyil. Onun sinif yoldaşları da, hətta məktəbdə paralel oxuduğu əksər şagirdlər də məktəbdən çıxır.

Gəncənin 2, 9 və 21 saylı təhsil ocaqlarında söhbətləşdiyim şagirdlər də kütləvi olaraq məktəblərini tərk etmələrinin müxtəlif səbəblərini danışırlar:

İMTAHANDAN QORXURLAR

«9-cu sinfi bu il bitirdim. İmtahanlar çox çətindir, ona görə sənədlərimi kollecə verəcəyəm. Bizim sinifdə hamı çıxır. Sinifdə 15 nəfər var, 13-ü çıxır kollecə gedir. Onlar da mənim kimi imtahanlardan qorxurlar. Pul yığırlar, şəhadətnaməyə 20 manat istədilər, verdik».

«9-dan çıxıb kollecə verəcəyəm işimi. Məcburam, təhsil çətinləşib. Oxumağa nə verirlər ey? Oxumaqla deyil. Bizim sinifdə hamı çıxır. 4 nəfər qalır. Məktəbimizdə 3 sinif var, 9-dan hamı çıxır, 19 nəfər qala, ya qalmaya».

«Bizim sinifdə 19 nəfər var, hamı çıxır».

«İstərdim məktəbi bitirim, amma çətinləşir imtahanlarımız ona görə də kollecə verəcəyəm».

- Bəlkə, siz oxumursunuz?

«Yox oxuyuruq, qiymətlərimiz yaxşı, müəllimlər razıdır».

«Sinifləri təmizlətdirməyə jurnallar gətirirlər. Biz heç yerdə işləmirik, amma onu verməyə borcluyuq».

SƏBƏB PEŞƏ TƏHSİLİNƏ MARAQDIR

Şagirdlərin bəziləri buraxılış imtahanlarının çətinliyində qorxduqlarını, bəziləri də pul verməkdən bezdiklərini deyirlər.

Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov da deyir ki, əvvəlki illərlə müqayisədə 9-cu sinifdən sənədlərini kollec və peşə məktəblərinə verənlərin sayı artıb. Səbəbi peşə təhsilinə marağın artması ilə bağlıdır. O ki qaldı imtahanlarda sualların çətinliyinə, İsmayıl İsmayılov deyir ki, ötən tədris ilində 450 şagird imtahandan keçməyib, yəni attestat almayıb.

«Keçən tədris ilində 3400-ə yaxın şagird məktəbi qurtarıb. Onlardan 85 faizi orta təhsil haqqında attestat aldılar. Keçən il 450-dən artıq məzunumuz attestat ala bilmədi. Bu il onlara imkan yaradılıb ki, 11 nömrəli məktəbdə mərkəzləşmiş qaydada ancaq kəsildikləri fəndən imtahan versinlər».

2 saylı məktəbdə müəllimə işləyən Vəsilə Ələkbərova da deyir ki, suallar keçilən dərslərdən salınır, sadəcə, uşaqların ümumi fənlərdən savadı azdır.

İMTAHAN SUALLARININ TƏRTİBATINDA PROBLEMLƏR

Vaxtilə təhsil naziri işləmiş Firudin Cəlilov isə deyir ki, suallar tərtib olunanda məktəblilərin yaş həddi və psixoloji durumları nəzərə alınmır, həddən artıq qəliz və çaşdırıcı suallar yazılır.

«İndi uşaqların elə yaş həddidir ki, onları sıxmaq olmaz. Psixoloji təzyiq eləmək olmaz. Suallar həddən artıq istiqamətverici qurulmalıdır. Tapmaca kimi yox. Amma sualları elə tərtib edirlər ki, həmin sahənin müəllimi də sual oxuyur, başa düşmür. Dolaşıq, çətin suallar salırlar. Testləri o vaxt gətirdik, xəta eləmədik ki? İndi ümumi hazırlığı yoxdur uşaqların».

Firudin Cəlilov deyir ki, valideynlər uşaqlarını rüşvətin olmadığı, savadlı müəllimlərin çalışdığı özəl məktəblərə, kolleclərə yönəldirlər.

Keçmiş təhsil naziri əlavə edir ki, təhsilə investisiya qoyulmasa, müəllimlərin maaşı artırılmasa, savadlı şagird tələb etmək mümkün deyil.
XS
SM
MD
LG